İnvestisiya ünvanını dəyişir

 

Bu gün sərmayədarlar Azərbaycanın qeyri-neft sektoruna daha çox maraq göstərirlər

 

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın dinamikasını təmin edən faktorlardan biri investisiya qoyuluşunun davamlı olmasıdır. Prezident İlham Əliyevin ölkədə geniş iqtisadi islahatlara başlamazdan öncə bu sahədə hüquqi bazasının yaradılması ilə bağlı gördüyü tədbirlər də həmin şərtdən qaynaqlanır. Bununla Azərbaycan postsovet məkanında ən münbit investisiya mühiti olan ölkəyə çevrilmişdir.

Sahibkarlar sərmayə yatırarkən risk etməyi sevməzlər. O səbəbdən sərmayənin etibarlı, yəni qanunla qorunmasına diqqət yetirirlər. Xüsusilə xarici investorlar bu işdə daha həssasdırlar və gəldikləri ölkənin qanunvericilik bazasını diqqətlə öyrənirlər. Bu baxımdan, baxmayaraq ki, xarici sərmayəni cəlb etmək üçün ölkəmizdə mükəmməl qanunvericilik bazası mövcuddur, prosesin davamlı olması əsas şərtdir. Yəni zamanın şərtlərinə, çağırışlarına görə qanunvericilik bazasında dəyişikliklər edilməli və ya yeni qanunlar qəbul edilməlidir. Bununla bağlı Prezident İlham Əliyev iyulun 15-də cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə demişdir: "Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xariciyerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz".

Məlumdur ki, hazırda Qərb-Rusiya qarşıdurması dünyada növbəti iqtisadi böhranın yaranmasına zəmin yaratmışdır. Bir çox iqtisadçılar resessiyanın mütləq baş verəcəyini söyləyirlər. Üstəlik, qeyd edirlər ki, gözlənilən iqtisadi böhranın miqyası və davam etmə zamanı əvvəlkilərdən çox ola bilər. Hazırda əksər ölkələr ehtimal olunan bu təhlükəyə qarşı tədbirlər görür. Sərmayədarlar da bu çətin şəraitdə həm kapitallarını qorumaq, həm də risk etmədən onu artırmaq istəyirlər. Azərbaycan məhz belə investorlar üçün əlverişli və etibarlı ölkədir.

Bu günlər Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın "Achenbach Buschhütten" şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilənin imzalanması da həmin etibarın göstəricisidir. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsulları istehsal olunacaq. Layihənin birinci mərhələsində 132 milyon dollar həcmində sərmayə qoyulması nəzərdə tutulub.

Ölkəmizdə sahibkarlığın inkişafı sayəsində kapital qoyuluşunda daxili sərmayələrin həcmi də getdikcə artır. Təsadüfi deyil ki, bu gün bir çox müəssisələr yalnız yerli sahibkarların vəsaiti hesabına yaradılır. Paralel olaraq birgə müəssisələrin yaradılmasında da yerli adamlarımız fəallıq göstərirlər.

Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ən çox xarici investisiya neft-qaz sənayesinə qoyulurdu. Əvvəla, bu sahənin inkişafı böyük perspektivlər vəd edirdi. İkincisi, neft sənayesinə sərmayə qoyuluşu daha cəlbedici və az risklidiro üzdən xarici investorlar bu sahəyə kapital qoyuluşunda maraqlı olurlar. Digər tərəfdən, neft sektoru qısa zamanda daha çox gəlir əldə etməyə imkan verir. Bu baxımdan 1994-cü il sentyabrın 20-də bağlanan "Əsrin müqaviləsi"nin ölkəmizin gələcək inkişafında əsas şərt olması təsadüfi deyil. Məhz sözügedən müqavilədən sonra ölkə iqtisadiyyatının müxtəlif sahələrinə xarici investisiya qoyuluşu artmağa başlamışdır.

Amma bu gün aparılan iqtisadi islahatlar nəticəsində yaranan münbit investisiya mühiti ölkəmizdə qeyri neft-qaz sektorunu daha cəlbedici etmişdir. Hazırda bu sektorda ən çox sərmayə sənaye parklarına qoyulur. Xəbər verildiyi kimi, iyulun 20-də Prezident İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Dövlət başçısına məlumat verilmişdir ki, parkda ümumi investisiyaların həcmi 3,27 milyard dollardan artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkının rezidentləri tərəfindən 3,1 milyard dollara yaxın sərmayə yatırılıb. Qeydiyyata alınmış 31 rezidentdən 17-si hazırda fəaliyyət göstərir. "Glassica" QSC və "Azərsulfat" MMC-nin müəssisələri ilə birlikdə sənaye parkında fəaliyyət göstərən müəssisələrin sayı 19-a çatacaq. "Glassica" QSC müəssisənin fəaliyyəti üçün 20 milyon manatdan çox investisiya qoyub. Müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları  istehsal olunacaq. "Azərbaycan Vanhong Ceramics Co" MMC-nin keramik plitələr istehsalı müəssisəsi isə 100 faiz Çin kapitallı layihədir. Layihənin investisiya dəyəri 70 milyon manata yaxındır. İllik istehsal gücü 18,5 milyon kvadratmetr plitə olan müəssisədə 400 işçi çalışacaq. Bu, şirkətin Çindən kənarda qurulan 5-ci müəssisəsidir.

Onu da qeyd edək ki, parkın rezidentləri tərəfindən ümumilikdə 5,86 milyard manatlıqdan çox məhsul satışı həyata keçirilib. Məhsulların 36,7 faizi ixrac olunub. Ümumiyyətlə, Sumqayıt Kimya Sənayesi Parkında məhsul istehsalı və ixracında müsbət dinamika müşahidə edilir. Ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ixrac 1,9 dəfə artıb.

 

 Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 27 iyul.- S.5.