Naftalanda Milli Mətbuat Günü ilə bağlı media nümayəndələri ilə görüş keçirilib

 

Naftalanda Milli mətbuatın 147-ci ildönümü ilə əlaqədar bir qrup media nümayəndəsi ilə görüş keçirilib. Şəhər rəhbərliyinin təşəbbüsü ilə keçirilən görüş Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının, həmçinin şəhid jurnalistlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycanda milli mətbuatın yaranmasından, şərəfli inkişaf tarixindən danışmışdır. Mətbuatımızın Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, milli həmrəyliyin möhkəmlənməsində, mənəvi dəyərlərin qorunması və təbliğindəki rolundan danışan V.Novruzov tariximizə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsində KİV nümayəndələrinin fədakarlıqlarından söz açmışdır.

Media nümayəndələri Milli Mətbuat Gününün dövlət səviyyəsində qeyd edilməsinə, Prezident İlham Əliyevin mətbuat nümayəndələrinin əməyinə verdiyi yüksək qiymətə və Naftalandakı  səmimi görüşə görə minnətdarlıqlarını bildirmişlər.

Sonda mətbuat nümayəndələrinə, o cümlədən "Azərbaycan" qəzetinin bölgə müxbirinə şəhər icra hakimiyyəti  tərəfindən Fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur. Çay süfrəsi arxasında səmimi söhbətdən sonra xatirə şəkli çəkdirilmişdir.

 

 Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 22 iyul.- S.4.