Əzəli yurdlara əbədi qayıdış

 

 

"Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalıya əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdı

 

 

Azərbaycan xalqı olaraq, tariximizin ən əlamətdar, möhtəşəm, qürurlu anlarını yaşayırıq. Zəfər sevinci daddıq, illərlə həsrət qaldığımız Vətən torpaqlarımız bütövlüyünə qovuşdu, yüzminlərlə soydaşımız məcburi köçkünlük yükündən azad oldu.

Hazırda isə tarix salnamələrimizə qızıl hərflərlə həkk olunacaq daha bir möhtəşəm məqamı, dədə-baba yurdlarımıza Böyük qayıdışı yaşayırıq. Şanlı Vətən müharibəmizin üzərindən heç iki il ötməmiş, Qarabağın, Şərqi Zəngəzurun əzəli sakinləri yurdlarında əbədi yaşamağa dönürlər.

Zəfərdən sonra bu xoşbəxtliyi ilk yaşayanlar, doğma Vətənə dönüşün ilk "qaranquşlar"ı isə Zəngilanın Ağalı kəndinin sakinləri oldular. Artıq "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.

 

 

"Böyük qayıdışın birinci kiçik addımı, bax bu gün atılır"

 

 

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi, bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə yeni həyat qurulur. Gündən-günə dirçələn yurdlarımızda müasir infrastruktur qurulur, nəhəng tunellər çəkilir, dünya miqyaslı dəhlizlər salınır, beynəlxalq hava limanları tikilir, bir sözlə, bu diyar meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir.

İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. O cümlədən də 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış məcburi köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

Bu baxımdan mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin keçirilməsi mühüm əhəmiyyət daşıyırdı. Həmin gün dövlət başçısı İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı bütün Azərbaycan xalqına müjdə verərək söyləmişdi ki, "Bu gün Böyük qayıdış dediyimiz prosesə start verildi. Böyük qayıdışın birinci kiçik addımı, bax bu gün atılır".

Şanlı zəfərimizin ardınca xalqımıza verilən bu xoş xəbərdən sonra, yurd həsrətli soydaşlarımız od-ocaqlarına dönəcəyi zamana sayılı günlər qalmasının təsvirəgəlməz sevincini yaşadılar.

Artıq köçkünlük həyatları başa çatmışdı, Vətəndə qəribçilikdən qurtulmuşdular, düz bir qərinəlik mənəvi məhrumiyyətlərdən sonra ömürlərinin yeni mərhələsinə qədəm qoymuşdular. Qarşıda onları bəxtəvər çağlar, firavan həyat gözləyirdi...

çox keçmədən Zəngilanın Ağalı kəndinin sakinləri illərlə arzuladıqları bu xoşbəxtliyi yaşadılar, doğma kəndlərinə qovuşdular.

 

 

Ağalıya köçürülən ailələr hər cür şəraitlə təmin olunublar

 

 

İyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən dördüncü köç karvanı isə ayın 25-də Ağalıya yola salındı. Daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. Beləliklə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırıldı.

Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilibbu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinciÜçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Zəngilan Rayon İcra Hakimiyyətinin Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən isə bildirilib ki, avqustun əvvəlindən Ağalı kəndinə insanların köçürülməsinin ikinci mərhələsi başlayacaq.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Ümumilikdə "ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.

Ümumiyyətlə, Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

 

 

 

Mütərəqqi texnologiyalara əsaslanmış unikal məkan

 

 

"Biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük..."

Prezident İlham Əliyevin Ağalı sakinləri ilə görüşü zamanı səsləndirdiyi bu fikirlərdə olduğu kimi, Ağalı kəndi Azərbaycanda ilk "ağıllı kənd" konsepsiyası ilə qurulmuş möhtəşəm məkandır.

Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb. İnşa edilən 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

 

"Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, istisoyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, KiçikOrta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Eləcə də "ağıllı kənd"də "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi tikilib.

Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb.

 

 Dünya durduqca bu torpaqlarda var olacağıq

 

 Vətən müharibəmizdən sonra doğma yurdlarımıza gerçəkləşdirilən möhtəşəm qayıdışın ilk ünvanı olan Ağalı kəndi, həm bu torpaqlarda əbədi sülhün bərqərar olduğunun əyani nümayiş ünvanıdır. Təsadüfi deyil ki, Ağalı kəndinin mərkəzi meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən işə salınıb. Bu gün Qarabağa Şərqi Zəngəzura yeni həyat verən dövlət başçısı Ağalının timsalında bir daha dünyaya bəyan edir ki, bu yurdların əzəli sahibləri qayıdıblar dünya durduqca bu torpaqlarda var olacaqlar, yaşayacaqlar, yaradacaqlar...

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 26 iyul.- S.6.