Göz
yaşı içində gülüş
Cəfər
Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Teatrı- 140
Fəaliyyətə başladığı gündən İrəvan Dövlət Azərbaycan Teatrı xalqımızla birlikdə ermənilərin başımıza gətirdiyi müsibətləri yaşamaq məcburiyyətində qalıb... Bu teatrın əməkdaşları həmişə göz yaşı içində gülüblər... Faciələri hazırladıqları tamaşalarda, oynadıqları obrazlarda yox, başlarına gətirilən gerçək müsibətlərdə görüblər... Talelərinə qaçqın, köçkün ömrü də düşüb...
Küçədən keçən ortayaşlı bir nəfərdən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrının ünvanını soruşuram. Əli ilə qarşı tərəfdəki ikimərtəbəli həyət evinin birinci mərtəbəsini göstərərək: "Teatrın binası təmir edilir. Burada bir otaq kirayə ediblər. Orada olacaqlar" - deyir. İkimərtəbəli həyət evinin küçəyə açıq olan qapısından birbaşa alçaq tavanlı qaranlıq bir otağa keçirəm. Otaqda xeyli adam var idi. Buradakılar öz aləmlərində idilər. Qızğın müzakirə gedirdi... Girəcəkdə, qapının ağzında kompüterdə işləyən xanıma İrəvan Teatrını axtardığımı bildirirəm. "Düz gəlmisiniz, buradır", - deyir. Otaqda baş tərəfdə oturmuş bir nəfər yad səs eşidən kimi tez ayağa qalxıb, məni köhnə tanışları kimi qarşılayır, mehribancasına yer göstərir. Teatrın direktoru İftixar Piriyev dərhal da söhbətə keçir:
- Çox vaxtında gəlmisiniz. Bu gün bizim üçün əsl bayramdır. Ölkə Prezidenti İlham Əliyev teatrımızın 140 illiyi ilə bağlı sərəncam verib. Həmin şad xəbəri eşidən aktyorlarımız da bu səbəbdən bir yerə cəmləşiblər.
Bu balaca otaqda kimlər
yox idi?..
Teatrın qocaman aktrisası, hələ teatr İrəvanda fəaliyyət göstərərkən
orada çalışan
Səmayə İsmayılova,
Əməkdar artistlər
Esmiralda Şahbazova, Xatirə Süleymanova, aktyorlar Məhərrəm
Musayev, Elnarə Heybətova, Sevinc Hüseynova, Natiq Həziyev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla
Nurullayev...
C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
1882-ci il aprelin 2-də
irəvanlı müəllif
M.İsmayılın "Tamahkarlıq
düşmən qazanar"
adlı vodevili əsasında hazırlanmış
tamaşanın təqdimatı
ilə peşəkar fəaliyyətə başlayıb.
Tamaşa gimnaziyada oxuyan
kasıb tələbələrə
maddi dəstək məqsədilə hazırlanmışdı.
İlk tamaşanın təsiri İrəvan mədəni
mühitinin inkişafında,
sonralar bütövlükdə
Qərbi Azərbaycanın
ziyalılar nəslinin
yetişməsində və
formalaşmasında mühüm
rol oynamışdır.
İrəvan Teatrının səhnəsi
Azərbaycanın ən
görkəmli teatr xadimləri, mütəfəkkirləri,
ədibləri üçün
geniş yaradıcılıq
meydanı olmuşdur. Onlar xalqımızın
maariflənməsi, savadlanması
üçün bu səhnənin imkanlarından
yetərincə bəhrələnə
bilmiş, eyni zamanda öz yaradıcılıq imkanlarını
da bu teatrın
səhnəsində nümayiş
etdirmişlər. Azərbaycan
teatr sənətinin inkişafına əvəzsiz
töhfələr vermiş
qüdrətli sənətkarlar
Əli Zeynalov, Ətayə Əliyeva, İsmayıl Dağıstanlı,
Kamil Qubuşov, Kazım Ziya, Rza Əfqanlı, Məmmədsadıq Nuriyev,
Həsən Mirzəyev,
Yusif Yulduz aktyorluq həyatına İrəvan Teatrında başlamışlar.
İftixar Piriyev qeyd edir
ki, İrəvan Azərbaycan Teatrının
yarandığı gündən
çox zəngin repertuarı olub. Həmişə öz səhnəsində
dünya dramaturgiyasının
incilərinə yer ayırıb. Teatr səhnəsində N.Kamalın
"Vətən, yaxud
Silistrə" (1908), J.B.Molyerin
"Zorən təbib"
(1909), H.Heynenin "Əlmənsur"
(1913), R.Z. Lətifbəyovun "Köhnə Türkiyə"
(1913), A.Qlebovun "İnqa"
(1929), Y.O.Nilin "Çinar
altında məhəbbət"
(1931), A.Korneyçukun "Polad qartal" (1936), A.Puşkinin "Xəsis cəngavər" (1937), B.Lavrenyovun
"Hücum" (1937), U.Şekspirin
"Otello" (1938), Ş.Saminin
"Dəmirçi Gavə"
(1939), G.Mdivaninin "Vətən
namusu" (1939) və
sair əsərlər
tamaşaya qoyulub. Yarandığı gündən indiyədək
İrəvan Teatrının
səhnəsində 400 tamaşa
oynanılıb. Xalqımızın başına gələn bəlaları bu sənət məbədi də yaşamaq məcburiyyətində qalıb.
1989-cu ildə Qərbi Azərbaycandan, öz doğma dədə-baba torpaqlarından
didərgin salınan soydaşlarımızla birgə
deportasiya olunan İrəvan Azərbaycan Teatrına 1994-cü ildə
Ulu Öndər Heydər Əliyevin qayğısı sayəsində
xüsusi dövlət
statusu verilib. Teatrın direktoru onu da xüsusi
vurğuladı ki, bu illərdə göstərilən etimadı
doğrultmaq üçün
daha məhsuldar işləyiblər: "2000-ci ildən bu günədək
teatrımızın səhnəsində
100 tamaşaya səhnə
həyatı verilib. Azərbaycanın əksər rayonunda
olub, əsgərlərimiz
qarşısında çıxışlar
etmişik. Eyni zamanda
Gürcüstanda, Türkiyədə,
Dağıstanda qastrollarda
olmuşuq. Repertuarımızdakı tamaşalarla xalqımızın
mədəniyyətini, tarixini
təbliğ etməyə,
erməni vandallarının
başımıza gətirdikləri
müsibətləri göstərməyə
çalışmışıq.
Bu illərdə teatrın repertuarında tarixi, vətənpərvərlik, qəhrəmanlıq ruhlu mövzuların daha çox yer almasına çalışmışıq. Aqşin Babayevin "Xilaskar", Hidayətin "İrəvanda xal qalmadı", "Burdan min atlı keçdi", Xalid Hüseynin "Min möhtəşəm günəş", İftixarın "Soyqırımı tarixinin dastanı", "Qanlı qızıl toy", "Qurtuluş dastanı", Sabir Şahtaxtlının "Ölüm həsrəti", S.Elsevərin "Ürəyində arzu tut" tamaşaları tarixi həqiqətləri əks etdirən səhnə əsərləridir. 140 illiyimizin teatr mövsümünü Hidayətin "Buradan min atlı keçdi" əsəri ilə yekunlaşdırdıq. Bu əsəri teatrımızın vizit kartı da adlandırmaq olar. Əsər ardıcıl olaraq 10 dəfə anşlaq səhnə həyatı yaşadı. Qürurverici tamaşalarımız olurdu".
İftixar Piriyev teatra olan dövlət qayğısından danışarkən qeyd etdi ki, onlar Binəqədi rayonu ərazisində yerləşən böyük bir Mədəniyyət Sarayı ilə təmin edilərək, onun yüksək səviyyədə təmirinə sərəncam verilib: "Dövlətin davamlı diqqət və qayğısı bizə yaradıcılıq stimulu verir. Göstərilən diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk".
Ömrünü İrəvan Teatrının səhnəsində yaşamış aktrisa Səmayə İsmayılovanı xatirələr keçmişə aparır:
- Həyatımı İrəvan Teatrında keçirmişəm desəm, yanılmaram. Xalqımızın başına gələn bəlaları teatrımız da yaşamaq məcburiyyətində qalıb. Vaxtilə başqa millət arasında fəaliyyət göstərən İrəvan Azərbaycan Teatrı həmişə xalqımızın yüksək mənəvi keyfiyyətlərini, qəhrəmanlıq ənənələrini yaşatmağa çalışdı. Ermənilər normal fəaliyyətimizə imkan verməsələr də, teatr öz yaradıcılıq əzmini heç vaxt itirmədi. Əksinə, bütün çətinliklərə sinə gərərək, daha böyük həvəslə əsl sənət nümunələri yaratdı. Səhnəmizdə hazırlanan bütün tamaşalar həmişə diqqət mərkəzində olub. Hətta erməni müəllifləri hər zaman öz əsərlərinin İrəvan Azərbaycan Teatrının səhnəsində yer almasını arzu edir, buna cani-dildən çalışır və hər bir tamaşanın uğurunu məhz bu kollektivin sənət qüdrətinin hökmü ilə ərsəyə gəldiyini etiraf edirdilər. Amma öz məkrli niyyətlərini də həyata keçirməkdən çəkinmirdilər. Pislik namərdə qaldı. Biz varıq, yaşayırıq və fəaliyyət göstəririk.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı yeni mövsümə hazırlaşır. Şekspirin "Kral Lir" əsəri üzərində məşqlər gedir. Teatr yeni mövsümə təmir olunmuş gözəl bir binada başlayacaq. Hələliksə, 140 yaşlı teatrın fədakar kollektivi qaranlıq otaqda yanan işıq kimi mədəni həyatımıza nur çiləyir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2022.- 27 iyul.- S.7.