90 yaşlı "Aran"

 

 

Ağcabədi rayonunun ictimai-siyasi mətbu orqanı olan "Aran" qəzetinin nəşrə başlamasından 90 il ötür. 1932-ci ildə "Ağcabədi pambıqçısı" adı ilə fəaliyyətə başlayan qəzet 1966-1990-cı illərdə "Sürət" adı ilə nəşr edilmişdir. 1990-cı ildən etibarən isə "Aran" adı ilə çap olunur.

Bütün bölgə qəzetləri kimi ağır sınaqlardan, çətinliklərdən keçən "Aran" uzun illər ayda bir dəfə olmaqla 400-500 tirajla çap edilmişdir. Amma Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və köməyi ilə 2020-ci ildən başlayaraq qəzet 1500, 2021-ci ilin yanvar ayından iyul ayınadək 2600, iyul ayından etibarən isə 3000 tirajla həftədə 2 dəfə çap olunur. Bu dövrilik qəzetin rayonun ictimai-siyasisosial-iqtisadi həyatının bütün sahələrini operativ işıqlandırmasına imkan verib.

Qəzetdə həmçinin Ağcabədinin tanınmış şəxsləri, tarixi haqqında araşdırma yazılar, şəhidlərimiz, qazilərimiz haqqında məqalələr, Prezidentin çıxışları, bəyanatları, səfərləri ilə bağlı rayon sakinlərinin fikirləri verilir. Onu da qeyd edək ki, keçən ilin yanvar ayından qəzetin saytının (www.aranqazeti.az), noyabrından isə "Aran Ağcabədi" internet televiziyasının fəaliyyətə başlaması rayonun həyatında baş verən yeniliklərin, keçirilən tədbirlərin daha ətraflı və operativ şəkildə izləyicilərə təqdim olunmasına imkan yaratmışdır. Folklorumuzla, istedadlı gənclərimizlə, mədəniyyətimizlə bağlı verilişləri, studiyamıza dəvət olunan qonaqlarla aparılan söhbətləri, vətənpərvərlik mövzusunda hazırlanan reportajları tamaşaçılar böyük maraqla izləyirlər.

Qəzetimiz 90 il ərzində öz nüfuzunu qoruyub saxlamağı bacarmış, çətinliklərə sinə gərərək yaşamışdır. Hazırda burada zəhmətkeş, işgüzar jurnalist kollektivi çalışır. Bu kollektivə arxalanan "Aran"ın qarşıya qoyduğu əsas vəzifə oxucu auditoriyasını genişləndirmək, ona doğru, qərəzsiz xəbərlər çatdırmaq, bölgə mətbuatının dirçəldilməsində nümunə olmaqdır.

Hazırda qəzetdə 90 illik yubileylə bağlı silsilə yazılar dərc olunur. Əvvəlki redaktorlarımız, əməkdaşlarımız haqqında məlumatlar, xatirələr, müsahibələr,  bu illər ərzində qəzetlə bağlı baş verən maraqlı hadisələr toplanaraq "Aran-90 il" rubrikası altında oxuculara təqdim edilir. Eyni zamanda yubileylə əlaqədar kitab da hazırlanır ki, bu da qəzetin fəaliyyəti, redaktorları, digər əməkdaşları haqqında məlumatların artıq dağınıq halda yox, bir kitab şəklində cəmləşməsinə imkan yaradacaq.

 

Məhsəti MUSA,

Ağcabədidə çıxan "Aran" qəzetinin redaktoru

Azərbaycan.-2022.- 22 iyul.- S.4.