Hansısa
dövlət məmuru öz vəzifə borcunu şərəflə
yerinə yetirməsə, cəzalandırılacaq
Prezident
İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər
Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin
başçısı təyin olunmaları ilə əlaqədar
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Siz Göygöl, Lerik və Masallı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, bu etimadı öz işinizlə doğruldacaqsınız.
İlk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır.
Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq.
Təbii ki, bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir.
Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.
Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Əlbəttə, fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi.
Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar.
Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.
Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir.
Son illərdə bir çox işlər görülüb. Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim. Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər biz Göygöl gölünü də ictimaiyyət üçün açdıq. Mən əvvəlki illərdə, müharibədən əvvəlki illərdə də maraqlanırdım ki, nə üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyil. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.
Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik
yolu bərbad vəziyyətdə olduğu üçün
Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı
şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını
başlamışdır. Bu rayonun da
çox böyük tarixi, çox böyük sərvətləri
var. Masallı rayonunun da həmçinin. Masallı
rayonunun dağlıq hissəsi, düzən hissələri
var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm
potensialı çox zəngindir.
Eyni zamanda, hər üç rayonda kənd təsərrüfatının
inkişafı üçün də çox gözəl
imkanlar var. Burada da müasir tələblərə uyğun kənd
təsərrüfatı yaradılmalıdır. Müasir
aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi
şərtilə heyvandarlıq, bitkiçilik rayonların
xüsusiyyətlərinə görə inkişaf etməlidir.
Bununla bağlı olan çox ciddi məsələ
torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi
dövlət məmurları və bəzi sahibkarlar tərəfindən
böyük torpaq sahələri hasarlanmışdır,
qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı
üçün nəzərdə tutulan torpaqlarda ya evlər
tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr
hasarlanıb kiminsə mülkiyyətinə
çevrilmişdir. Biz bu məsələni bu
yaxınlarda ciddi araşdırmağa başladıq və
gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli
şəxslər yerli icra orqanlarının nümayəndələrinə
göstəriş verirdilər ki, o torpağı mənə
ver, bu torpağı mənə ver. Beləliklə də
torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt
edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət
almışdır. Bu, təkcə regionlara aid
olan məsələ deyil, Bakı şəhərində,
Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də
bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi
mənə müraciət etmişdir ki, böyük tarixə
malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt
edilmişdir. Mən Bakı Şəhər
İcra Hakimiyyətinin başçısına dərhal
göstəriş verdim ki, bu məsələ
araşdırılsın, mənə məruzə edilsin və
mənə məruzə edildi. Çox
böyük pozuntular aşkarlandı, çox böyük
pozuntular. Bu qanunsuz əməllərə
kimlər əl atıb? Dövlət məmurları və
bəzi dırnaqarası sahibkarlar! Onların da
siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə
qarşı cinayətdir. Bu qayalar
Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin
gözəlliyini əks etdirirdi. Bu qayalara
insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi.
Kimsə bunu zəbt edir, onları
sındırır, özləri üçün villa tikir.
Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir
daha demək istəyirəm ki, bu hallara qarşı çox
ciddi mübarizə aparılır. Çünki
idarəetmədə çox ciddi islahatlar aparılır,
çox böyük təmizləmə işləri
aparılır. Bu işlərə rəvac
verən və bəzi dövlət məmurlarını, yerli
icra orqanlarını bu qanunsuz işlərə təhrik edən
insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu
görürlər. Ona görə siz
dövlət məmurları kimi bu hallara çox ciddi fikir
verməlisiniz. Bunu mən sizə deyirəm və
bütün dövlət orqanlarının nümayəndələrinə
deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul
olmaq istəyən insanlara deyirəm: Əl çəkin
bundan! Cəzalandırılacaqsınız və
cəzalandırılırlar. Biz kiminsə
tamahına, kiminsə şəxsi maraqlarına görə
ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik.
Ona görə torpaqların qanunsuz zəbt edilməsi
prosesi araşdırılmalıdır. Həm
rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün
ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə,
bütün rayonlarda araşdırılmalıdır və
qanunsuz əməllərə son qoyulmalıdır.
Azərbaycan ərazi baxımından o qədər də
böyük ölkə deyil. Bizim üçün
hər qarış torpaq qiymətlidir, dəyərlidir və
torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək
üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq və
sizə də tövsiyələrimin biri bundan ibarətdir.
Görülən və görüləcək
bütün işlər elə aparılmalıdır ki,
ekologiyaya ziyan dəyməsin. Xüsusilə
həm Göygöl, həm Lerik, həm də Masallı
çox zəngin təbiəti olan rayonlardır. Ona görə ekoloji tarazlıq, ekoloji normalar
qorunmalıdır. Bunu mütləq nəzərə
alın.
Əminəm ki, hər bir rayonda, hər bir yerdə
müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir
çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin
siyasəti bundan ibarətdir. Mən hər
zaman Azərbaycan dövlətinin siyasətini birmənalı
şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim
edirdim. Mənim bir çox
çıxışlarım ictimaiyyət
qarşısında hesabat xarakterli
çıxışlardır və eyni zamanda, bütün
dövlət məmurlarına, o cümlədən sahibkarlara
dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır.
Sahibkarlıq inkişaf edir, mən bunu dəstəkləyirəm
və bunun üçün bir çox addımlar
atılır.
Ancaq burada da bütün qaydalara riayət edilməlidir,
xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı
sahəsində, turizm sahəsində. Baxmaq
lazımdır, yaradılan obyekt nə dərəcədə
bu və ya digər bölgənin memarlıq üslubuna cavab
verir, nə dərəcədə müasir normalara cavab verir,
bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa
yox. Əfsuslar olsun ki, vaxtilə Bakı
şəhərində inşa edilmiş bir çox
hündürmərtəbəli binalar indi heç bir şəhərsalma
normalarına uyğun gəlmir. Nə
üçün? Çünki qanunsuz
işlər görülüb. Rayon icra
başçıları qanunsuz icazələr verib və bunun
nəticəsində də faktiki olaraq şəhərsalma
prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək
çox çətindir. Amma biz indi bu mərhələdə
imkan verə bilmərik ki, inşaatda şəhərsalma
normaları pozulsun. Məsələn,
işğaldan azad edilmiş rayonlarda bütün şəhərsalma,
ekoloji normalar 100 faiz gözlənilir, özü də
dünyanın ən inkişaf etmiş ölkələrinin
standartları əsasında. Bax, siz də
öz fəaliyyətinizdə bu məsələlərə
ciddi fikir verməlisiniz və nəzarət etməlisiniz.
Rəhbərlik edəcəyiniz rayonlarda işlərin
daha yaxşı getməsi üçün əlbəttə
ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən
çəkinməməlisiniz. İctimai nəzarət,
ictimaiyyətin fəallığı, mövcud olan problemlərə
dövlət orqanlarının diqqətinin cəlb edilməsi
sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə
olmalısınız, ictimaiyyətlə bir yerdə
olmalısınız və biz ancaq bu yolla ölkəmizi
inkişaf etdirə bilərik.
Bir daha demək istəyirəm, sizə böyük
etimad göstərilir. Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə
gedən çoxşaxəli islahatlar, o cümlədən
idarəetmə sahəsində aparılan islahatlar, həmçinin
kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə
bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir.
Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.
Bax, mənim sizə göstərişlərim bundan ibarətdir. Mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz.
X X X
Rayonların yeni təyin olunan
icra hakimiyyətlərinin başçıları onlara
göstərilən böyük etimada görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını ifadə
etdilər, bu etimadı doğrultmaq üçün tam məsuliyyətlə
çalışacaqlarını və dövlətimizin
başçısının tapşırıqlarından irəli
gələn məsələləri, üzərilərinə
düşən vəzifələri layiqincə icra etmək
üçün səylə fəaliyyət göstərəcəklərini
bildirdilər.
Azərbaycan.-2022.- 26 iyul.- S.1-2.