Yollar şaxələnir, yollar  qovuşur

 

2004-cü ildən üzübəri Azərbaycanda regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində gerçəkləşdirilən layihələr yollarımızın şəbəkəsini genişləndirib. Bununla yanaşı, yolların keyfiyyəti də yüksəlib.

Beləliklə, Azərbaycanın adı yol infrastrukturunun keyfiyyəti reytinqində də dünyanın qabaqcıl ölkələri  sırasında çəkilir.

Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə  Prezident İlham Əliyev  infrastruktur layihələrinin yerinə yetirilməsi  ilə  bağlı demişdir:  "Təbii ki, gələn ilin büdcəsində infrastruktur layihələrinin icrası nəzərdə tutulacaqhesab edirəm ki, burada əsas məqsəd bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsi məsələsidir. Çünki bütövlükdə son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda görürük, həm də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da görürük.  "Dövlətimizin başçısı avtomobil yollarının çəkilişi sahəsində də böyük layihələrin icra edildiyini  diqqətə çatdırmışdır.

İndi əsas diqqət işğaldan azad edilmiş ərazilərdə tikilən yollara yönəldilsə də, digər bölgələrdə də bu istiqamətdə  genişmiqyaslı işlər həyata keçirilir. Prezident İlham Əliyev ölkənin regionlarına, o cümlədən Qarabağa və Şərqi Zəngəzura hər səfəri zamanı yol çəkilisi sahəsində aparılan işlərlə maraqlanır, yeni yolların təməlini qoyur, tikintisi sona çatanların isə açılışını edir. Elə ötən ay Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı da belə oldu. Dövlət başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisinə baş çəkdi. Bu layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsində 3250 metrə qədər artır. Qeyd edək ki, Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində bundan əlavə daha üç tunelin inşası nəzərdə tutulur.

Tikintisinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan bu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinədək rahat gediş-gəlişi təmin edəcək.

Prezident sözügedən səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə də tanış olub.

Ölkəmizdə yollar qovuşaraq ayrı-ayrı bölgələri Qarabağla və Şərqi Zəngəzurla, eləcə də bütün regionların  rayonlarını  bir-birinə sıx bağlayacaq. Məsələn, bu ilin fevral ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağcabədi rayonunda açılışında iştirak etdikləri yenidən qurulan Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunu xatırladaq. Uzunluğu 41 kilometr olan Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd marşrutu ilə yaşayış məntəqələrinə gedən bu yol başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.

Bu il respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri də sürətlə və keyfiyyətlə başa çatdırılıb. Ucar şəhərinin girişindən başlayan  yol Ağcabədi şəhərinin cənubunda Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Bu yol ölkənin regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirərək tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında sanballı   rol oynayacaq.

Yollar yeniləndikcə ölkədə iqtisadi həyat daha da canlanır, kənd təsərrüfatı, turizm və digər sahələrdə inkişaf sürətlənir. Yolların müasir səviyyədə inşası, eləcə də əhalinin rahatlığını təmin edən əsas sosial amildir. Paytaxtda və bölgələrdə yeni yolların tikintisi, Prezidentin verdiyi növbəti sərəncamlar və tapşırıqlar həmin istiqamətdə aparılan işlərin davamlı olduğunu bir daha təsdiqləyir. Bu sənədlərin birinə  əsasən,  Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 kilometr) - Tanrıqulular avtomobil yolunun tikintisi həyata keçiriləcək. Bunun üçün dövlət başçısı cari ilin may ayında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,1 milyon manat vəsaitin  ayrılması barədə sərəncam verib.

Prezidentin iyun ayında imzaladığı digər sərəncamla Saatlı rayonunda dörd min nəfər əhalinin yaşadığı  iki yaşayış məntəqəsini birləşdirən Məmmədabad-Genişkənd avtomobil yolunun tikintisinə də vəsaitin (bir milyon manat)  ayrılması tapşırılıb. Keçən ay verilən başqa bir sərəncamla Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı-Şorsulu (7 kilometr) - Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolları yenidən qurulacaq. Bu yol dörd yaşayış məntəqəsini birləşdirəcək. Son bir ay ərzində  verilən  sərəncamlarla Ağstafa rayonunun Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi (11 kilometr) - Qıraq Kəsəmən avtomobil yolunun tikintisi    həyata keçiriləcək. Qəbələ rayonunun Ağdaş-Zarağan (40 kilometr) - Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması üçün əlavə vəsait  ayrılacaq.

Bir sözlə, vətəndaşların rahat gediş-gəlişinin, yük və sərnişin daşınmasının keyfiyyətinin  təmin olunması  ilə yanaşı, kənd təsərrüfatı, turizm və iqtisadiyyatın digər sahələrinin birbaşa inkişafına yönəldilən yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətlidir.

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi bu layihələr sırasında özünə yer alır.  Genişləndirilən hissəsinin uzunluğu 13,7 kilometr təşkil edir.

Şamaxı şəhərində də yol infrastrukturunun müasir səviyyəyə çatdırılması, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır. Bu il şəhərdə uzunluğu 13 kilometr olan 18 küçənin təmiri işlərinə başlanıb. Təmir işlərinin aparıldığı sahə 73 min 587 kvadratmetrdir. Qeyd edək ki, keçən il  Şamaxı şəhərinin ərazisində ümumi uzunluğu 27 kilometr olan 44  prospekt və küçədə  təmir-tikinti işləri həyata keçirilib.

Eləcə də paytaxtın küçə və prospektlərində cari ilin "İnvestisiya Proqramı"na əsasən, genişmiqyaslı gedir. Belə ki, Bakının Pirallahı rayonunda ümumi uzunluğu 4,6 kilometr təşkil edən üç küçə təmir olunub. Təmir işlərinin aparıldığı ərazinin sahəsi 27 min 600 kvadratmetrdir. Rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarının da  qaydaya salınması nəzərdə tutulur.

Paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində isə ümumi uzunluğu 1150 metr təşkil edən Yeni sahə, Dəmiryol küçəsi, həmçinin Seyid Əzim Şirvani və Həsrət Ağamalıoğlu küçələrində təmir işləri görülür. Cari ilin "İnvestisiya Proqramı"na uyğun olaraq, rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilometr küçə və yolun təmiri aparılır. Keçən il rayonun Binə, BuzovnaQala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri icra olunub.

Qaradağ rayonunun Qobustan qəsəbəsi üzrə təmiri nəzərdə tutulmuş küçə və yollarda işlər tamamlanır. Qəsəbədə ümumi uzunluğu 2,9 kilometr olan 4 küçədə təmir işləri həyata keçirilib. Bu istiqamətdə işlər paytaxtın bütün rayonlarında genişlənməkdədir.

Beləliklə, müasir yol infrastrukturunun yaradılması yenə də həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsini təşkil edir. Rahatabad yol isə dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amillərdəndir.

 

 Flora SADIQLI,    

Azərbaycan.-2022.- 23 iyul.- S.8.