“Əkinçi”nin ilk müxbirləri

 

Banisiredaktoru publisist, ictimai xadim, təbiətşünas alim Həsən bəy Zərdabi olan "Əkinçi"nin işığına dövrünün qabaqcıl, mütərəqqi fikirli ziyalıları toplaşdılar. Çünki Həsən bəy 1875-ci il iyulun 22-də Azərbaycanın ilk mətbuat orqanının nəşrinə başlamaqla Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov (Gorani), İsa Sultan Şahtaxtinski  və başqalarının da arzularını həyata keçirdi. Onlar birinci anadilli qəzetin fəaliyyətinə böyük ümidlə baxır, bu yolun davam etdiriləcəyinə inanaraq "Əkinçi"yə öz yazılarını göndərirdilər...

 

Həsən bəyin iki istedadlı şagirdi "Əkinçi"nin yazarları arasında...

 

Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) Bakı Realnı Gimnaziyasında Həsən bəy Zərdabinin şagirdləri olmuşdular. Həsən bəy Müsəlman Şagirdlərinə Yardım Cəmiyyəti qurmuşdu. Xalqın tərəqqisinə, maariflənməsinə səy göstərən Zərdabinin ilk xeyriyyə cəmiyyətini yaratmaqda da məqsədi tələbələrin təhsil xərclərini ödəmək idi. Şagirdləri Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütün yayı Azərbaycanın kənd və şəhərlərini gəzmişdi. Müsəlman Şagirdlərinə Yardım Cəmiyyətinin fəaliyyəti ilə Həsən bəy müəyyən işlər görə bilsə də, istədiyi nəticəni əldə edə bilməmişdi.

Bu iki şagirdi sonralar Həsən bəy Zərdabiyə daha böyük bir yolda yoldaşlıq, məsləkdaşlıq etdilər. Əsgər ağa Adıgözəlov (Gorani), Nəcəf bəy Vəzirov da Həsən bəyin nəşrinə müvəffəq olduğu, Azərbaycan mətbuatının birincisi - "Əkinçi" qəzetinin müxbirləri oldular...

 

 

"Əkinçi"ni özünün ana dili müəllimi hesab edən Nəcəf bəy Vəzirov

 

 

O, "Əkinçi"nin fəaliyyətə başlaması xəbərini Moskvada eşitdi. Nəcəf bəy Vəzirov Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasında oxuyurdu. Moskva mühiti bu istedadlı gəncin dünyagörüşünə təsir etməkdə, mütərəqqi fikirlərini zənginləşdirməkdəydi. Odur ki, "Əkinçi"nin ilk sayının işıq üzü görməsini böyük sevinc hissi ilə qarşılamışdı. Onu fərəhləndirən həm də ana dilində nəşr olunmağa başlayan qəzetin təsisçisi və redaktorunun müəllimi Həsən bəy Zərdabi olması idi. Gənc Nəcəf bəy qərara gəldi ki, "Əkinçi"nin fəaliyyətində yaxından iştirak etsin. O, 1875-ci il avqustun 28-də müəlliminə göndərdiyi məktubunda yazmışdı: "Əvvəlinci iki nömrəni aldım. "Əkinçi" mənim ana dili müəllimimdir. Tərcümə üçün orijinal bir şey tapmıram. Özümünkünü yazıram. Davamı da olacaq. Qəzetin proqramını göndərin ki, nədən yazacağımı bilim".

Həsən bəyə ünvanladığı məktuba Nəcəf bəy Vəzirov Şuşanın vəziyyətindən, orada hökm sürən gerilikdən, mövhumatdan bəhs edən "Ağıçı" adlı felyetonunu da əlavə etmişdi. Felyeton "Əkinçi"də dərc olunmadı. Amma Nəcəf bəy həvəsdən düşməmişdi. Yazıları üzərində daha məsuliyyətlə çalışmışdı. Qəzetə müntəzəm məktublar yollamışdı. Bu mətbu orqanda yer verilmiş ilk məqaləsində o, Petrovsk-Razumovsk Akademiyasında mal-qaranın saxlanmasından, yem hazırlanmasından bəhs etmişdi.

 

"Əkinçi"də onun 8 məqaləsi dərc edilmişdi. Məqalələrin mövzusu müxtəlif idi. Nəcəf bəy məqalələrində qəzetin proqramına uyğun olaraq köhnə adət-ənənələrini  tənqid atəşinə tuturdu. Hələ "Əkinçi"də dərc edilən ikinci məqaləsində o yazırdı: "Bizim adəti-qədimə zəmanə rəftarı ilə düz gəlməyir. Biz qanacağımızı artırmağa səy edəndə adəti-qədimləri dəyişdirməyə səy etmirik".

Başqa bir məqaləsində - "Bənd məxsusi" sərlövhəli yazısında o, qeyd edirdi:  "Hərdəm tənha oturub fikir edirəm, xüdabəndə, bizim axırımız necə olacaq! Əqlimiz ata-baba əqli, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruzqoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nəqlinə qulaq asıb, qızıl quş saxlayıb, günlərin keçirdib, bizki, bu yolu gedirik, tələf olacayıq".

Nəcəf bəy Vəzirov "Əkinçi"yə  ədəbiyyat və sənət məsələlərindən də yazır, reallığı əks etdirən nümunələri həcvlərin, mədhiyyələrin üstələdiyini diqqətə çatdırırdı. Maarif və mədəniyyət məsələlərinə dair məqaləsində o, köhnəlmiş adətləri dəyişdirməyin vacibliyinə diqqəti çəkirdi. Yazırdı: "İnsan bir şeyə adət edəndən sonra onun yamanlığını bilməz. Məsələn, burunotu çəkmək bir yaman adətdir. Amma onu çəkən üçün ondan xoş şey olmaz, habelə bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz, amma ona elə adət eləmişik ki, guya, ondan əla məktəbxana dünyada olmaz".

 

 

 

Moskvadan "Əkinçi"yə məqalələr göndərən müəllif

 

 

O, ilk təhsilini Yelizavetpol (Gəncə) şəhər məktəbində aldıqdan sonra Bakıya gəldi. Bakı Realnı Gimnaziyasına daxil oldu. Yeni mühit on iki yaşlı Əsgər ağanın dünyagörüşündə mühim rol oynadı. Gimnaziya müəllimləri arasında  Həsən bəy Zərdabinin olması isə Əsgər ağa Goraniyə bir sıra sahədə istiqamət verdi.

Əsgər ağa Adıgözəlov (Gorani) 1874-cü ilin iyununda gimnaziyada təhsilini qızıl medalla başa vurdu. Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına daxil oldu. Moskva mühiti ilə tanış olan, rus maarifçi demokratların əsərlərini oxuyan, onların həyatını öyrənən gənc tələbə vətənində baş verən hadisələri də diqqətlə izləyirdi...

Müəllimi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakıda ilk anadilli qəzetin nəşrə başladığını o da Nəcəf bəy Vəzirov kimi Moskvada eşitdi. Bu xəbərə çox şad oldu. Əsgər ağa Gorani də "Əkinçi"nin fəaliyyətindən kənarda qalmadı. Qəzetin ilk saylarını oxuduqdan sonra abunəçi toplamaq, mətbəə xərclərinin müəyyən hissəsini öhdəsinə götürmək fikrinə düşdü. Həsən bəy Zərdabiyə məktubunda yazdı: "Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib "Əkinçi"yə gətirsin. Amma çifayda, kənd əhli poçt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar".

"Əkinçi"nin 17 sayında onun həm özünün, həm də başqa imzalarla 39 məqaləsi verildi. Elmin, maarifin inkişafını təbliğ edən Əsgər ağa Gorani yeni təhsil ocaqlarının, kitabxanaların açılmasının vacibliyini nəzərə çatdırırdı. 1876-cı ildə Əsgər ağa "Əkinçi"də Peterburq padşahlıq kitabxanasında 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanıldığı, qiymətli nüsxələrin şüşə altında nümayiş etdirildiyi barədə məlumat verirdi: "Əgər bir kəs bilsə ki, filan kitab yoxdur, o vaxt deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona oxumağa versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər... Azərbaycanda da kitaba, kitabxanaya rəğbət oyatmaq üçün belə xəbərin necə güclü təsirə malik olduğu elə özlüyündə aydındır".

Araşdırıcılar "Əkinçi" qəzetinin bütün şöbələrində - elm xəbərləri, məktublar və digər şöbələrində onun məktublarının dərc olunduğunu qeyd ediblər. Qəzetdə yeni xəbərlər yazmaqla bərabər, o, tərcümələr də edirdi. Rus dilində nəşr olunan mətbuat orqanlarından diqqətçəkən xəbərləri tərcümə edərək "Əkinçi"yə göndərirdi. Həsən bəy Zərdabi bəzi tərcümə məqalələrini yenidən işləmək üçün Əsgər ağa Goraniyə qaytarırdı. Ustadı bununla ona həm də daha məsuliyyətli və tələbkar olmağı öyrədirdi...

 

 Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 22 iyul.- S.6.