Şuşa tezliklə doğma sakinlərini qarşılayacaq

 

Gələn ilin sonlarında öz evlərinə qayıdacaq şuşalıların mədəniyyət paytaxtımızdan xoş sədası gələcək

 

"Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik..."

Prezident İlham Əliyevin ötən il Şuşada görkəmli şair Molla Pənah Vaqifin bərpa edilmiş məqbərəsi önündəki çıxışında qürurla səsləndirdiyi kimi, artıq tarixi şəhərimiz Şuşa sürətlə dirçəlir, ən ümdəsi tezliklə doğma sakinlərinə əbədi qovuşacağının sevincini yaşayır.

 

 

Qayıdışın təntənəli təcəssümü

 

 

Şanlı Vətən müharibəmiz sayəsində böyük qəhrəmanlıqla azad edilən 270 illik əzəmətli tarixə malik olan qədim qalamız Şuşanın tarixi şan-şöhrəti özünə qaytarılır.

28 ildən sonra - 2021-ci ilin 14 yanvarında Şuşaya "Zəfər yolu" ilə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev, bu diyara Şuşanın əbədi sakinləri -Natəvanın, Üzeyir bəyin və Bülbülün büstlərini də qaytardı. Bu xanzadə şəhərin əbədi sakinlərinin doğma yurdlarına, bütövlükdə Şuşaya milli ruhun qayıdışının təntənəli təcəssümü oldu...

Çox keçmədən, hər bir azərbaycanlının qürur ünvanı olan Şuşa Prezident İlham Əliyev tərəfindən mədəniyyət paytaxtımız elan edildi. 2021-ci il  mayın 7-də imzalanan sərəncamla Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği başlıca məqsədlər kimi müəyyən olundu.

Bu tarixi qərardan dərhal sonra, ötən il mayın 12-si və 13-də Şuşada yenidən şöhrətli "Xarıbülbül" festivalı, avqustun 30-da ənənəvi şeir bayramımız olan "Vaqif Poeziya Günləri", 18 sentyabrda isə Milli Musiqi Günümüz təntənəli şəkildə qeyd edildi.

 

 

Beynəlxalq tədbirlərin möhtəşəm  Şuşa yekunu

 

 Sözügedən mədəni tədbirlər ənənəvi olaraq bu il də sənətsevərləri Şuşada başına topladı. Hələ qarşıda da bizi neçə belə möhtəşəm mədəniyyət tədbirləri gözləyir.

Onu da vurğulayaq ki, bu ili Azərbaycan xalqı başdan-başa "Şuşa ili" kimi sevinclə qeyd edir. Qarabağımızın incisi olan bu əzəmətli şəhər mədəni tədbirlərlə yanaşı, beynəlxalq əhəmiyyətli müxtəlif çoxsaylı tədbirlərə də evsahibliyi edərək zəfərin, mədəniyyətin, barışığın, sülhün ismarıc məkanı kimi dünyaya səs salır.

Bu da xoş bir ənənəyə çevrilib ki, Bakıda keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərə mütləq Şuşada yekun vurulur. Ölkəmizə səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri Şuşaya səfər edərək həm mədəniyyət paytaxtımızda Azərbaycan dövlətinin apardığı böyük bərpa və quruculuq işləri ilə tanış olur, həm də erməni barbarlarının burada 30 il ərzində törətdikləri vandallıqlara əyani şahidlik edirlər.

2023-cü ildə isə bütün türk dünyasının qürur ünvanına çevrilən Şuşa "Türk Dünyasının Mədəniyyət Paytaxtı" olmaq kimi müstəsna missiyanı da şərəflə yerinə yetirəcək.

 

 

Bu tarixdə şuşalılara evlərinin açarları təhvil veriləcək

 

 

Təsadüfi deyil ki, işğaldan azad edilmiş torpaqlar arasında ən genişmiqyaslı bərpa işləri də məhz bu qala şəhərimizdə aparılmağa başlanılıb. Hazırda Şuşada geniş quruculuq və bərpa işləri sürətlə davam edir. Qala şəhərimizdə həyata keçirilən bütün bu kompleks işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Dövlət başçısı Şuşaya mütəmadi səfərlər edərək görülən işlərin gedişatı ilə yerindəcə tanış olur.

Qafqazın incisi Şuşanın Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Yaşayış massivində 25 binanın olacağı planlaşdırılır.

Ötən ilin aprelindən şəhərin bərpası Baş plan çərçivəsində sistemli şəkildə həyata keçirilir. Baş plana uyğun olaraq Şuşada yeni məktəb binasının, xəstəxananın, məscidin, beşulduzlu mehmanxananın, konfrans mərkəzinin, televiziya qülləsinin tikintisinə başlanılıb.

Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimovun məlumatına əsasən, artıq Şuşada ilk yaşayış kompleksinin inşasına  başlanılıb. Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək və onlara evlərinin açarları təhvil veriləcək.

 

 

Bərpa olunan tarixi irs

 

Şuşada olan 200-ə yaxın tarix və mədəniyyət abidəsinin bir hissəsi Ermənistanın işğalı zamanı tamamilə məhv edilib, digər hissəsi isə zədələnib və ya dağıdılıb. Hazırda Şuşanın erməni vəhşiliyinə məruz qalan tarixi, mədəni, dini abidələri də bərpa olunur, əvvəlki görkəminə qaytarılır. Artıq Şuşanın qala divarları və daha 4 abidə bərpa edilib.

İşğaldan azad olunan digər bölgələrdə olduğu kimi, Şuşada da bu istiqamətdə bərpa işlərinin böyük qismi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bərpası həyata keçirilən belə binalardan biri milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə Şuşada yaşadığı ev də yenidən qurulur. Şuşadakı mühüm mədəni-tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksində də tikinti işləri aparılır.

O cümlədən də Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.

 

Şuşada həyata keçirilən istər tikinti-quruculuq işləri, istərsə də mədəniyyət sahəsində görülən kompleks tədbirlər onu göstərir ki, qədim qalamızın dirçəldilməsi, tarixi əzəmətinə qovuşdurulması, eləcə də bütün keçmiş məcburi köçkünlər kimi şuşalıların da doğma yurd yerlərinə qayıdışı dövlət siyasətimizin başlıca prioritetlərindəndir.

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 27 iyul.- S.4.