Müstəqil siyasətin beynəlxalq nailiyyətləri

 

 

Hər bir uğuru ilə qürur duyduğumuz doğma vətənimiz özünəməxsus, həm də bənzərsiz inkişaf yolu, sürətli irəliləyişi ilə gündən-günə qüdrətlənir, dünya siyasət arenasında layiqli yerini möhkəmləndirir.

Müstəqil Azərbaycanın son illərdə inanılmaz dərəcədə dəyişdiyini, onilliklərə bərabər yol qət etdiyini hazırda hər kəs etiraf edir. Azərbaycan sürətli inkişafı ilə zamanı da qabaqlayır. Biz artıq ölkəmizin tərəqqisini müəyyən mənada labüd, qaçılmaz, dönməz proses kimi qiymətləndirməyə başlamışıq.

Son illərdəki yüksək nailiyyətlər fonunda hər bir yeniliyi, uğuru ictimai həyatın reallığı kimi dəyərləndiririk. Bir vaxtlar xəyal kimi görünən, əlçatmaz olan iri layihələrin ani bir zamanda həyata vəsiqə alması, işğaldan azad olunmuş şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımıza təəccüblü görünmür. Əslində, belə də olmalıdır. Azərbaycan son illərdə ölkə rəhbəri İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətlə irəliləyir və misilsiz uğurlara imza atır.

Prezident İlham Əliyevin sədrliyi ilə bu günlərdə Nazirlər Kabinetinin 2022-ci ilin altı ayının nəticələrinə həsr olunmuş müşavirəsi ölkəmizin əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi, dünyada gedən proseslərin aydın təhlili, eyni zamanda hökumət qarşısında gələcəyə hazırlıqla bağlı bir sıra konkret vəzifələrin müəyyənləşdirilməsi baxımından çox mühüm məqamlarla yadda qaldı.

Dövlət rəhbərimizin müşavirədə toxunduğu məsələlər sırasında Azərbaycanın beynəlxalq əməkdaşlığı məsələsi xüsusi yer tuturdu. Cari ilin 6 ayının nəticələri ölkəmizin bu sahədə də məqsədyönlü addımlarını uğurla davam etdirdiyini və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını göstərir. Müstəqil siyasət apararaq sülhə, inkişafa, insanların rifahına töhfə verən, bölgədə əməkdaşlıq mühiti yaratmağa çalışan, haqq savaşındakı qələbəmizlə ərazi bütövlüyünü bərpa edən ölkəmiz üçün bütün bunlar çox əhəmiyyətlidir.

 

Azərbaycana olan beynəlxalq inam

 

 

Prezident İlham Əliyev bu il beynəlxalq münasibətlər sahəsində qazanılmış nəticələr sırasında  Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini xüsusi vurğuladı. Ölkəmizin bu təşkilata 2019-cu ildən uğurla rəhbərlik etdiyini, bu statusda mükəmməl bir  nümunə yaratdığını, təşkilatın inkişafına böyük tarixi töhfələr verdiyini nəzərə alaraq Qoşulmama Hərəkatı təmsilçisi olan ölkələrin yekdil rəyi ilə Azərbaycanın quruma sədrliyi daha bir il - 2023-cü ilə qədər uzadılıb. Qoşulmama Hərəkatında 120 ölkə təmsil olunur. Bu təşkilat BMT-dən sonra bütün dünyada ölkələri bir araya gətirən ikinci ən böyük təşkilatdır. Azərbaycan haqqında verilən müvafiq qərar bir tərəfdən dövlətimizin bu qədər ölkə arasında qazandığı yüksək nüfuzunun göstəricisidir, digər tərəfdən də Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın bu təşkilatın fəaliyyətinə verdiyi töhfələrə ədalətli qiymətdir. Eyni zamanda bu ölkələrin Azərbaycana olan güclü inamının ifadəsidir.

Azərbaycanın sədrlik müddətində Qoşulmama Hərəkatının inkişafı ilə bağlı gördüyü işlər sırasında təşkilatın institusional inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər xüsusi yer tutur. Bildiyimiz kimi, iyunun sonunda Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldı və Parlament Şəbəkəsinin ilk toplantısı keçirildi. Belə bir şəbəkənin yaradılması Azərbaycanın təşəbbüsüdür. Qoşulmama Hərəkatının fundamental dəyər və prinsiplərinin təşviqində, təşkilata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasında belə bir platforma çox mühüm rol oynayacaq. Təşkilatın Parlament Şəbəkəsinin fəaliyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər üçün ümumi maraq kəsb edən məsələlərin həllinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq. Bu şəbəkə qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu da oynayacaq.

Bunun ardınca təşkilatın Gənclər Şəbəkəsinin formalaşdırılması kimi mühüm təşəbbüslər də var. Qoşulmama Hərəkatının Bakıda keçirilmiş toplantısı bu Hərəkatın çox böyük potensiala malik olduğunu, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün çox önəmli platforma kəsb etdiyini göstərdi. Azərbaycan da Qoşulmama Hərəkatının imkanlarından bəşəriyyətin rifahı naminə məqsədyönlü istifadə üçün çalışır, bu istiqamətdə gücünü əsirgəmir, dövlətimizə olan inamla imkanları reallığa çevirir.

Azərbaycan bu inamı sözünə sadiqliyi, verilən bəyanatlarla atılan addımların bir-birini tamamlaması, həlledici anlarda məsuliyyətli davranışları ilə qazanıb. Ölkəmiz beynəlxalq qurumlarla münasibətlərində dəyərli nümunə yaradır. Ortaya mükəmməl örnəklər qoyur.

COVID-19 pandemiyasının bütün dünyanı çənginə aldığı ən ağır vaxtlarda Azərbaycan dövləti öz vətəndaşlarını bu bəladan qorumaq üçün ardıcıl tədbirlər görməklə yanaşı, ehtiyac içində olan, əhalisi çarəsizlikdən kütləvi ölüm  təhlükəsi ilə üzləşmiş ölkələri də unutmadı. Bu məsələdə həmrəylik göstərdi və digərlərini də öz nümunəsində buna çağırdı. Ən ağır dövrdə 80-dən çox ölkəyə humanitar və maliyyə dəstəyi göstərdi. Bütün bunlar, təbii ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldir.

 

 

Milli maraqlar hər şeydən üstündür

 

 

Dövlət rəhbərimiz müşavirədə Avropa İttifaqı ilə əlaqələrin inkişafı məsələlərinə də diqqət yönəltdi. Bildirdi ki, hazırda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır.

Azərbaycanla Avropa İttifaqı arasında çox yüksəksəviyyəli münasibətlər, sıx əməkdaşlıq mövcuddur. Bu, cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə münasibətlərində, qarşılıqlı səfərlər və yüksəksəviyyəli dialoqda, birgə fəaliyyətin real nəticələrində özünü aydın şəkildə göstərir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri, Azərbaycanla imzalanmış memorandum da ikitərəfli əlaqələrin yüksək səviyyəsinin göstəricisidir. Enerji təhlükəsizliyi ilə bağlı imzalanmış bu memorandum əməkdaşlığımızın daha da önə, irəliyə keçməsinə zəmin yaratdı. Bu gün imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir deyən Prezident İlham Əliyev xüsusi vurğuladı: "Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyinimüasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur imkanları, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur".   

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında, hər iki tərəfin bu münasibətlərdən faydalana bilməsində maraqlıdır. Eyni zamanda ölkəmiz Avropanın aparıcı qurumlarının öz prinsiplərinə sadiqlik göstərməsini, bununla da öz nüfuzunu, ölkələrin bu qurumlara olan inamını qorumasını, problemlərin həllinə hər kəs üçün məqbul sayılan təsir imkanlarına malik olmasını arzulayır. Bu mənada Avropa Parlamentinin nümayəndə heyətini qəbul edərkən Azərbaycan Prezidentinin səsləndirdiyi müəyyən iradlar, tənqidi fikirlər adıçəkilən təşkilatda zaman-zaman ayrı-ayrı lobbi qruplarının ölkəmizə qarşı həyata keçirməyə çalışdıqları təxribatlara, qəbul olunmuş qeyri-obyektiv sənədlərə münasibətin də açıq ifadəsi idi.

Bir müddət əvvəl Avropa Parlamentində erməni lobbisinin dəstəyi ilə guya Qarabağda "erməni mədəni irsinin dağıdılması" ilə bağlı qəbul olunmuş qətnaməni yada salaq. Əvvəlki vaxtlarda da bu kimi sənədlər qəbul edilibbu vasitə ilə Azərbaycana təsir göstərmək cəhdləri olub. Ermənilərin təxminən 30 illik işğal dövründə Azərbaycan ərazilərində törətdikləri dəhşətli vandalizm əməllərini, tarixi abidələrimizi, məscidlərimizi və digər müqəddəs yerlərimizi, mədəniyyət obyektlərimizi yerləyeksan etdiklərini görən Azərbaycan vətəndaşı Avropa Parlamentinin bu mövqeyini necə təmkinlə qarşılaya bilər?! Harada yaşamasından asılı olmayaraq, regiondakı prosesləri diqqətlə izləyən, reallıqları obyektiv təhlil imkanlarına malik olan istənilən şəxsi Avropa Parlamentinin bu məsələdə ədalətli mövqeyinə necə inandırmaq olar?! Bu qətnamə, ikili standartların, Avropanın əsas dəyərlərindən olan ədalətin pozulmasıdır. "Biz həmin mövqeni tamamilə əsassız hesab edirik. Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil", - dedi Azərbaycan Prezidenti. Burada söhbət təkcə Azərbaycana münasibətdən də getmir. Avropa Parlamenti kimi üzərinə böyük bir missiya götürmüş təşkilat onu nüfuzdan salan, inamsızlıq aşılayan bu cür qeyri-adekvat davranışları özünə rəva bilməməlidir.

Azərbaycan beynəlxalq münasibətlərdə fəal rol oynayan, o cümlədən Avropa təşkilatları ilə də əməkdaşlıqlara mühüm önəm verən ölkə kimi, Avropa Parlamenti ilə sağlam, qarşılıqlı faydalı əsasda münasibətlərin inkişafına hazırdır. Görüş zamanı Prezident İlham Əliyev bunu bir daha diqqətə çatdırdı. Amma bu qurum da öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrinin inkişafına problem yaratmamalı, ilk növbədə ümumavropa maraqlarından çıxış etməli, Avropa İttifaqının partnyorları ilə konstruktiv münasibətlər formalaşdıraraq bunu inkişaf etdirməlidir.

Həmin görüşdə tutduğu mövqeyi, diqqətə çatdırdığı məqamları ilə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin dövlət maraqlarını hər şeydən üstün tutduğunu, milli mənafelərimizin müdafiəsini başlıca vəzifələrindən hesab etdiyini və respubliamızın haqq mövqeyindən heç zaman geri çəkilmədiyini bir daha göstərdi.

 

 

Beynəlxalq əlaqələr daxili məsələlərin də uğurla həllinə imkan yaradır

 

Azərbaycan türk dünyasının aparıcı ölkələrindən biri kimi bu coğrafiyada da mövqelərini gücləndirir, türkdilli dövlətlərin birliyinə ardıcıl töhfələr verir, bu ölkələrlə münasibətləri inkişaf etdirir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində göstərdiyi fəallıq, təşəbbüskarlıq bunun təsdiqidir. Azərbaycan türk dövlətləri ilə əlaqələrin inkişafına prioritet məsələ kimi yanaşır. Azərbaycanın fəal rolu əsasında türkdilli ölkələrlə getdikcə inkişaf edən münasibətlər həm ölkələrin bir-birinə qarşılıqlı siyasi dəstəyində, həm mühüm qlobal layihələr üzrə qurulan tərəfdaşlıqlarda, ikitərəfli və çoxtərəfli formatda aparılan müzakirələrdə, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində öz ifadəsini tapır.

Azərbaycan bütün bunlara paralel şəkildə Rusiya, İran, Gürcüstan kimi qonşularımızla da münasibətləri inkişaf etdirir. Dövlət rəhbərimizin bu ölkələrin prezidentləri ilə keçirdiyi görüşlər, apardığı müzakirələr qarşılıqlı hörmət, mehriban qonşuluq, müştərək fayda prinsiplərinə əsaslanan münasibətlərə böyük töhfə verir.

Bu il ərzində Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də mühüm addımlar atılıb, yüksək-vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub. ABŞ prezidentinin həm Müstəqillik Günü münasibətilə, həm də Bakı Enerji Həftəsinin açılışı ilə bağlı Azərbaycan Prezidentinə göndərdiyi məktublar, zəngin tarixə əsaslanan Azərbaycan-Amerika münasibətlərinin həm də böyük gələcəyindən xəbər verir.

Prezident İlham Əliyev müşavirədə bir daha vurğuladı ki, beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana problemləri daha böyük uğurla həll etməyə imkan verir. İlk növbədə qonşuluqda, digər tərəfdən isə ümumən dünyada müsbət beynəlxalq fonun mövcudluğu daxili siyasəti düzgün aparmaqdan ötrü hər bir ölkə üçün mühüm amildir.

 

 

Ermənistan öhdəliklərinin icrasından boyun qaçırır

 

 

Bu baxımdan, Azərbaycan Vətən müharibəsindəki qələbəsindən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Ermənistanla tez bir zamanda sülhün əldə olunmasında maraqlıdır. Məcburən kapitulyasiya aktına imza atmış Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən hələlik boyun qaçırmağa çalışması, əfsus ki, sülhə mane olur. Vətən müharibəsindən 1 il 8 ay ötsə də, Ermənistan hələ də öhdəliklərini yerinə yetirmək istəmir. Sülhə doğru ortada olan cüzi nəticələr də Azərbaycanın təşəbbüsünün və ardıcıl cəhdlərinin nəticəsidir. Məhz Azərbaycanın təşəbbüsü ilə delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilib. Bu, daha çox tanışlıq xarakteri daşısa da, hər halda ilk müsbət addım sayıla bilər. Sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul olunması, Ermənistan rəhbərliyinin rəsmən bu beş prinsipi qəbul etməsi də ölkəmizin təşəbbüsünün, sülh niyyətinin nəticəsidir.

Azərbaycan 10 noyabr Bəyannaməsində üzərinə götürdüyü öhdəliklərin hər birinə əməl edib, bu məsələdə də sözünə sadiqlik göstərib. O cümlədən Bəyannaməyə uyğun olaraq Laçın yolunun təhlükəsizliyini təmin edib. Bunun müqabilində Ermənistan öz öhdəliklərinin icrasını yubadaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulmasına hələ də şərait yaratmır, bu istiqamətdə heç bir görmür. Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasının hazırlanmaması, avtomobil yolunun marşrutunun təqdim olunmaması Ermənistanın qeyri-müəyyən niyyətlərindən, konkret öhdəliklərindən yayınmaq cəhdlərindən xəbər verir. Son vaxtlar Ermənistan rəhbərinin yenə hansısa status haqqında danışmağa başlaması da bu cəhdlərin davamıdır. Amma reallıq ortadadır: müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında status məsələsinə toxunulmaması barədə şifahi razılaşma olub. Ermənistan müəyyən müddət buna əməl etsə də, son zamanlar bu məsələnin adi hala çevrilməsi, status söhbətinin təkrarlanması Ermənistan üçün təhlükəli vəziyyət yaradır. Həmçinin 28 il ərzində münaqişənin yoluna qoyulması ilə bağlı heç bir ciddi nəticəyə nail ola bilməmiş Minsk qrupunu yenidən diriltmək cəhdləri də sülh prosesini pozmaqdan başqa bir şey deyil. Minsk qrupunun artıq fəaliyyətsiz olduğunu, digər həmsədrlərin bu instituta son qoyduqlarını qurumun həmsədrlərindən  olan Rusiya belə etiraf edir. Bu halda Minsk qrupu adı ətrafında manipulyasiyalar əbəs və faydasızdır.

Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, "dəmir yumruq" yerindədir. Ermənistan on illərlə yol verdiyi tarixi səhvlərdən nəticə çıxarıb öhdəliklərini yerinə yetirməli, regionda sülhə, əməkdaşlığa, qarşılıqlı inkişafa çalışmalıdır.

 

 İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 26 iyul.- S.1;4.