Aİ ilə enerji
sahəsində əməkdaşlıq bu
gün daha mühüm əhəmiyyət kəsb edir
İndi
enerji təhlükəsizliyi qlobal gündəlikdəki ən
vacib məsələlərdəndir
"Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması ölkəmiz və Avropa İttifaqının ( Aİ) bu sahədə yeni, daha geniş əməkdaşlığının başlandığından xəbər verir. Enerji sahəsində əməkdaşlıq hər zaman gündəlikdə üstün yer tutub və nəticədə mühüm nailiyyətlər əldə olunub. İndi isə bu məsələ əvvəlkindən də vacib əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, cari ilin iyul ayının 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen sözügedən sənədin imzalanması ilə bağlı mətbuata bəyanatla çıxış ediblər. Dövlətimizin başçısı bəyanatında deyib: "Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə "Cənub qaz dəhlizi" ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik".
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən sonra "Şahdəniz" qazını nəql edən Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Xəzərin Azərbaycan sektorundan çıxarılan mavi yanacaq 2006-cı ildə Gürcüstana, 2007-ci ildə Türkiyəyə çatdırıldı və bununla ölkəmiz dünyada artıq həm də qaz ixracatçısı kimi tanındı.
Daha sonra Azərbaycan qazının ixracını şaxələndirən 3500 kilometrlik "Cənub qaz qəhlizi" gerçəkləşdi. Layihənin dörd seqmenti bir-birinin ardınca işə salındı. "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində hasilata başlandı. Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək qazı Türkiyə sərhədinədək gətirən Cənubi Qafqaz Boru Kəməri genişləndirildi. Türkiyənin ərazisi ilə 1850 kilometr məsafə boyu uzanan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) çəkildi. Dəhlizin sonuncu hissəsi olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri isə Yunanıstanın, Albaniyanın ərazisi və Adriatik dənizinin altı ilə təbii qazımızı Avropa qitəsinə nəql edir. Artıq bir il yarımdan çoxdur TAP Azərbaycan qazını İtaliyaya çatdırır. Bu günlərdə istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) növbəti illərdə "Cənub qaz dəhlizi"nin genişləndirilməsi istiqamətində yeni layihələrin müjdəçisidir. Məsələn, gələn ildən başlayaraq Serbiya Azərbaycan təbii qazını idxal etməyi nəzərdə tutur.
Bütün bunlar göstərir ki, indi enerji təhlükəsizliyinə aid məsələlər birmənalı olaraq qlobal gündəlikdə ən üstün məsələlərdən biridir. Həmin səbəbdən də Azərbaycanın başladığı, Avropa İttifaqı və digər tərəfdaşlarımız tərəfindən dəstəklənən, Avropanın enerji xəritəsini dəyişən qlobal layihələrimiz xüsusi önəm daşıyır.
Təsadüfi
deyil ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der
Lyayen imzalanan Anlaşma Memorandumunun üç məqamını
vurğulayıb. Birincisi, Azərbaycandan Avropa
İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracaqlarını, bu
sənəd vasitəsilə "Cənub qaz
dəhlizi"nin genişləndirilməsi ilə bağlı
öhdəlik götürdüklərini bildirib.
Qeyd olunub ki, bu, Avropa
İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun
vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Bir neçə il ərzində xəttin ötürücülük
imkanı 20 milyard kubmetrə
çatdırılacaq. Gələn ildən 12 milyard kubmetr göstəriciyə
nail olunacaq.
İkinci mühüm məqam isə bərpaolunan enerji ilə bağlıdır. Avropa Komissiyasının Prezidenti Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olduğunu vurğulayıb və xüsusilə dənizin külək enerjisini və "yaşıl" hidrogeni qeyd edib: "İmzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir. Bizim memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur".
Bir sözlə, bu il Azərbaycan və Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan geniş enerji dialoquna başlanıb. Göründüyü kimi, ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Artıq külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə start verilib. Bərpaolunan enerji potensialı ilə bağlı ilkin qiymətləndirmə də aparılıb.
Məlum olduğu kimi, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizi "yaşıl enerji" zonası elan edib. Burada günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 meqavata bərabərdir. Dövlət başçısı bunları bir daha xatırladaraq demişdir: "Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir".
Flora SADIQLI,
Azərbaycan.-2022.- 22 iyul.- S.7.