Mixail Qusman: Beynəlxalq Media Forumun Azərbaycanın mədəniyyət
paytaxtı Şuşada keçirilməsi
mühüm hadisədir
Medianın İnkişafı Agentliyi tərəfindən və Prezident Administrasiyasının dəstəyi ilə təşkil edilmiş Beynəlxalq Media Forumun keçirilməsi çox mühüm hadisədir. Əlbəttə, çox mühümdür ki, bu tədbir işğaldan azad edilmiş Şuşada - böyük tarixi ənənələr şəhərində, Azərbaycanın mədəniyyət paytaxtında keçirilir.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Şuşa şəhərində
keçirilən “Mediada qlobal trendlər, yeni
çağırışlar” mövzusunda Beynəlxalq Media
Forumda iştirak edən Rusiyanın TASS İnformasiya
Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman mətbuata
müsahibəsində söyləyib.
Mixail Qusman deyib: “Burada Azərbaycanın demək olar ki, bütün media resurslarının liderləri, görkəmli jurnalistlər, peşəkarlar toplaşıb. Biz hamımız – forumun iştirakçıları və qonaqları medianın inkişafı, onun müasir Azərbaycanda və dünya media məkanında rolu, yeri barədə ətraflı söhbət aparacağıq. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevin xeyir–duasını, müasir Azərbaycan jurnalistikasının cəmiyyətin, ölkənin həyatında yeri və rolu barədə sözlərini eşitmək bizim üçün vacib idi. Mübaliğəsiz deyə bilərəm ki, bu təbrik bizi ruhlandırdı”.
TASS İnformasiya
Agentliyinin baş direktorunun birinci müavini vurğulayıb ki,
panel diskussiyalarında jurnalistlərin
yaşadıqları böyük ölkənin
səviyyəsinə necə layiq olmaq, Azərbaycanda baş
verən fasiləsiz müsbət proseslərin kütləvi informasiya vasitələrində layiqli yer tutması, bütün cəmiyyətə açıq
və çox əyani şəkildə
çatdırılması üçün
nə etmək lazım olması barədə ətraflı,
açıq, prinsipial söhbət
aparılacaq.
Azərbaycan.-2022.- 23 iyul.- S.5.