"Laçınlı çağlarıma yenidən döndüm"

 

 

... Neçə gün idi ki, yuxuları da ərşə çəkilmiş, gecə səhərə kimi dağı arana daşımışdı. Gah öz-özünə danışmış, gah da beynində çək-çevir etdiyi fikirlərin kələfində dolaşıb qalmışdı...

"İlahi, illərdir bir daha görə bilməyəcəyimi düşündüyüm o yerlərə, həyatımın ən gözəl çağlarının keçdiyi o doğma yurda qədəm qoyanda sevincdən ürəyim partlamayacaq ki?!.", - deyə gözlərindən süzülən göz yaşlarına dəm vermişdi...

Kaş demişdi, "kaş ki, indi Mirzə də yanımda olaydı... Ürəyimizdə, qəlbimizdə, bir qərinəyə yaxındır ki, sağalmaz yara kimi qanayan, çarəsizliyimizin ağrı-acılı ünvanı olan doğma Laçınımıza etdiyim bu səfərə qoşa çıxaydıq, müqəddəs ziyarətimizi birgə edəydik..."

 

 

Körpə balası kimi bağrına basıb öpdüyü yurd daşları

 

 

İlahi, hara gedib bu el-oba...

Niyə hər tərəfi daş sükutu bürüyüb, heç yerdən səs gəlmir?

O, dizboyu qalxmış otların arası ilə yeni cığır aça-aça məhəllələrinə sarı qalxır, heç olmasa tanış bir üz görmək, doğma bir hənir duymaq üçün ümidlə, intizarla ətrafa boylanır... Dağlara, daşlara, meşələrə, düzənlərə göz gəzdirir, səsi-avazı gəldikcə haraylayır doğma el-obasını, qohumlarını, qonşularını...

 

Heyhat...

 

Öz səsinin dörd bir yandakı dağıdılmır, viranəyə çevrilmiş evlərin yarıuçuq divarlarına dəyərək sınıb qayıdan tükürpərdici əks-sədasına diksinir...

Qəfildən gözləri yurdundan geriyə qalmış son nişanələrə, xırda daş parçalarına sataşır... Daha bundan sonra odlu göz yaşları ilə torpağın köksünü dağlayan Validə ananı heç cür ovutmaq mümkün olmur...

Dizin-dizin sürünərək yurd daşlarını körpə balası kimi öpüb bağrına basan ağbirçək elə hey fəryad edir, gəncliyində ömür yoldaşı ilə birgə əl-ələ verib min bir əziyyətlə, zəhmətlə qurub-yaratdığı yuvasının dağıdılmasından duyduğu dəhşətli əzabla qıvrılır...

Axı bu evi nə xəyallar quraraq, nə arzular diləyərək tikmişdilər. Övladları bu evdə dünyaya göz açmışdı, böyümüşdü, məktəbə yollanmışdı... Hələ qarşıda onları nə qədər xoş günlər gözləyirdi....

Bu evdə oğul toyu edib gəlin gətirəcəkdilər, qız köçürəcəkdilər: "Nə biləydik ki, zalım fələk bizə necə oyunlar qurub? Haradan biləydik ki, el-obamızdan didərgin düşəcəyik? Yurdumuza həsrət qalacağıq, doğmalarımızın qəbrini belə ziyarət edə bilməyəcəyik. Nə qədər yaxınlarımız, doğmalarımız bir daha doğulduğu torpağı görmədən həsrətlə bu dünyayla vidalaşacaq..."

"Biz qayıtdıq, Vətən!" rubrikasının budəfəki qonağı Laçın rayon sakini Validə Yusif qızı Həmzəyevadır...

Bu yaxınlarda, Qurban bayramı ərəfəsində Laçına ziyarətə gedib öz doğulduğu, gəlin köçdüyü kəndləri görən Validə xanım deyir ki, doğma torpağına qədəm qoyduğu ilk anda beynində də, ürəyində də sadəcə bir hiss olub - şükranlıq: "Bu müqəddəs günləri yaşamağı mənə nəsib etdiyi üçün əllərimi açıb Allaha şükür edirdim. Bizi Laçın həsrətindən qurtaran Müzəffər sərkərdəmiz İlham Əliyevə, igid oğullarımıza sonsuz minnətdarlıq duyur, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid balalarımızın ruhuna dualar edirdim. Sadəcə ürəyimdə bir nisgil var idi ki, Laçının azad olduğunu bilsə də, ana yurduna bir daha qədəm basmaq Mirzəyə qismət olmadı... O, bu günlərin həsrətini çox çəkmişdi..."

 

 

 

Çadır şəhərciyindəki məhrumiyyətlərə rəğmən övladlarının hamısına ali təhsil verib

 

 

 

1953-cü ildə Laçın rayonunun Qarabəyli kəndində el arasında böyük hörməti olan bir kişinin, Yusif Fətəliyevin ailəsində anadan olub Validə xanım... Ailədə 4 uşaq olublar - iki qardaş, iki bacı. O, 1970-ci ildə Qorçu kənd orta məktəbinin 10-cu sinfini bitirib və 1970-75-ci illərdə Mədəni Maarif Texnikumunun kitabxanaçılıq fakültəsində oxuyub. Bir müddət doğulduğu Qarabəylidə kənd kitabxanasının müdiri vəzifəsində işləyib.

1975-ci ildə ailə quraraq Qorçu kəndinə Mirzə Rza oğlu Həmzəyevin evinə gəlin köçüb. Onların beş övladları dünyaya gəlib, ikisi oğlan, üçü qız. 1985-ci ildə Mirzə Həmzəyevin iş yerini Ağdam rayonuna dəyişməsinə görə, həmin rayonunun Seyidli kəndində yaşamağa başlayıblar. Övladları Ağdam şəhər 8 nömrəli orta məktəbində təhsil alıblar. 1993-cü ildə rayon işğal olunandan sonra isə Həmzəyevlər ailəsinin də çətin və məşəqqətli məcburi köçkünlük həyatları başlayıb. Ailə ilk olaraq Bərdə, sonra Şamaxı şəhərlərində, daha sonra isə Bərdə ərazisində yerləşən Türk Qızılay şəhərciyində məskunlaşaraq, 12 il burada yaşayıblar. Validə xanım şəxsi əzmi və çabası sayəsində, yaşadıqları məhrumiyyətlərə, yoxluqlara, çətinliklərə baxmayaraq, bu çadır şəhərciyində beş övladının hamısına ali təhsil verib. Onlar müxtəlif ixtisaslar üzrə müəllim peşəsinə yiyələniblər. Tale elə gətirib ki, bu ailənin gəlin və kürəkənlərinin də hamısı müəllim olub.

Ömrünün 47 ilini dövlət qulluğuna həsr etmiş ailənin başçısı Mirzə Həmzəyev 2013-cü ildən təqaüdə çıxıb. Təəssüf ki, bu ilin yanvarında doğulduğu Laçını bir daha görmədən gözlərini bu dünyaya əbədi yumub...

 

 

 

Solğun çiçəklər...

 

 

 

Validə xanımla həzin, kövrək notlar üzərində köklənmiş söhbətimizə lap uzaqdan, illər öncə Laçındakı bəxtəvərlik illərindən başlayırıq...

Hələ o zamanlar kiçik qızcığaz idi Validə...

Qarabəyli kəndində adla deyilən ovçu babası südəmər bir əlik balası tapıb gətirmişdi onun üçün. Balaca əlləri ilə ona süd vermiş, böyütmüşdü. Bala əlik ona, Validə də bu cüyür balasına o qədər öyrəşmişdi ki, hər yerə birlikdə gedərdilər. Körpə cüyür Validənin öz əlləri ilə toxuyub boynuna asdığı al-əlvan qotazları sağa-sola yelləyə-yelləyə onun arxasınca qaçar, birlikdə dağlara çıxar, düzənlərdə gəzər, sıx pöhrəli ağacların altında dincələrdilər...

 

Xatirələrə dalır Validə ana:

 

- Qarabəylidə 9-10-cu sinif olmadığı üçün qardaşım, əmim uşaqları ilə birgə orta məktəbin son siniflərini qonşu Qorçu kəndində oxuduq. Adətən, bu iki kəndin arasında yerləşən Alaağac deyilən yerdə sıx ağacların altında oturub bir hovur dincəlir, daha sonra məktəbə doğru yolumuzu davam etdirirdik...

 

Böyük düz deyilən yer isə biçənək yerimiz idi. Biçinçilər kərənti ilə otu biçər, təzə biçilmiş otdan qalxan xoş rayihə ətrafı bürüyərdi... O qədər buradakı dərənin içərisindəki bulaqdan atama, qardaşıma, dayıuşaqlarıma, əmiuşaqlarıma cürdəkdə sərin su daşımışam ki... Bir də görürdün ki, atamgil axşamüstü elə buradaca 2-3 əmlik quzunu kəsib kabab çəkir, böyük bir ziyafət təşkil edirdilər... Biz uşaqlar da qayğısızcasına oynayır, alabəzək kəpənəklərin arxasınca qaçır, əlvan güllərdən özümüzə çələng hörürdük...

 

Yadımdadır, bir dəfə evimiz təmir olunanda böyüklərin gözündən yayınıb xəlvətcə divarda boya ilə gül rəsmləri çəkmişdim... Anamgil mənə hirslənməsin deyə, usta demişdi ki, "çox gözəl rəsmlərdir, yenə də çək" və mən də həvəslənib daha bir neçə rəngarəng gül rəsmi həkk etmişdim evimizin divarına. İllərdən sonra Qarabəylidəki evimizə gedəndə və uçuq divarlarımız üzərində vaxtilə əllərimlə çəkdiyim güllərin də solduğunu görəndə o qədər kövrəldim ki...

 

 

 

"Əziyyətlə tikib-qurduğumuz evimizin dağıdıldığını görəndə çarəsizlikdən nə edəcəyimi bilmədim"

 

 

 

Validə xanın deyir ki, 1975-ci ildə Qorçu kəndinin Həmzələr, Göygüney kimi tanınan məhəlləsinə gəlin köçüb. Yaxın dost olan atası Yusif Fətəliyev və qayınatası Rza Həmzəyev  II Dünya müharibəsinin iştirakçıları olublar. Yoldaşıgilin yaşadıqları bu məhəllə onların dədə-baba torpaqları olmuş, hələ çar dövründə babalarına sənədlə verilmişdir. Validə xanımın qayınatasının atası Həmzə kişinin dörd övladı da bu məhəllədə yaşamışdılar...

 

- Kəlbəcər yolu ilə Laçına səfər edəndə Ağduzdağ deyilən yer var, orada "Laçın" sözü yazılmış lövhəni görəndə böyük həyəcan keçirdim, ağladım. Asan deyil, düz 30 il idi ki, Laçına gedən yolumuz bağlı idi və indi doğma yurdumun bir addımlığındaydım. Amma ora gedib əzizlərimlə, qonum-qonşumla rastlaşmayacağımı, öz əllərimlə zəhmətlə tikdiyim evin dağıldığını görəcəyimi bildiyim üçün çox üzülürdüm. Biz Ağduzdağdan Lolabağırlı kəndinə, oradan Qorçu istiqamətinə yol aldıq. Uzaqdan Göygüney dediyimiz məhəlləmiz, ilk olaraq meşənin ətəyində qaynımın, yoldaşımın əmisi oğlanlarının dağıdılmış evləri görsənməyə başladı.

 

Daha səbrim çatmadı, maşından düşüb pay-piyada evimizə tərəf qaçdım. İlahi, evimiz nə gəzirdi? Ev adına yurd yerimizdə bir-iki xırda daş parçası qalmışdı. Od-ocağımın bu cür viranəyə çevrilməsi, əziyyətlə tikib-qurduğumuz evimizin dağıdıldığını görəndə çarəsizlikdən nə edəcəyimi bilmədim...

 

Bircə evimizdən geriyə qalmış xırda daş parçalarını öpə-öpə ağlamağa gücüm çatdı...

 

 

 

Taleyimizə müharibə uşağı olmaq kimi bir qismət yazıldı

 

 

 

Gedib öz yurdunu viranə görən və elə hey ah-nalə edərək, gözlərindən qan-yaş tökən bu ağbirçək anaya təsəlli verməyə heç bir söz tapa bilmirik...

 

Validə ana bu obadakı xoş günlərini, xarabalığa çevrilmiş evlərlə, kötükləri qalan ağaclarla bağlı xatirələrini gəlini Nərgizə danışır... İllər boyu söylədiklərini indi bir-bir yerini nişan göstərərək təkrarlayır...

 

Söhbətimizi 30 illik ayrılıqdan sonra anası ilə bərabər Laçına səfər etmiş Validə xanımın böyük oğlu, Ağdam 38 saylı məktəbin direktoru Məsud Həmzəyevlə davam etdiririk. 15 yaşındaykən doğma yurdunu tərk etmək məcburiyyətində qalan Məsud müəllim məcburi köçkünlük həyatında bir yeniyetmə kimi sosial problemlər içində nə qədər ağrı-acılar yaşasa da, oxumaq həvəsi heç vaxt itməyib. Orta məktəbi 1995-ci ildə Bərdədə məskunlaşdıqları çadır şəhərciyindəki 14 saylı məktəbdə bitirib. Coğrafiya fənni üzrə ali təhsil alaraq, 2002-ci ildən elə bitirdiyi bu orta məktəbdə müəllim kimi çalışmağa başlayıb. 2004-2006-cı illərdə 14 saylı məktəbin dərs hissə müdiri işləyən Məsud Həmzəyev 2006-cı ildə Ağdam ərazisində köçkünlər üçün yeni salınmış Baharlı-2 qəsəbəsindəki orta məktəbin direktoru təyin edilib. O, 2019-cu ilin may ayında Kürdəxanıda məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə yerləşən Ağdam 38 saylı tam orta məktəbin direktoru təyin olunub. Gənc olsa da, artıq 19 illik pedaqoji, 15 illik direktorluq təcrübəsi var.

 

- Bizim taleyimizə müharibə uşağ

 

ı olmaq kimi bir qismət yazıldı. Savaş gördük, güllə, mərmi yağışı altında məktəbə getdik, təhsil aldıq. Yeniyetmə vaxtlarımızda torpaqlarımız işğal edildi, elimizdən-obamızdan didərgin düşdük. Məcburi köçkünlük dövründə çox ciddi problemlərlə qarşılaşdıq. Laçın, Ağdam işğal olunmuşdu, sakinləri respublikanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Həmin dövrdə təhsili davam etdirmək, şagirdləri bir yerə toplamaq həqiqətən də çətin idi. Təbii ki, bu da təhsildən yayınmaya səbəb olurdu. Məcburi köçkün uşaqları yerləşdikləri çadır şəhərciklərində təhsil alırdılar. Böyük maarifçilik, təhsil ənənələri olan Ağdam məktəblərində boşluqlar yaranırdı. Mən özüm 9-11-ci sinifləri 11 məktəbdə oxumuşam. Yəni 3 ildə 11 məktəb dəyişmişəm. Təkcə bu fakt məcburi köçkün uşaqlarının hansı məşəqqətlərlə orta təhsil aldıqlarını təsdiqləyir.

 

 

 

Armud ağacı bizi gözləyirdi

 

 

 

Laçında, Ağdamda keçirdiyi, çox qısa, lakin ömrünün ən mənalı günlərini dilə gətirən Məsud müəllim vurğulayır ki, doğulduğu və Qorçunun ən səfalı hissəsində yerləşən Həmzələr məhəlləsi xeyli ziyalı yetişdirib:

 

- Burada Həmzə babamın oğlanları Bahadurun, Rzanın (atamın atası) evi, əmim Fərruxun, Hüseynalının, atamın əmisi oğlanlarının evləri var idi. Gedib gördük ki, o evlərin hamısını uçurublar, məhləmiz darmadağın edilib.

 

Amma bilirsiniz, məni toxdadan nə oldu? Hələ mən dünyaya gəlməzdən əvvəl atamın calaq etdiyi bir armud ağacı var idi, gördüm ki, o armud ağacı hələ də durur, bar gətirir... O ağacı görəndə uşaqlıq xatirələrim, Laçında keçirdiyim gözəl günlər canlandı gözlərim önündə. Bu ağac həm də onun göstəricisi idi ki, düşmən nə qədər mənfurluq etsə də, burada min illər boyu məskən salıb yaşamış nəsillərin kökünü kəsə bilməyib və heç zaman da bunu bacarmayacaq...

 

Kəndimizdə çayın kənarında yerləşən bulağa endik, oradan su içdik. O bulağın üstündəki armud ağacının kölgəsində oturub dincəldik, ətrafın möhtəşəm mənzərəsini seyr etdik. Dəmirçi dağına, səfalı yaylaqlarımıza, yaşıl meşələrimizə baxdıq. Bir daha, doğma Laçınımızın, bütövlükdə Azərbaycanın gözəl təbiətinin vurğunu olduq.

 

 

 

Ağdamda tikib-qurduğumuz ikinci yurdumuzu da düşmən darmadağın etdi

 

 

 

1985-ci ildə Həmzəyevlər ailəsi Laçından Ağdama köçdükdən sonra iş stajına və çoxuşaqlı ana olduğuna görə Validə xanım təqaüdə çıxır. Ana burada yalnız övladlarının təhsil və tərbiyəsi ilə məşğul olmağa başlayır. Məsud müəllim danışır ki, özü də daxil olmaqla, bacı-qardaşlarının hamısı yaxşı oxuyurdu və bu nailiyyətlərində analarının çox böyük rolu var idi:

- Ağdamın Seyidli sovetliyinin Sarıhacılı kəndində yaşayırdıq. Burada çox gözəl məhləmiz var idi. O zaman gəlib bağımızı görən insanlar deyirdilər ki, daha buradan yaylağa getməyə ehtiyac yoxdur, cənnətin özü elə buradır. Bağımızda bütün meyvə ağaclarından var idi, anam da o qədər gözəl, rəngarəng çiçəklər əkmişdi ki, doğrudan da, adamı valeh edirdi...

Çox təəssüf ki, valideynlərimizin ikinci qurduğu yuvanı da mənfur düşmən məhv elədi. Burada da yaşamaq bizə qismət olmadı.

Amma mənfur düşmənin yerləyeksan etdiyi, bir salamat bina belə qoymadığı Ağdamda da, Laçında da, digər viran qoyulmuş yurdlarımızda da hazırda dövlətimiz tərəfindən həyata keçirilən böyük tikinti-quruculuq işlərini görəndə, ürəyimiz toxtayır. Laçında olarkən burada Böyük qayıdışa möhtəşəm hazırlıq getdiyinin qürurlu şahidi olduq.

Ötən il dövlət başçımız cənab İlham Əliyevin öz əlləri ilə təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının sürətli tikintisi gedir və çox yaxında istifadəyə veriləcək. Eləcə də yeni yollar çəkilir, tunellər salınır, digər mühüm işlər həyata keçirilir. Ali Baş Komandanımız İlham Əliyev torpaqlarımızı mükəmməl hərbi taktikası ilə cəmi 44 günə azad etdiyi kimi, indi də dünya tarixində görünməmiş bir sürətlə o yerlərdə həyatın yenidən var olması üçün böyük işlər görür. Çox tezliklə biz öz abad yurdlarımıza qayıdacağıq və orada əbədi yaşayacağıq.

Biz keçmiş məcburi köçkünlərə bu xoşbəxt hissləri yaşatdığına görə ömür boyu Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdar olacağıq.

 

 

 

Bu torpaqlara qayıdacağımıza əmin idik

 

 

 

30 ildən sonra doğma yurda səfər edən Həmzəyevlərin növbəti baş çəkdikləri ünvan isə Validə ananın doğulduğu Qarabəyli kəndi olur. Kəndə yaxınlaşdıqca qəbiristanlıqları görünür və o burada tək-tük salamat qəbirlərdən biri olan atası Yusif kişinin, dayılarının qəbirlərini ah-nalə ilə ziyarət edir. Sonra isə yenə də pay-piyada dünyaya göz açdığı evə tərəf gedir. Quruca divarları qalmış evlərinin qapısında "haradadır mənim ata-anam, bacı-qardaşlarım" deyərək fəryad edir...

Validə xanım onu da qəzəb qarışıq ağrı-acı ilə dilə gətirir ki, mənfur düşmən onların evlərində yaşayıb, daha sonra xislətlərindəki vəhşi xüsusiyyətə xas davranaraq dağıdıblar...

- Bilirsiniz, dünya malı dünyada qalır. İtirdiyimiz mal-dövlətə, ev-eşiyə görə heç zaman heyifsilənməmişəm. Elə Mirzə də hər zaman şükür edirdi ki, biz övladlarımızı o qan-qadalı günlərdən sağ-salamat çıxara bildik.

Şükür, bu günləri gördük. Cənab Prezidentimizin "dəmir yumruğ"u, igid oğullarımızın canı, şəhidlərimizin qanı bahasına vətən torpaqlarımız işğaldan azad edildi və biz məcburi köçkünlük həyatından qurtulduq.

Hər zaman düşünürdük ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq və biz yurd yerlərimizdə yenidən evlər tikəcəyik, övladlarımız yenidən orada xoşbəxt həyat sürəcək. İnanın Allaha, 44 günlük Vətən müharibəsinin hər anı televiziya ekranının qarşısında dayanıb cənab Prezidentimizin bir-bir torpaqlarımızın azadlığı ilə bağlı verdiyi müjdələri gözləməklə keçib.

Mirzə də, mən də həmin günlərdə körpə uşaq kimi sevincdən hönkür-hönkür ağlayırdıq... Eləcə də cənab Prezidentimizin, Mehriban xanımla çiyin-çiyinə o yurdlara getmələri, dağıdılmış məscidlərimizi ziyarət etmələri, onlara "Quran" hədiyyə vermələri bizi dərindən duyğulandırırdı. Allah onların hər ikisinə cansağlığı versin, övladlarını min budaq etsin...

 

 

 

İllərdən sonra qovuşduğu Laçınından bir daha ayrılmaq istəmirdi...

 

 

Yavaş-yavaş qüruba əyilən Günəş Laçın dağlarını al-qırmızı rəngə boyayır, bayaqdan bəri göylərdə sərbəst süzən quşlar şən cəh-cəhlə meşədəki nəhəng ağacların budağında qurduqları yuvalara tələsirdilər. Şaqqıltısı dağı-daşı başına götürmüş çaylar da, bulaqlar da axşam mehinin sərinliyi ilə xumarlanır, ruha sakitlik gətirən zümzümə ilə axıb gedirdilər...

Validə ana oğlu Məsud, gəlini Nərgizlə doğma vətənə etdikləri müqəddəs səfəri başa vurub, onları qoynuna alan Laçın və Kəlbəcərin əsrarəngiz təbiət mənzərələrinə baxa-baxa geri dönürdülər...

Yolboyu sıx meşələri, ucsuz düzənləri, coşqun çayları seyr edən Validə ananın fikri isə çox uzaqlarda idi...

Gah Qarabəylidəki uşaqlıq çağları, gah Qorçuda ailəsi ilə yaşadıqları bəxtəvər zamanları ötürdü xəyalından...

Gah da 30 il Laçın həsrəti ilə yaşadıqları nisgilli həyatları keçirdi ağlından...

Elə bu məşum anların yaratdığı dözülməz təəssüratlarla da hövlnak xatirələrindən ayrılıb geri dönmək istəyirdi Laçına...

İllərdən sonra qovuşduğu Laçınından bir daha ayrılmaq istəmirdi...

Lakin tezcə də onu çuğlayan Laçına əbədi dönəcəklərinin xoşbəxtlik hissi ilə gözlərindən süzülən sevinc gözyaşlarını silərək gözüdolusu ana Vətənə baxırdı...

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 24 iyul.- S.6.