yollarla Ağalıya qayıtdıq

 

Xoş gördük, ana torpaq!

Doğma yurdumuz, dağlarımız, düzənlərimiz, çaylarımız, meşələrimiz...

Düz bir qərinəlik həsrət, nisgil, qübar ünvanımız - müqəddəs Vətənimiz, xoş gördük! Bir gün mütləq qovuşacağımızı, doğma qoynuna əbədi qayıdacağımızı bilirdik.

Biz, yüzminlərlə məcburi köçkünə çevrilmiş övladların illər idi ki, bu ümidlə ürəyimizdə yara bağlamış özləmini bağrımıza basıb yaşamağa çalışırdıq.

Zorla qovulduğumuz doğma od-ocağımıza, ana torpağımıza qovuşacağımız günü intizarla gözləyirdik. O qədər olmuşdu ki, könlümüzə Vətən düşəndə burnumuzun ucu Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl və digər işğal olunmuş cənnətməkanlarımız üçün göynəyəndə ağrı-acıdan sinəmizdən qopan ahlar ərşə dirənmişdi...

Amma artıq bu əzablı günlərimiz haqda keşmiş zamanda danışırıq...

İndi Vətənə uzanan ağ yollarla, üçrəngli ay-ulduzlu qələbə bayraqlarımızla bəzənmiş qayıdış karvanlarıyla yurdumuza dönürük...

 

 

Bu xoşbəxtlik ilk olaraq Ağalıya qismət oldu

 

 

Şanlı Vətən müharibəmizdən sonra Böyük qayıdışın ilk bəxtiyar ünvanı olmaq isə Zəngilanın "ağıllı kənd"i Ağalıya qismət oldu...

Ağalıya dönən insanların timsalında Vətən həsrətindən qurtulan, "məcburi köçkünlük yükü"ndən azad olan insanların necə böyük sevinc, ilahi hisslər yaşadığının şahidi olduq. Ağalıya yollanacaq insanların illərin həsrətlisi kimi qucaqlaşıb sevinc gözyaşları tökmələri, bir-birilərinə gözaydınlığı vermələri, hamımızı qəhərləndirdi, gözyaşına boğdu.

O gün - 2022-ci ilin 19 iyulunda, vaxtilə Ağalıdan zorla didərgin salınan körpələr gənclər, uşaqlar ata-analar, gənclər isə saçlarına dən düşmüş nənə-babalar kimi döndülər Vətənə... Zəngilanı, Ağalını yalnız böyüklərin xatirələrindən, solğun fotolardan tanıyıb sevən yeni nəsillərimiz getdilər dədə-baba torpaqlarına. Döndülər ki, bu torpaqda yaşayıb-yaratsınlar, tikib-qursunlar, bu torpağa daha dərin köklərlə sarılaraq düşmənə çəpər, gözdağı olsunlar...

 

 

 

Dualarımızn çin olduğu müqəddəs məqam

 

 

Bəli, bu günlər Azərbaycan xalqı olaraq, sözün əsl mənasında, möcüzə dediyimiz tarixi anlara şahidlik edir, dualarımızın çin olduğu müqəddəs məqamlar yaşayırıq.

 

Eynilə qalib sərkərdə İlham Əliyevin Ağdam məscidinə Məkkədən gətirdiyi müqəddəs Qurani-Kərimi bağışlayarkən torpaqlarımızın işğaldan azad olunmasından duyduğu xoşbəxtlik hissini dilə gətirdiyi kimi: "...Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır.

Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Bəli, məhz xalqımızın hər bir şəxsinin, ən ali şəxsindən, ən sıravi üzvünə qədər safülvi hisslərlə Vətənə bağlılığı idi ki, bizə şər üzərində qələbə çalmağa güc verdi, haqqı nahaqqa qurban verməmək üçün xalqımızı qüvvətli etdi.

Mənfur düşməndən fərqli olaraq, Qarabağ, Zəngəzur bizim üçün sadəcə torpaq deyil. Bu torpağın hər qarışı qəhrəman oğullarımızın qanları ilə suvarılaraq Vətənə çevirdiyi müqəddəs məkandır.

Bax buna görədir ki, igid oğullarımız 30 ildir dədə-baba yurdumuza göz dikərək maddi-mədəni abidələrimizi məhv edən, orada Azərbaycan xalqına məxsus bütün izləri silməyə çalışaraq zorla özünü Qarabağımıza, Zəngəzurumuza yamamaq istəyən düşməni cəmi 44 gün ərzində qarşısında diz çökdürdü.

Ay-ulduzlu üçrəngli bayrağımızın kölgəsində o yurdlarımız yenidən behiştə döndü, cənnət ətri saçdı...

Dədə-baba torpağından didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən həsrətinə son qoyuldu, möhtəşəm Böyük qayıdış başladı...

 

 

Böyük qayıdışın ilk təməl daşı Cocuq Mərcanlıda qoyulmuşdu

 

 

Böyük qayıdışın ilk təməl daşı hələ 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qoyulmuşdu. 2016-cı ildə Azərbaycan Ordusunun Aprel zəfəri ilə azad olunan bu Vətən torpağımız doğma sakinlərinə sevinclə qucaq açan ilk yurdumuz olmuşdu. Həmin gün, illərdən sonra yenidən öz yurd-yuvalarına qayıdan soydaşlarımızın yanında olan Prezident İlham Əliyev Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə dalğalanan Azərbaycan bayrağının, gün gələcək Şuşada dalğalanacağını da bütün dünyaya bəyan etmişdi.

Cocuq Mərcanlı erməni əsarətində qalan Qarabağ torpaqlarına aparan ağ yollarımızın başlanğıcı, bu yurda köçən sakinlərimiz isə məcburi köçkünlük daşını ətəyindən tökən soydaşlarımızın ilkləri olmuşdular.

Və 44 günlük Vətən müharibəsində qazandığımız parlaq zəfərin üzərindən heç bir gün keçməmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyev yurdlarından didərgin salınan yüzminlərlə insanın tezliklə doğma torpaqlarına qovuşacağının müjdəsini vermiş, demişdi ki, "...siz köçkün deyilsiniz, siz qayıdırsınız".

Hazırda dövlətimiz bu mühüm missiyanın həyata keçirilməsi üçün Şərqi Zəngəzurda və Qarabağda böyük quruculuq və bərpa işləri aparır. Azərbaycan bütün potensialını, gücünü səfərbər edərək çalışır ki, çox qısa zamanda bu yerlərə yenidən həyat qayıtsın. İşğaldan azad edilən torpaqlarımızda infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur. Yeni şəhərlərin təməli qoyulur, "ağıllı kənd"lər salınır...

 

 

 

"Ağıllı kənd" konsepsiyası ilə qurulmuş möhtəşəm məkan

 

 

Budur, artıq ilk "ağıllı kənd"imiz Zəngilanın Ağalı kəndi yeni sakinlərinə qovuşur. Müasir şəhərsalma standartları tətbiq olunmaqla yenidən qurulan kənddə, bu il mayın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirilib.

Ağalı kəndinin mərkəzi meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi də elə dövlət başçısı İlham Əliyev tərəfindən işə salınıb.

Kəndə  ümumilikdə 41 ailənin köçürülməsi nəzərdə tutulub. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, KiçikOrta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Eləcə də Ağalının küçələrinin "ağıllı" işıqlandırılması, istisoyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması yüksək səviyyədə reallaşdırılıb. Kənddə "Gillmed" tikiş fabriki, Ailə sağlamlıq mərkəzi, uşaq bağçası və orta məktəb tikilib.

Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.

Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.

Ağalı kəndi bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda ilk "ağıllı kənd" konsepsiyası ilə qurulmuş möhtəşəm məkandır.

 

 

 

"Biz, bu torpaqların əbədi sahibləri qayıtmışıq"

 

 

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında müharibədən ötən qısa müddət ərzində böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur artıq doğma sakinlərini qəbul etməyə başlayıb. Çox tezliklə, bütün keçmiş məcburi köçkünlər Azərbaycanın qələbə bayrağı ilə bəzədilmiş karvanlarla doğma yurdlarına dönəcəklər. Səsləri, avazları gəldikcə yerə-göyə, "biz, bu torpaqların əbədi sahibləri qayıtmışıq" deyə hayqıracaqlar...

 

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 24 iyul.- S.3.