Milli
teatrımızın ənənələrini yaşadanlar
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilən ilk teatr binasıdır və ilk tamaşalar da məhz burada səhnəyə qoyulub.
Azərbaycanda milli musiqili komediya janrı XX əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı dahi bəstəkar Üzeyir bəy Hacıbəyli olmuşdur. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının sirk binasında göstərilmişdir. Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrı təşəkkül tapmışdır.
Sonrakı illərdə Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan" (1913) komediyaları səhnədə oynanılmışdır.
Həmçinin inqilaba qədərki dövrdə dahi bəstəkarın "Əlli yaşında cavan", "Evlikən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" adlı əsərləri də tamaşaya qoyulmuşdur. Bu tamaşaların ərsəyə gəlməsində H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, Y.Olenskaya, R.Darablı və Ə.Anaplı kimi sənətkarlar mühüm rol oynamışlar.
Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, 2019-cu il martın 5-də "akademik" statusu alan Musiqili Teatrın istər Azərbaycan, istərsə də rus bölmələrində zəngin repertuar formalaşmış, işgüzar və professional sənətçilər yorulmaq bilmədən əzmlə çalışmağa başlamışdılar. Qocaman teatr indi 112-ci mövsümünü yekunlaşdırır.
1985-1990-cı illərdə respublikada baş verən ictimai-siyasi hadisələr, Birinci Qarabağ müharibəsi sənət adamlarının yaradıcılığına da mənfi təsir göstərmişdir. Uzun illik təmir işləri kollektivdə bir süstlük yaratmışdı. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə binada təmir və bərpa işlərinə yenidən başlanmışdı. Teatra və sənət adamlarına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev 1995-ci ildə təmir və bərpa işləri ilə yaxından tanış olmuş, tövsiyələrini vermişdir. 1998-ci il oktyabr ayının 10-da isə sənət məbədinin açılışı olmuşdu. Böyük rəhbərin diqqət və qayğısı sənət adamlarına sonsuz stimul vermişdi. Kollektiv bir-birinin ardınca yeni tamaşalar hazırlayaraq repertuarı zənginləşdirməyə başlamışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2010-cu il tarixli Sərəncamı ilə Musiqili Komediya Teatrının binası yenidən təmir olunmuş və 2014-cü il martın 10-da Azərbaycanda peşəkar milli teatr sənətinin yaranmasının 141-ci ildönümündə teatrın təntənəli açılış mərasimi keçirilmişdir.
Onu da xatırladaq ki, 1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. Həmin il müstəqil Musiqili Komediya Teatrı təşkil edildi və teatr 1938-ci ilin sentyabr ayından rəsmi olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu aldı.
Tamaşalara baxmaqdan doymayan izləyicilər
Teatrın Mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bir çox layihələrin olduğunu qeyd etdi. Dedi ki, teatr sirli-sehrli aləmdir, cazibəsinə düşən onun əhatəsindən uzaqlaşa bilmir. Bu mövsüm teatr üçün demək olar ki, uğurlu olub. "Maraqlısı odur ki, pandemiyanın yaratdığı maneələri aşmaq, teatra adaptasiya olmaq çox zamanımızı almadı. Yaradıcı heyətimizin fədakar və yorulmaz fəaliyyəti nəticəsində bir-birinin ardınca 7 yeni tamaşa hazırlanaraq teatrsevərlərə təqdim edildi", - deyə Fəridə xanım bildirdi.
Teatrın 19 yaşlı şəhidi
Teatr 44 günlük Vətən müharibəsində şəhid də verib. İşıqçı Əliağa Məmmədov 19 yaşında şəhidlik zirvəsinə ucalıb. "Laçının azad olunmasına görə" medalına layiq görülmüş balet artisti Murad Ağayev və müharibə iştirakçıları da teatrın əməkdaşları sırasında yer alıblar. Pandemiya dönəmində Vətən müharibəsində şəhid olmuş teatrın işıqçısı Əliağa Məmmədova və döyüşlərdə iştirak etmiş digər əməkdaşlara həsr olunmuş "Döyüşən teatr" sənədli filmi hazırlanaraq tamaşaçılara təqdim edilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur.
Əbəs yerə bu sənədli film "Döyüşən teatr" adlandırılmayıb. İstər müharibənin ən qızğın vaxtlarında, istərsə də ondan sonrakı mərhələlərdə teatrın əməkdaşları həm arxa, həm də ön cəbhədə olublar. Qələbədən sonra da bir çox layihələr reallaşdırılıb. Onlardan biri də Zəfər salnaməmizi qanları ilə yazan səhidlərimizin əziz xatirəsinə və qürur mənbəyimiz olan şəhid analarına həsr olunan "Bir nəfəs qədər" tamaşasıdır. Elə bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Cəlal Qurbanovun rəhbəri olduğu "Mənim Oğlum Qəhrəmandır!" layihəsi çərçivəsində şəhid anaları teatrda bu tamaşaya baxıblar.
Tamaşanın sonunda şəhid analarına söz verilərkən onlar bu əsərin təbii və təsirli alındığını qeyd ediblər. Şəhid Xudayar Yusifzadənin anası çıxışında baş rolun ifaçısı Gülnarə Abdullayevaya təşəkkür edərək özünə təqdim olunan gül dəstəsini ona bağışlayıb. Şəhid anası obrazını səhnədə dolğun canlandırmaq hər aktrisanın işi deyil. Bu duyğuları tamaşaçılara çatdırmaq üçün baş rolun qəhrəmanı, həqiqətən, ya şəhid, ya da qazi anası olmalıdır. Gülnarə Abdullayeva "Bir nəfəs qədər" tamaşasında bu obrazın öhdəsindən məharətlə gəlib. Çünki, həqiqətən də, o hissləri 44 günlük Vətən müharibəsi günlərində cəbhədə vuruşan oğlunun yolunu gözləyərkən yaşamışdı...
"Bəxtiyar" filmi səhnələşdirildi
Bu ilin premyeraları arasında kino əfsanəsi olan "Bəxtiyar" tamaşası da izləyicilərin ixtiyarına verilib. Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşlarında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən "Bəxtiyar" filminin motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Narkomaniya əleyhinə tamaşa alqışlarla qarşılandı
Teatrda olarkən "Premyeraların paradı" festivalı çərçivəsində "Məchul pilləkən" balet-tamaşasının premyerası tamaşaçılara nümayiş etdirilirdi. Bəşəriyyətin ən qorxulu bəlası olan narkomaniya, eyni zamanda zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayevdir. "Məchul pilləkən"in ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Gənclərə bir örnək və ismarıc xarakteri daşıyan balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, "ağ ölüm"lə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur. Tamaşa bitdikdən sonra gənc balet artisti Məhəmməd Abdullayevlə həmsöhbət olduq. O deyir ki, çalışdığı teatrda gənclərə hər zaman dəstək var: "Teatr işi elə bir sənətdir ki, bir tamaşanın ərsəyə gəlməsi üçün birgə çalışmaq lazımdır. Uzun və çətin məşq prosesləri hər kəsdən böyük səbir və dözüm tələb edir. Teatrın hər bir truppası öz üzərinə düşən işi ustalıqla görür. Xeyli müddətdir ki, bu teatrda çalışıram. Artıq buranı evim hesab edirəm. Hər zaman yeniliklər etməyə çalışırıq. Düşünürəm ki, tamaşalarımızla gənclərin diqqətini teatra daha çox yönəltməyi bacarırıq".
Onlar 112-ci mövsümün bağlanış mərasimində mükafatlandırıldılar
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın 112-ci mövsümünün bağlanışı münasibətilə mükafatlandırılanlar arasında Əməkdar artist Nahidə Orucova oldu. Belə ki, o, "Billur alma" mükafatına layiq görüldü. Aktrisa dedi ki, hər il teatrın bağlanışı xüsusi qeyd edilir. Direktor, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev 10 ildir doğum gününü kollektivlə birgə keçirir. İl ərzində işgüzar fəaliyyət göstərmiş teatr nümayəndələri - nəinki sənətçilər, həm də texniki heyət mükafata layiq görülürlər: "Mən də dəvətlilər arasında idim. Amma bilmirdim ki, xüsusi "Billur alma" mükafatı mənə də təqdim olunacaq", - deyə aktrisa vurğuladı.
Qeyd edək ki, "Billur alma" mükafatı Hüseynağa Sadıqovun ailə üzvləri tərəfindən təsis olunub və hər il iki nəfərə təqdim edilir. Mükafatı alan digər sənətçi teatrın quruluşçu rejissoru Samir Qulamov idi.
Elşən
YƏHYAYEV,
Azərbaycan.-2022.- 22 iyul.- S.11.