İqtisadi müstəqillik uğurun təməl daşıdır

 

İlham Əliyevin reallaşdırdığı islahatlarla Azərbaycan istənilən böhrana, iqtisadi tənəzzülə qarşı hərtərəfli mübarizə aparır

 

 

 

Dünya iqtisadiyyatı postböhran dövründə getdikcə daha da tənəzzülə uğramaqdadır. Hələ iki il öncə, qlobal pandemiya dövründə dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirdilər ki, iqtisadiyyatın tənəzzülü səbəbindən qarşıdakı illərdə yaşana biləcək böhran 2008-2009-cu illərdəkindən daha da ağır olacaq. Günümüzün reallığı deyilənlərin təsdiqləndiyini göstərir. Neftin qiyməti bahalaşsa da, iqtisadiyyatda mənfi meyillər getdikcə artır.

Bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev də bu məsələyə toxunaraq vurğuladı ki, hər zamankı kimi problemə qarşı hazırlıq görməli, qabaqlayıcı tədbirlər reallaşdırılmalıdır: "Çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Bizbuna hazır olmalıyıq".

 

 

Dayanıqlı iqtisadiyyatın yaratdığı reallıq

 

 

Hazırda dünya iqtisadiyyatında ciddi bir durğunluq yaşanır. İqtisadi ekspertlərin fikrincə, bu durğunluq gələcəkdə çox yüksək bir iqtisadi böhran yarada bilər.

Əlbəttə ki, bunun bir sıra səbəbləri var. Onlardan biri COVID-19 pandemiyasına görə istehsalın dayanmasıdır ki, bu da nəticə etibarilə sahibkarlıq subyektlərinin fəaliyyətini ciddi şəkildə zərərə uğradıb. Digər tərəfdən isə səbəb ölkələrdə düzgün aparılmayan iqtisadi siyasətdir. Bu amillər böhranı tətikləyən əsas istiqamətlərdəndir.

Hər bir ölkə kimi dünyanın bir parçası olan Azərbaycana da bu böhranın müəyyən təsirləri ola bilər. Lakin Azərbaycan iqtisadiyyatının dayanıqlılığı onu deməyə imkan verir ki, ölkəmiz bu böhrandan da ciddi şəkildə təsirlənməyəcək.

Prezidentin söylədiyi kimi, böhrana qarşı hər zamankı kimi vaxtında tədbir görülməlidir. Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadi müstəqillik əsas şərtdir. Yəni iqtisadi müstəqillik olmasa, bu proseslərin həyata keçirilməsi qeyri-mümkündür.

Azərbaycan isə artıq həm siyasi, həm də iqtisadi müstəqilliyə sahib ölkədir və əldə edilən uğurlar da, əlbəttə ki, bunun göstəricisidir. İqtisadi müstəqillik nəticəsində Azərbaycanın dövlət büdcəsi hər ötən il böyüməkdədir. Yəni, büdcənin böyüməsi təkcə neftin qiymətinin artması nəticəsində reallaşmır. Bu, İlham Əliyevin həyata keçirdiyi dürüstləşmə siyasəti və eyni zamanda reallaşdırdığı islahatlar nəticəsində mümkün olub.

Bəs, Azərbaycan iqtisadiyyatında artım necə baş verir?

İlham Əliyev buna aydınlıq gətirərək vurğuladı ki, iqtisadi sahədə aparılan islahatların nəticəsi kimi təkcə 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb. Eyni zamanda iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı da bu prosesin tərkib hissəsidir. Hər iki istiqamət üzrə müsbət nəticələr mövcuddur. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində istehsal 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Bütün bunlar isə maaşların, pensiyaların artırılmasına imkan yaradır. Məhz bu reallıq fonunda əhalinin gəlirləri təxminən 20 faiz artıb.

Bununla yanaşı, Azərbaycanın xarici ticarəti də böyük dərəcədə - 70 faizdən çox artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu

 

6 ayda 12,1 milyard dollar olub.

 

Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər. Keçən il iyulun 1-də ölkəmizin xarici dövlət borcu ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən müsbət nəticələrdən biri sayılır. Bu il iyulun 1-də əsasən xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Bunun səbəbi də bəllidir. Dövlət xarici borc almır və ya əvvəlcədən alınmış kreditlər qaytarılır. Digər reallıq isə iqtisadiyyatın, ümumi daxili məhsulun artmasıdır. Bunlar artdıqca, təbii ki, borcun nisbəti də azalır.

Prezident müqayisə üçün inkişaf etmiş ölkələrin iqtisadiyyatını misal gətirərək vurğuladı ki, bəzi dövlətlərdə xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma Azərbaycanda bu, 10 faizdir. Bu isə o deməkdir ki, dövlət xarici borcun yığılıb qalması yox, ödənilməsi siyasətini üstün tutur.

 

 

 

Dünya Azərbaycanın iqtisadi qüdrətinə şahidlik edir

 

 

Hazırda Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur, nəqliyyat, energetika layihələri icra edilir, sabitlik, əmin-amanlıq yaşanır.

Azərbaycanın iqtisadi qüdrətinə şahidlik edən dünya birliyinə bir daha bəlli olur ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin təminatçısıdır. Azərbaycan öz gücünə, heç kimdən borc almadan Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş layihələr reallaşdırır.

İlham Əliyev də bu məsələyə toxunaraq dedi: "Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmüryaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır".

Bütün bu uğurları pandemiyadan təzə çıxmış ölkə əldə edir. İki il öncə iki cəbhədə savaşan Azərbaycan hər ikisindən də qalib ayrılaraq dünyaya qüdrətini, iqtisadi imkanlarını bir daha nümayiş etdirdi. Bu gün dünya Azərbaycanın iqtisadi qüdrətinin nəyə qadir olduğunu görür.

Bir sözlə, iqtisadi sahədə inkişaf son altı ayda görülmüş işlərin, aparılan islahatların nəticəsidir və bu nəticələr, bu rəqəmlər deməyə əsas verir ki, ilin sonuna qədər də nəzərdə tutulmuş bütün planlar reallaşacaq. Qazanılan nailiyyətlər dünyada iqtisadi tənəzzülə, yüksək inflyasiyaya baxmayaraq, Azərbaycanın xarici təhdidlərə qarşı uğurlu mübarizə apardığının real göstəricisidir.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 22 iyul.- S.1-2.