Beynəlxalq Media Forumunun iştirakçıları "Azərbaycan çap mətbuatı tarixinin inciləri" adlı sərgi ilə tanış olublar

 

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə iyulun 22-də Şuşa şəhərində keçiriləcək Beynəlxalq Media Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan xarici media nümayəndələri Heydər Əliyev Mərkəzində "Azərbaycan çap mətbuatı tarixinin inciləri" adlı sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan sərgidə 1920-ci ilədək nəşr edilən və ölkənin ictimai-siyasi həyatında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbu nəşrlər haqqında məlumatlar, həmçinin müasir dövrdə ölkə ictimaiyyətinin maarifləndirilməsində xüsusi əhəmiyyətə sahib olan çap mətbuatı nümunələri nümayiş etdirilib. 



Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Beynəlxalq Media Forumun iştirakçılarının zəngin inkişaf yolu keçmiş tarixi və müasir mətbu nəşrlər, onların yaranma tarixi və əsasını qoyan şəxslər, o cümlədən ideoloji istiqamətləri haqqında məlumat almaq, həmçinin bu mətbu nəşrlərin ictimai-siyasi və mədəni həyata, milli-mənəvi oyanışa təsiri, xalqın maariflənməsi və dövrün yeniliklərinin oxuculara çatdırılması istiqamətindəki fəaliyyəti barədə məlumatlandırılmasıdır.

 

Azərbaycan.-2022.- 22 iyul.- S.6.