Jurnalistlərin yaxın dostu

 

Prezident mediaya yüksək diqqət və qayğısını əsirgəmir

 

 

Müstəqillik qazandıqdan sonra dövlətin mətbuata olan diqqət və qayğısı  bu  sahənin gündəlik həyatımızda, ictimai-siyasi proseslərdə necə əhəmiyyətli  rol  oynaması ilə bağlıdır. Həqiqətən də, cəmiyyətin inkişafında "dördüncü hakimiyyət" adlandırılan mətbuat böyük əhəmiyyət kəsb edir.

Dövlət başçısı daim jurnalistlərin peşəkar əməyinə  yüksək qiymət verir. Prezident İlham Əliyevin mətbuatla bağlı imzaladığı sərəncamlar və onun bu sahəyə olan diqqəti jurnalistlər tərəfindən yüksək dəyərləndirilir.

Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər, onların öz iradələrini azad ifadə etmələri üçün bütün zəruri imkanlar yaradılıb.

 

 

 

Mətbuat daim dövlətin diqqətindədir

 

 

Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra  mətbuata dövlətin nəzarət mexanizmi olan senzura ləğv edildi. Bununla da Azərbaycanda azad, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı üçün geniş imkanlar açıldı. Ölkədə çoxlu sayda müstəqil mətbu orqan, informasiya agentlikləri, elektron KİV-in fəaliyyəti üçün geniş şərait yarandı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu aparılan islahatlarla  təsdiqlədi. Bunun əyani sübutu kimi "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" qəbul edildi. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi və dünyada analoqu olmayan addımı isə KİV nümayəndələrinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı idi. Nəticədə dövlətin hesabına iki hündürmərtəbəli yaşayış binası tikilərək jurnalistlərə hədiyyə edildi. Milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yüzlərlə jurnalistin yüksək fəxri adlara, ali təltiflərə layiq görülməsi, qəzetlərə birdəfəlik yardımların edilməsi və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısının əyani təzahürüdür.  

Kütləvi informasiya vasitələri də öz növbəsində onlara yaradılan şərait və imkanlardan yararlanıb milli maraqları hər şeydən üstün tuturlar. Təsadüfi deyil ki, ölkə Prezidentibu məqamı hər zaman KİV təmsilçilərinin diqqətinə çatdıraraq onlara milli maraqlardan çıxış etməyi tövsiyə edir. Prezident bildirir ki, qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.

 

 

 

Görülən tədbirlər məmnunluq yaradır

 

 

 

Dövlət başçısının mətbuata qayğısı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar KİV təmsilçilərində böyük məmnunluq yaradıb. Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə üç dəfə "Jurnalistlərin dostu" seçilib.

Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Söhbət ondan gedir ki, peşə etikası ilə yanaşı, milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması tədricən Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir. 

Böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız 147 il ərzində yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Ölkəmizdə yüzlərlə mətbuat orqanı, qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha böyük yeniliklərə imza atacaqdır.

 

 Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 22 iyul.- S.6.