Meymunçiçəyi sürətlə yayılır

 

Virus qısa müddət ərzində 75 ölkədə qeydə alınıb

 

 

İlk dəfə mayın 7-də İngiltərədə aşkarlanan meymunçiçəyi artıq 75 ölkəyə yayılıb, 17 minə yaxın insanda yoluxma faktı qeydə alınıb. Avropa ölkələrində başlayan meymunçiçəyi virusu qısa müddət ərzində dünyanın digər qitələrinə də keçib.

Son statistikaya görə, İtaliyada 407 nəfərdə meymunçiçəyi xəstəliyi  aşkarlanıb. Bu barədə məlumat verən ölkənin Səhiyyə Nazirliyi qeyd edib ki, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Yaponiyada da Avropadan qayıdan 30 yaşlı vətəndaşda meymunçiçəyi aşkar edilib. Yoluxmuş şəxs xəstəxanaya yerləşdirilsə də, onun səhhəti barədə hələlik ətraflı məlumat verilməyib.

Virusla bağlı narahatlıq doğuran əsas məqam isə ABŞ-da ilk dəfə uşaqlar arasında meymunçiçəyinin aşkar edilməsidir. KaliforniyaVaşinqtonda yaşayan azyaşlılar xəstəxanaya yerləşdiriliblər və müalicələri davam edir.

 

 

 

Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb

 

 

Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Lakin mütəxəssislər qonşu ölkələrdə virusa yoluxma hallarını, turizm və istirahət mövsümünü nəzərə alaraq, Azərbaycanda da infeksiyaya rast gəlinəcəyini istisna etmirlər. Bu məqamda əsas məsələ ilk yoluxma faktını vaxtında aşkar etməkdir.

Ölkəmizdə epidemioloji vəziyyətə Səhiyyə Nazirliyi tərəfindən ciddi nəzarət edilir. Ehtiyac olarsa, laborator diaqnostika və müalicə üçün bütün imkanlar mövcuddur.

Azərbaycana meymunçiçəyi testləri də gətirilib. Bu günə qədər götürülən test nümunələrində virus aşkarlanmayıb.

 

 

 

Virusdan necə qorunmaq olar

 

 

Mütəxəssislər meymunçiçəyinin geniş yayılmasını virusun mutasiyaya uğraması ilə əsaslandırırlar. O, hava-damcı və təmas yolu ilə yoluxur. Meymunçiçəyinin ilk simptomlarına qızdırma, baş ağrıları, əzələ ağrıları, şişlikbel ağrısı daxildir. Daha sonra səpgilər və yaralar, adətən, bir-beş gün ərzində üz, əllər, ayaqlar, gözlər və ağızda yaranır. Bu səpgilər qabarcıqlara çevrilir.

Virusun bir çox simptomları suçiçəyi, herpesya sifilis kimi digər xəstəliklərlə asanlıqla səhv salına bilər, buna görə də tibbi təsdiq vacibdir. Özündə virusun əlamətlərini görən şəxslər dərhal təcrid olunaraq həkimə müraciət etməlidirlər. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün simptomatik müalicə kifayət edir. Yoluxanların əksəriyyəti 2-4 həftə ərzində sağalır. Xəstəliyi ağır keçirən və ya ağırlaşma riski yüksək olan pasiyentlər isə stasionar şəraitdə müalicə olunmalıdırlar.

Həkimlər meymunçiçəyinə qarşı "Imvanex" peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edirlər. Bu peyvənd 2013-cü ildən Avropa İttifaqında çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilib. "Imvanex"in insanlarda meymunçiçəyi xəstəliyinin qarşısının alınmasında təsirli olacağı bildirilir. Onun əks-təsirlərinin yüngülorta dərəcəli olduğu, istifadəsinin faydası risklərindən daha çox olduğu vurğulanır. Meymunçiçəyi çiçək xəstəliyi ailəsinin bir hissəsi olsa da, təxmin ediləndən  daha az şiddətlidir. Çiçək xəstəliyinə qarşı peyvəndlərin meymunçiçəyinə qarşı effektivliyi isə 85 faiz sübut edilib.

Xəstəliyin getdikcə daha çox ölkədə qeydə alınmasına, diaqnoz qoyulmasının çətinliyinə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə qarşı kütləvi vaksinasiya aparılmasını hələ ki, tövsiyə etmir.

Meymunçiçəyi virusundan qorunmaq üçün edilən tövsiyələr demək olar ki, COVID-19-la eynidir: tibbi maskadan istifadə etmək, gigiyenik qaydalara əməl etmək və sosial məsafə saxlamaq.

 

 Ülkər XASPOLADOVA,

Azərbaycan.-2022.- 27 iyul.- S.6.