Bakının simasını gözəlləşdirən park

 

 

Havalar isindikcə istirahət üçün parklara üz tutan paytaxt sakinlərinin sayı artır. Buna görə ölkəmizdə turizm üçün yararlı yerlərdə abadlıq və quruculuq işləri aparılır, yeni bağlar, məkanlar salınır.

Paytaxtın Xətai rayonu, Nobel prospektində yerləşən, uzun illər şəhər sakinləri tərəfindən sevilmiş "Nizami Gəncəvi" parkı xeyli müddət idi ki, baxımsız qaldığından yararsız vəziyyətə düşmüşdü. Bununla əlaqədar şəhərin baş planına uyğun olaraq bu parkın abadlaşdırılması və genişləndirilməsi də nəzərdə tutulmuşdur.

Artıq 11,2 hektar ərazisi olan parkda sakinlərin və şəhərimizin qonaqlarının mənalı istirahəti üçün hər cür şərait yaradılıb. 2021-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Nizami Gəncəvi" adına Mədəniyyət və İstirahət Parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdular.

 

 

Bura piknik üçün çox münasibdir

 

 

İstirahət mərkəzi sakinlərin sevimli məkanına çevrilib. Axşam saatlarında və istirahət günlərində parka gələn sakinlərin sayı daha çox olur. İnsanlar ailə üzvləri və yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər.

Şəhərdən kənara çıxmağa vaxtı olmadığı üçün pikniki, sadəcə, xəyallarında yaşadanlardan birisənsə, artıq bu problemi geridə qoya bilərsən. Çünki şəhərin mərkəzində yenicə salınan və paytaxtımızın ümumi simasını gözəlləşdirmiş bu park piknik etmək üçün ən münasib seçimlərdəndir. İçində bir çox oyunidman meydançalarına da yer verilmiş istirahət mərkəzindən ancaq zövq almaq mümkündür. Şəhərlərin yaşıl "ağciyəri" olan parklar insanların sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Bu ərazilər hər bir kəsə yayın qızmar istisində sərinlik bəxş edir və ağacların kölgəsində dincəlməyə imkan verir.

 

 

Paytaxtımızın qoynunda gözəllik

 

 

Mövcud park və xiyabanların yenidən qurulması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. "Nizami ili"nin sonunda dahi mütəfəkkirin adını daşıyan istirahət mərkəzinin yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi məna kəsb edirdi.

Bir vaxtlar "Luna Park" adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayan sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı.

Park 1875-ci ildə salınıb və əsasən cənub zonasından əlavə torpaq gətirilib. Sovet dövründə bu ərazi rəsmi olaraq park statusunu alıb. Bura öncə şair Lunaçarskinin şərəfinə "Luna Park" adlandırılıb, müstəqilliyimiz əldə olunduqdan sonra isə Nizami adına Mədəniyyət və İstirahət Parkı olub.

1922-ci ildə salınmış istirahət mərkəzi şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə ərazisində yerləşən bir və ikimərtəbəli inzibati binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb. Amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksimüasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi düzəldilib. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-koldekorativ bəzək bitkiləri əkilib. Süni göl istirahət məkanına xüsusi gözəllik qatıb. Qızmar yay günlərində şəhər sakinləri və qonaqlar sərinləmək üçün onun ətrafına toplaşırlar. Burada fiziki məhdudiyyətli şəxslərin istirahət etməsi üçün də hər cür imkan var.

 

 Paytaxt sakinlərinin sevimli istirahət məkanı

 

 Son illərdə salınan parkların sayı gündən-günə artır. İşğaldan azad olunan Qarabağımızda abadlıq və quruculuq işlərinin geniş vüsət alması ilə yanaşı, Azərbaycanın hər bir guşəsində, eləcə də paytaxtımızda abadlıq-quruculuq işləri davamlı olaraq uğurla həyata keçirilir. Bu, şəhərin simasını daha da gözəlləşdirməklə yanaşı, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə də imkan verir.

Parkla bağlı vətəndaşlar aparılan genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər.

Paytaxt sakini Vüqar Məmmədov deyir ki, bizim tərəfdə əvvəllər istirahət etmək üçün görünüşü gözəl olan park yox idi: "Nizami Gəncəvi" adına İstirahət Mərkəzinin açılması məni çox sevindirir. Bakıda salınan qeyri-adi parklardan biridir. Böyüklərin və uşaqların istirahət etməsi üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevə və bu parkın salınmasında əməyi keçən hər kəsə  təşəkkürümü bildirirəm".

Parka üz tutan digər sakin Mahirə Abasova deyir ki, yeni salınmış parkın açılması onu çox sevindirir: "Mən də nəvələrimlə birlikdə bu parka tez-tez gəlirəm. Buraya insanlar daha çox ailələri, körpə uşaqları ilə gəlirlər. Parklarda təmizliyi, səliqə-sahmanı qorumaq hər birimizin mənəvi borcudur. Bu, həm də ekoloji mədəniyyət səviyyəmizin göstəricisi olmalıdır".

Əhaliyə xidmət göstərən bu kimi müasir layihələrin icrası Prezident İlham Əliyev siyasətinin real nəticəsidir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün guşələrində və xüsusi olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.

Yeni parklar və yaşıllıq məkanlarının yaradılması paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradır.

 

 

E.YƏHYAYEV,

Azərbaycan.-2022.- 22 iyul.- S.11.