Yeni strategiya yeni uğurlara hədəflənib

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" mahiyyət etibarı ilə qarşıdakı illərdə ölkənin bütün istiqamətlərdə inkişafını təyin edən vacib sənəddir. Sənəddə milli prioritetlərin əsas inkişaf istiqamətləri öz əksini tapmışdır.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, müasir dünya böhran və təhlükələrlə üzləşmək ərəfəsindədir. COVID-in geri dönməsi, meymunçiçəyi deyilən yeni virusun yayılması, üstəlik, bir sıra ölkələr arasında münaqişələrin və qarşıdurmaların müharibə həddinədək dərinləşməsi bəşəriyyətin ciddi çətinliklərlə üzləşəcəyini qaçılmaz edir. Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin sosial-iqtisadi inkişaf strategiyasını imzalaması iki baxış bucağından xüsusi əhəmiyyət kəsb edir: dünyada baş qaldıran böhrandan Azərbaycan iqtisadiyyatını mümkün qədər sığortalamaq və baş verə biləcək gözlənilməz iqtisadi kataklizmlərin qarşısını vaxtında almaq.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamda Nazirlər Kabinetinə göstəriş verilir ki, "icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün". Bu yerdə qeyd edək ki, Azərbaycan Prezidenti strategiyanın icrasında yeni beyin mərkəzinin iştirakını da vacib sayır. Sənəddə göstərilir ki, strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) həyata keçirsin.

İnkişaf Strategiyasında milli prioritetlərin ən vacib istiqamətləri öz əksini tapmışdır. Eyni zamanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq Azərbaycanda iqtisadi inkişafın, yeni innovativ iqtisadiyyatın daha geniş çərçivələrdə tətbiqi nəzərdə tutulmuşdur.

Ekspertlər belə hesab edirlər ki, sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərində diqqətçəkən əsas məqamlardan biri iqtisadi innovativ inkişafın daha da genişləndirilməsinə nail olmaqdır. Sənəddə digər məqam istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından faydalanması və bu dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasının nəzərdə tutulmasıdır. Göründüyü kimi, faktiki olaraq insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması yaxın 5 il ərzində əsas prioritetlərdən birinə çevriləcək. Ümumiyyətlə, bu sənədin icrası ölkə iqtisadiyyatında 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin tətbiq ediləcəyini proqnozlaşdırmağa imkan verir. Ekspertlər belə hesab edirlər ki, ölkəmiz növbəti 5 ildə yeni iqtisadi model çərçivəsində daha fərqli və daha uğurlu nəticələr əldə edəcək. Bu sosial-iqtisadi inkişaf modelinin birinci mərhələsi 2022-2026-cı illəri, ikinci məhrələsi 2027-2030-cu illəri əhatə etməklə, iqtisadiyyatın innovativləşdirilməsinə yönələcək. İnkişaf strategiyasında növbəti 4 ildə ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4, o cümlədən qeyri neft-qaz ÜDM-in illik orta hesabla 5 faiz artması hədəf götürülür. Eyni zamanda özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması qarşıya məqsəd kimi qoyulur. Bu, kiçikorta sahibkarların xüsusi qayğıkeşliklə əhatə olunması hesabına mümkün olacaq. Yeri gəlmişkən bildirək ki, sənəddə sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20-30 faizinin mikro, 35-45 faizinin kiçik və 25-35 faizinin orta sahibkarlara yönəldilməsi nəzərdə tutulur. Həmçinin sənəddən məlum olur ki, dövlətin başlıca məqsədi daxili bazarda rəqabəti gücləndirmək, yerli istehsalı genişləndirməklə yanaşı, qeyri-neft məhsulları ixracının dəyərinin 2026-cı ildə təxminən 5 milyard dollara yaxınlaşmasına nail olmaqdır.

Ayrı-ayrı sahələrin perspektivinə gəldikdə isə, orta illik artımın kənd təsərrüfatında 4, nəqliyyat sektorunda 5 faizə çatacağı, tranzit yükdaşımalarından əldə olunan gəlirin 2019-cu ilə nisbətən iki dəfə artacağı nəzərdə tutulur. İnformasiya və rabitə sektorunda isə hər il orta hesabla 10 faizdən çox artım proqnozlaşdırılır. Eyni zamanda turizm sektorunda da artım olacaq. Bütövlükdə yeni prioritetlər islahatların növbəti dövründə Azərbaycan iqtisadiyyatını yeni mərhələyə qaldıracaq.

 

 Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 27 iyul.- S.5.