Həsən bəy Zərdabinin millət sevgisi

 

 

Hər bir xalqın taleyində, mədəniyyətində, iqtisadiyyatında, hərb sahəsində və memarlığında bir şəxsiyyət amili iz qoyduğu kimi, Azərbaycan xalqının da zaman-zaman taleyüklü məsələlərində uzaqgörən, bütün ruhuyla millətinin daşıyıcısı hesab olunan simaların ümdə rol oynaması tarixi həqiqətdir.

Azərbaycan mədəniyyətinə, maarifçiliyinə və xeyriyyəçiliyinə xüsusi töhfə vermiş, yaradıcı ziyalı, ədib-nasir, publisist-jurnalistalim kimi şöhrət tapmış, son nəfəsinə kimi xalqına şərəflə, sədaqətlə xidmət etmiş Həsən bəy Zərdabi də tarixin daş yaddaşına çevrilmiş görkəmli şəxsiyyətdir.

Rus istilasının ən aqressiv, amansız vaxtlarında millətin ayılması, maarifləndirilməsi vacib proses idibu yolda bir addım belə atanların qarşısına sədlər çəkilir, millət, torpaq ürəkli övladların haqq sözü deməsi, doğru yol göstərməsi müxtəlif bəhanələrlə yasaqlanırdı.

1920-ci illərə qədər Tiflis şəhəri bir mədəniyyət mərkəzi kimi Qafqaz xalqlarını öz qoynuna almışdı. Həmin dövrlərdə Azərbaycanın görkəmli sənətçiləri, hərbçiləri və yazıçıları bu şəhərdə fəaliyyət göstərirdilər. Müxtəlif zaman kəsiyində torpağımızın işıqlı sabahının carçıları olan övladları harada yaşamalarından asılı olmayaraq övladlıq borclarını öz əməlləri və yaradıcılıqları ilə ödəməyə çalışırdılar... Həmin dövrün özünəməxsus çətinlikləri olsa da, Azərbaycan-türk ruhunu qanlarında daşıyan millət fədailəri böyük inamla xalqın mənsub olduğu, millətin mənəvi yükünün daşıyıcıları, vahid amal uğrunda bir-birinə dəstək olmağa çalışır, böyük islahatlara can atırdılar. Bu həmin zaman idi ki, Azərbaycan satirik poeziyasının parlaq yaradıcısı M.Ə.Sabir "Qərblilər göydə balonlarda gəzir, biz hələ avtomobil minməyiriz" deyirdi. Maarifpərvər şair M.Hadi də ürək yanğısıyla "Yox millətimin imzası imzalar içində" hayqırtısı ilə car çəkirdi.

Xeyli əvvəllər millətimizin mətbuat bayrağını ilkin qaldıran H.B.Zərdabi mətbuatımızın qaranquşu - müjdə gətirəni "Əkinçi"ni yaratmışdı. Maddi və mənəvi çətinliklərlə üzləşən bu qəzet Azərbaycan mədəniyyətində misilsiz rol oynamaqla maarifçilik işində önəm kəsb etdi. Min bir zəhmət sayəsində "Əkinçi"nin yaşamasına, yayılmasına çalışan H.B.Zərdabi - xalqımızın hünərvər övladı kimi əsl fədakarlıq göstərdi.

Böyük vətəndaş, qanı millət sevgisiylə axan, bütün varlığını nümayəndəsi olduğu xalqın maariflənməsinə, elmi tərəqqisinə, mədəniyyətinin yüksəlməsinə həsr edən H.B.Zərdabi "Əkinçi"ni yaşatmaq, bu ilk mətbu orqanla millətin dərd-sərini, arzu və istəklərini ifadə etməyə çalışırdı. Lakin maddi dayaq, ehtiyat olmadığından bu böyük şəxsiyyət qəzeti çap etdirmək üçün İrəvana, Naxçıvana səyahətə çıxır. Uzun bir coğrafi məsafə və bu yerlərdə, məkanlarda qəzetə ianə-abunə toplamaq istəyir. Xalq dili ilə desək: əli ətəyindən uzun qayıdır.

Yüksək mənəviyyat sahibi olan, xalqının övladlarına işıqlı yol göstərməyə çalışan bu fədakar insan istədiklərinə qismən də olsa nail olur, canından çox sevdiyi millətinin yolunda öz ömrünü şam kimi əridir. Çəkdiyi əzabların əvəzində bir təsəlli olur: mən nəsə elədim. Böyük ədibimiz istər Dumada olduğu vaxt, istərsə də olmadığı zamanlarda xalqının elçisi-vəkili-deputatı kimi mühüm vəzifə daşımışdır . Həmin zamanlarda bir erməni adamı, Dumada Bakıya su çəkilişi məsələsini həll etməyə çalışır. Onun məqsədi pul qazanmaq və Bakı ətrafından içməyə belə yararlı olmayan su çəkməklə əhalinin sağlamlığına zərər vurmaq idi. Erməninin bu təklifinin əleyhinə çıxan H.B.Zərdabi böyük ürəkli Hacı Zeynalabdini içməli suyun dağlardan çəkilməsinə ruhlandırır. Elə bu günümüzün özündə də məşhur şollar suyu, Bakının əsas təmiz, içməli suyudur.

Bir millətin iki böyük ürəkli övladı olan H.B.Zərdabi və Hacı Zeynalabdin məslək, əqidə yoldaşı olmuş, əməli işlərdə birlikdə düşünüb, ölçüb-biçib müsbət nəticəli qərara gəlmişlər. H.B.Zərdabinin açdığı Qızlar məktəbinin də maddi dəstəkçisi Hacı Zeynalabdin olmuşdur. H.B.Zərdabinin Nigar, Həcər timsallı həyat yoldaşı Hənifə xanım belə bir həssas məqamlı xatirə yazıb: "Bir gün Hacı Zeynalabdin ilə H.B.Zərdabi görüşüb Qızlar Gimnaziyasına getməli olurlar. Burada əsas məqsəd qızlara verilən yeməklərin keyfiyyətini öyrənmək idi. Yoxlama nəticəsində məlum olur ki, qızlara verilən ət xörəkləri dişi qoyun ətindən imiş. Hacı Zeynalabdin aşbaza tapşırıbmış ki, dişi heyvan əti alma, yalnız erkək ətləri al. Çünki erkək heyvanın əti daha çox kalorili və faydalıdır. Məktəbli qızların sağlamlığı üçün nəzərdə tutulurdu. Həmin yoxlamadan sonra Hacı Zeynalabdin aşbazı işdən azad edir..."

H.B.Zərdabi bir ziyalı, alim kimi deyil, öz imkanı sayəsində də əsl xeyriyyəçi idi. Bu böyük, əvəzolunmaz şəxsiyyətin əməlindən bir epizodu da Hənifə xanımın dilindən eşidək: "H.B.Zərdabi Qubadan bizə pənah gətirən bir cavan oğlana evimizdə otaq ayırdı və onun hüquq sahəsində təhsil almasına şərait yaratdı. Bu minvalla o, 15 il bizdə qalaraq hüquq üzrə mütəxəssis oldu..."

H.B.Zərdabi xalqımızın, torpağımızın təbiətcə, şəxsiyyətcə bir insan, vətəndaş və türk övladı, zamanına görə bənzəri, oxşarı olmayan oğlu desək, vicdanımıza verəcəyimiz mənəvi hesabatda haqlı olarıq. Millət asidi, özü boyda bir mənəviyyat, alicənablıq, xeyirxahlıq simvolu olmaq H.B.Zərdabinin tale yazısıdır. Özünün bütün mənəvi və maddi imkanlarını xalqının maariflənməsinə həsr edən bu böyük insan cəmiyyətin bünövrəsinin möhkəmliyinin maarifçiliklə mümkünlüyünü anladıqdan sonra bütün varlığı ilə həyatını bu sahəyə həsr edib.

H.B.Zərdabi mətbuatın, qəzetçiliyin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildiyindən "Əkinçi" qəzetini yaratdı. İki il ömrü olan bu mətbu orqan zaman-zaman sinəsindən od püskürən Yanardağımız kimi xalqın ürəyindəki inam ocağını alovlandırdı. Böyük vətəndaş, xalqını qəlbən, bütün varlığı ilə sevən H.B.Zərdabi zəka yoluna işıq salan bənzərsiz insan idi və taleyinə də bir Yanardağ qisməti düşmüşdü. Bu məqamda dahi türk şairi Nazim Hikmətin:

 

 

Mən yanmasam,

Sən yanmasan,

Biz yanmasaq,

Necə çıxar

Qaranlıqlar aydınlığa.

 

 

misraları H.B.Zərdabi kimi övladların boyuna, ömür yoluna biçilmiş sözlərdir, özündə bir vətən eşqi ifadə edir.

H.B.Zərdabinin qarşısını ovaxtkı çar üsuli-idarəsi alsa da, o, yenə də bir çıxış yolu tapırdı. Dostu Hacı Zeynalabdinin xeyriyyəçiliyini maarifçiliklə əlaqələndirirdi. Hacı Zeynalabdin çox böyük ürəklə, səmimiyyətlə Həsən bəyi eşidirdi. O, bu yolda böyük sərmayələr qoysa da, dostu Həsən bəyə minnətdar idi...

Ümumilikdə H.B.Zərdabinin ömür yoluna baxsaq, onun həyat və fəaliyyəti çoxşaxəli olmuşdur. Bir qəzetçi kimi tanıdığımız H.B.Zərdabi həm də torpaqşünas alim idi. O, torpağın "dilini" anasının dili kimi bilirdi. Təkcə Bakı Qızlar Məktəbini açması o zaman üçün böyük hadisə idi. Elmin neçə-neçə sahəsini mükəmməl bilsə də, bütün elmlərin qapısının açarını maarifçilikdə, təhsildə görürdü. Eyni zamanda bu sahədə çətinliyi olan tələbələri öz övladı kimi evində saxlayır, qayğılarına qalırdı.

Mədəniyyətimizin bir əsas qolu da incəsənətimizdir. H.B.Zərdabi mətbuat sahəsində ustad naşir, jurnalist olmaqla yanaşı, ədəbiyyatşünaslıq sahəsini də gözəl bilirdi. Teatra böyük maraq göstərirdi. O, "Kaspi" qəzeti redaksiyasında işləyəndə Ü.Hacıbəylinin musiqiyə olan böyük həvəsini görüb demişdi: - Oğlum, sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar. Birinci Azərbaycan operasına baxmağı çox arzulasa da, bu, ona qismət olmadı. Onun həyatdan köçməsindən az sonra, "Leyli və Məcnun" operası tamaşaya qoyuldu...

Dövrünün alimi, filosofu H.B.Zərdabinin ictimai-siyasi fəaliyyəti onun həyatında mühüm yer tutur. Dumada müxtəlif məsələlərin müzakirəsi zamanı, xalqının taleyüklü məsələlərində öz mövqeyini açıq bildirərək, görüləcək işlərin doğru səmtə istiqamətlənməsi üçün fikir və mülahizələrini, məntiqə söykənən haqlı iradlarını deməkdən çəkinməmişdir.

Böyük mütəfəkkirin yazıçı nüfuzu çox olduğundan, çar çinovnikləri onun fəaliyyət dairəsini kiçiltmək üçün maneçilik törədirdilər. "Əkinçi" qəzetinin bağlanması da bu səbəbdən idi və həmin vaxt o, doğulduğu kəndə qayıdaraq, öz ideya-məramlarını həyata keçirmək üçün maddi mənbələr, yollar axtarırdı...

O zaman başqa ölkələrlə əlaqələr geniş olmasa da, H.B.Zərdabi Qərbdə və Rusiyada, Kazanda, İranda çıxan bir sıra mətbuat orqanları ilə yazışmalar aparır, əlaqə saxlayır, dünyada gedən siyasi, mədəni xəbərləri, yenilikləri izləyirdi.

Professor, ədəbiyyatşünas Nazim Axundov öz elmi-bədii araşdırmalarında Azərbaycan satirik jurnallarının tatar və Orta Asiya xalqlarının mətbuatının təsirindən danışarkən "Əkinçi"ni nümunə kimi göstərmişdir. O, tatar mətbuatşünası İsmayıl Rəmiyevin "Vaqtlı tatar mətbuatı" (1905-1925) kitabına istinadən yazır: "Müəllif tatar mətbuatının yaranması və inkişafı haqqında düzgün təsəvvür yaratmaq üçün buraya Azərbaycan mətbuatı haqqında xeyli məlumat əlavə etmişdir. Müəllif yazır ki, "Əkinçi" qəzeti bütün türk-tatar xalqlarının mətbuatının inkişafına böyük başlanğıcdır".

1899-cu ildə Kazan şəhərində maarifçi, imkanlı xanım Akçurina həmfikiri olan Hənifə xanım Məlikovanın məktəblilər üçün yazdığı dərs vəsaitini - "Tərğub" adlı kitabını öz hesabına nəşr etdirmişdir. Qeyd etməliyik ki, XIX əsrin 70-ci illərində Daşkənddə nəşr olunan "Türküstanskiye vedomosti"yə əlavə kimi buraxılan "Türküstan vilayətinin qəzeti" ilə, "Əkinçi" qəzeti redaksiyası əlaqə saxlayırdı. Baxçasarayda çıxan "Tərcüman" qəzeti Zərdabiyə bir müəllim, bir ustad kimi baxırdı. Həsən bəy "Tərcüman"ın nəşrinə sevinir, maarifçiliyin inkişafı sahəsindəki xidmətləri alqışlayırdı. H.B.Zərdabi "Tərcüman"ı "Əkinçi"nin yetişdirməsi hesab edirdi.

H.B.Zərdabinin ölkə hüdudlarından kənarda şöhrətlənməsi, bir ədib kimi sevilməsi, onun böyük ideyalar uğrunda ömür sərf etməsi, Rusiyada ilk türk qəzetini yaratması, Azərbaycan xeyriyyəçiliyini yayması, teatrın əsasını qoyması geniş ictimai fəaliyyəti ilə bağlıdır. Xalqımızın fikir inkişafında və Rusiya məkanında yaşayan türklərin intibahında H.B.Zərdabinin özünəməxsus mövqeyi, xidməti xüsusi yer tutur.

1872-ci ildən Azərbaycanda ilk "Xeyriyyə Cəmiyyəti"nin əsasını qoyan Zərdabi 1873-cü ildə müəllimi olduğu gimnaziyada M.F.Axundzadənin "Hacı Qara" komediyasının tamaşasının təşkilatçısı olur və məhz bu tamaşa ilə də Azərbaycan milli teatrının əsası qoyulur. "Əkinçi" qəzeti milli mətbuat sahəsində ilk dəfə bədii əsərlər çap edir. Dramaturgiya və nəsrə nisbətən arxada qalan şeirə, xüsusən satirik şeirin nümunələrinə öz səhifələrində yer verir. Bütün bunlarla yanaşı, H.B.Zərdabi el mahnılarının yazılı mətni olan şeirləri toplayıb 1902-ci ildə "Türk nəğmələri məcmuəsi" adı ilə çap etdirir. "Əkinçi" Azərbaycanın ovaxtkı ziyalılarının, qələm sahibləinin şeir və məqalələrinə həvəslə yer ayırırdı və qəzetin bütün ağırlığı, yazıların işlənməsi, çapa hazırlanması H.B.Zərdabinin əli ilə həyata keçirdi.

Böyük ədibin cəfakeş, qayğıkeş qadını Hənifə xanım hər zaman Zərdabinin yanında olub. O, xatirələrinin birində yazır: - Bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb yanıma gəlmişdi. Qəzetin 3 il ərzində ancaq 300 abunəçisi olduğunu bilincə, müxbir təəccüblə H.B.Zərdabiyə baxıb səmimi şəkildə dedi: Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz, sizin energiyanıza heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz".

Hər bir xalq onun taleyində iştirak edən övladının adını əbədiləşdirməklə, böyük bir şəxsiyyət yetişdirdiyini gələcək nəsillərə ötürür. H.B.Zərdabinin də İçərişəhərdə köhnə ensiklopediyamız yerləşdiyi yerdə bir oturaq halda heykəli var. Doğulub boya-başa çatdığı Zərdab rayonunda isə kiçik bir daxmadan ibarət olan "Ev-muzeyi"... Uzun illər Bakıda, İçərişəhərdə yaşamış və xalqı yolunda fədakarlıq etmiş nəhəng şəxsiyyətin adına Bakıda ev-muzeyinin, küçənin olmaması çox böyük təəssüf doğurur.

Azərbaycan mətbuatının banisi, filosof, torpaqşünas alim, jurnalist, publisist, tədqiqatçı, qəzetçi, maarifçi H.B.Zərdabi Azərbaycan ziyalılığının ilkin simvollarından biridir.

XIX əsrin ikinci yarısından başlayaraq, XX əsr də daxil olmaqla millətimizin taleyində müstəsna xidmətləri olan böyük övladları, alimləri, şairləri, yazarları, siyasətçiləri, xeyriyyəçiləri çox olmuşdur. Başda H.B.Zərdabi olmaqla satirik şairimiz M.Ə.Sabirin, yazıçı, mollanəsrəddinçi C.Məmmədquluzadənin, bəstəkar Ü.Hacıbəylinin, xeyriyyəçi Hacı Zeynalabdinin, yazıçı-həkim N.Nərimanovun, xalq şairi S.Vurğunun adlarını iftixarla, qürur hissilə çəkmək olar. Milli mətbuatımızın xəzinəsinə dəyərli hədiyyə olan H.B.Zərdabinin ideya irsi bu gün belə öz təravətini itirməmişdir. Yarandığı 147 il ərzində Azərbaycan mətbuatı keçməkeşli, zəngin və mənəvi bir inkişaf yolu keçmişdir. Odur ki, hər ilin 22 iyulu mətbuat tariximizin günü kimi qeyd olunur. Həmin ərəfədə mətbuatımızın ilk təmsilçisi H.B.Zərdabinin də adı hörmətlə, ehtiramla anılır. Yüzlərlə əsl jurnalist bu anım günündə özünə mənəvi hesabat verirustada, "Əkinçi"mizin yaradıcısına rəhmətlər diləyir.

 

 

Adil ABDULLAYEV,

"Gənclik" nəşriyyatının direktoru, Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı

Azərbaycan.-2022.- 22 iyul.- S.5.