Azərbaycana gələn turistlərin sayında 2,3 dəfə artım olub

 

Ölkəmizdə turizm sənayesinin çoxşaxəli olması, istirahətin təşkili üçün normal şəraitin mövcudluğu istər yerli, istərsə də əcnəbi qonaqların harada dincəlmək istəməsi seçimində əsas amillərdəndir.

Son illər respublikamızda bu sahənin inkişafı üçün Xəzərətrafı ərazilərdə və bölgələrdə sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərin inkişafına xüsusi diqqət yetirilir. Dövlət başçısının məqsədyönlü və balanslı xarici, habelə uğurlu daxili siyasəti nəticəsində turistlər üçün Azərbaycan bu gün dünyada ən təhlükəsiz ölkə hesab edilir. Respublikamızda ilboyu turizm xidmətlərinin təqdim olunması onların təkrar bu yerlərə dönməsinə təsir göstərir. Dünyada olan 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Ölkəmizin tarixi mədəniyyət abidələri sırasında Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qayaları, Beşbarmaq dağı, Şəki xan sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Talış dağları. Göygöl və digər bu kimi ünvanlar turistlər üçün maraqlı olan məkanlardır.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə xatırlatmışdır: "Mən turizmiixrac növü hesab edirəm. Respublikamızda neftdən sonra ikinci gəlirli sahə turizmdir". Odur ki, ölkənin iqtisadi qüdrətinin daha da artması və Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün bu sahəyə xüsusi önəm verilir.

Ötən ayın sonlarında Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə "Nuh diyarı - Naxçıvan: 2020-2023-cü illər üçün Birgə Fəaliyyət Planı" mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətləri və media nümayəndələri Naxçıvanda olublar.

Ölkəmizdə son illər turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir ki, Azərbaycana səfər edən əcnəbilərin sayı 2,3 dəfə artıb.

Dövlət Statistika Komitəsinin mətbuata açıqlamasında bildirilir ki, gələnlərin 25 faizi Rusiya Federasiyası, 23,8 faizi Türkiyə, 13 faizi İran, 5,2 faizi Gürcüstan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 2,3 faizi Ukrayna, 1,8 faizi Qazaxıstan, hər birindən 1,3 faiz olmaqla KüveytBöyük Britaniya, 14,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 78,3 faizini kişilər, 21,7 faizini qadınlar təşkil edib.   

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi hava, 41,7 faizi dəmir yoluavtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ötən ayın sonlarında Prezident İlham Əliyev Göygöl, Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı bir sıra obyektlərin açılışı ilə yanaşı, Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində də iştirak etmişdir. Burada 34 hektar ərazidə salınacaq "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, dünya standartlarına uyğun 10 kottec tikiləcək. Ekspertlərin də qeyd etdiyi kimi, Prezident tərəfindən burada "İstisu" sanatoriyasının əsasının qoyulması onu göstərir ki,  dünyanın turizm həvəskarları ən qısa zamanda bu cənnətməkan ünvanla da gəlməkdə, istirahət etməkdə və gəzintidə maraqlı olacaqlar.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 22 iyul.- S.11.