Antoni
Blinken İlham Əliyevə zəng edib
İyulun
25-də Amerika Birləşmiş Ştatlarının
Dövlət katibi Antoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.
Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirdi.
Prezident İlham
Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini
iki ölkə arasında sülh
müqaviləsi üzrə danışıqların
başlanması istiqamətində ilk
addım kimi qiymətləndirdi. Dövlətimizin
başçısı bildirdi ki, Azərbaycan artıq sülh
müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini
formalaşdırıb və Ermənistan tərəfindən
də eyni addımın
atılmasını gözləyir.
Antoni
Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan
arasında nəqliyyat bağlantılarının və
kommunikasiyaların açılmasına və bu sahədə
texniki dəstəyin göstərilməsinə hazır
olduğunu ifadə etdi.
Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olundu.
Sonra dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirdi və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkdi.
Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirdi.
Telefon
danışığı zamanı əməkdaşlığın
perspektivlərinə dair fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2022.- 27 iyul.- S.2.