HEÇ KİM qanundan üstün ola bilməz

 

Prezident İlham Əliyev məmurlara tövsiyə və tapşırıqları ilə yanaşı, ciddi xəbərdarlığını da etdi

 

Prezident İlham Əliyev yüksək rifaha və mütərəqqi idarəçiliyə xidmət edən islahatlarını davam etdirir. İyulun 25-də Prezident İlham Əliyev daha 3 rayona - Masallı, Lerik, Göygölə yeni icra hakimiyyəti başçıları təyin etdi və hər zaman olduğu kimi, yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərək tapşırıqlarını, ciddi tövsiyələrini verdi.

Regionların sosial-iqtisadi inkişafından, iqtisadi layihələrin icrasından söz açan dövlət başçısı, eyni zamanda şəhid ailələri, qazilərə dövlət qayğısından danışaraq bütün məmurlara bununla bağlı ciddi xəbərdarlıqlarını da etdi. Hər zaman olduğu kimi, bu dəfə də Prezident yeni kadrlardan gözləntilərini açıqladı, onların idarəçilikdə daha çox bu məsələlərə üstünlük verməli olduqlarını da bildirdi - vətəndaşlarla bir yerdə olmaq, daim xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək, vətəndaş məmnunluğunu, həmçinin rayonların inkişafı üçün daxilixarici investisiyaların cəlb edilməsini təmin etmək.

 

 

Vətəndaş amilinə verilən yüksək dəyər

 

 

Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verirbu da vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Müasir dövrün çağırışlarına cavab verən islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir.

Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Hələ illər öncə Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu bildirən İlham Əliyev bu prosesləri dəyərləndirərkən deyirdi ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib.

Yeni kadrlara böyük etimad göstərildiyini söyləyən Prezident vurğulayır ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları dövlətin siyasətini və niyyətini göstərir.

Onu da əlavə edək ki, İlham Əliyevin rayonlara yeni təyin edilmiş icra hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri də nümayiş etdirir.

Növbəti belə qəbul zamanı da Prezident regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası, rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs edərək bəzi əvvəlki məmurların məsuliyyətsiz hərəkətlərinin nəticələrini də misal çəkdi.

Prezident dedi ki, həmin keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu da onu göstərir ki, heç kim qanundan üstün ola bilməz: "Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır".

 

 "Məmurlar fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər"

 

 

İcra başçılarına tövsiyə və tapşırıqlarını verən İlham Əliyev bir daha vurğuladı ki, icra hakimiyyəti başçıları daim insanlarla təmasda olmalı, rayon və kənd camaatının qayğıları ilə yaşamalı, insanları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidirlər: "Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq".

Ümumiyyətlə, sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridirsağlam cəmiyyətdə ədalət hökm sürür. Prezident də vurğuladı ki, dövlət məmurları ilk növbədə fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Çünki bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, ölkədə gedən prosesləri dəstəkləyir, Prezidentin xaricidaxili siyasətini dəstəkləyir. Çünki bu siyasət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib və həyata keçirilən tam müstəqil siyasət ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Məhz bu diplomatiya nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq tarixi ədaləti bərpa edib.

İcra hakimiyyəti başçıları rayonların inkişafı ilə bağlı təşəbbüs göstərməlidirlər. Xüsusən də şəhid ailələrinə xüsusi diqqət yetirməlidirlər. Necə ki, dövlət tərəfindən göstərilən diqqət kimi

Prezident bildirdi ki, İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur. İndiyədək 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər və minik avtomobilləri verilib. Bu proses hazırda da davam etdirilir.

İlham Əliyev dedi ki, hazırda Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir: "Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar… Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir".

 

 

Ölkədə qanunsuz əməllərə qarşı mübarizə daha da güclənib

 

 

İlham Əliyev bütün məsələlərə aydınlıq gətirərək bir daha söylədi ki, ölkədə qanunsuz əməllərə qarşı mübarizə daha da güclənib. Hazırda idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri görülür. Neqativ  hallara, qanun pozuntusuna yol verən hər kəs cəzalandırılır. Dövlət məmurlarını, yerli icra orqanlarını qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılıb. Ona görə də yeni icra başçıları dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlidirlər.

Prezident yeni icra hakimiyyəti başçılarının timsalında bütün məmurlara sərt xəbərdarlığını etdi: "Bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır".

Azərbaycanın çox böyük perspektivləri olduğunu vurğulayan dövlət başçısı bir daha vurğuladı ki, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra müzəffər xalq kimi ləyaqətlə yaşayırıq. Buna görə də ölkədə heç bir narahatedici problemin, heç bir ədalətsizliyin olmaması üçün işlər qaydasında getməlidir. Bunun üçün dövlət məmurları öz vəzifə borclarını şərəflə yerinə yetirməlidir. Əgər bu, baş verməsə, həmin məmur mütləq cəzalandırılacaq: "İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın".

Bir sözlə, Prezidentin sosial-iqtisadisiyasi islahatlarının uğurları göz önündədir. İdarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verir.

İlham Əliyevin mütərəqqi islahatları isə ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.

 

 Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 27 iyul.- S.3.