Gəncənin muzeyləri onun tarixi, maddi və mənəvi dəyərlərinin güzgüsüdür

 

Muzeylərin hər bir xalqın tarixi, maddi və mənəvi dəyərlərinin qorunmasında, öyrənilməsində müstəsna əhəmiyyəti var. Tariximizin müxtəlif dövrlərini özündə yaşadan, ona şahidlik edən muzeylər həm də xalqımızın maddi-mənəvi xəzinəsi sayılır. Bu baxımdan son illər Gəncədə aparılan genişmiqyaslı quruculuq işləri yeni muzeylərin yaranması ilə də müşayiət olunur. Hər biri görkəminə, yerləşdiyi binanın möhtəşəmliyinə, qeyri-adi gözəlliyinə və zənginliyinə görə istər sakinlərin, istərsə də qonaqların böyük marağına səbəb olur. Şəhərdə apardığımız sorğular onu deməyə əsas verir ki, dövlət başçısının qırmızı lent kəsdiyi və yüksək qiymətləndirdiyi muzeylər insanların daha çox maraq göstərdikləri məkanlardır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə söhbət zamanı dedi ki, ata-babalarımızın həyat tərzi, onların yaratdıqları maddi-mədəni abidələr bizim üçün necə maraqlıdırsa, indiki tarix də gələcək nəsillər üçün böyük maraq doğuracaqdır. Söz yox ki, bu məsul vəzifə indi yaradılan muzeylərin üzərinə düşür. Bu baxımdan Gəncədə son illər yaradılan muzeylər öz zənginliyi ilə seçilir. Şəhər icra hakimiyyəti bu muzeylərin müxtəlif tapıntılarla zənginləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Məhz bunun nəticəsidir ki, evlərdə saxlanılan və maddi-mədəni irsimizi əks etdirən çoxlu sayda eksponatlar həmin muzeylərə təqdim olunur ki, bu da muzeylərin zənginləşməsinə, tariximizi özündə əks etdirən eksponatların qorunub saxlanmasına səbəb olur.

Gəncəlilərin müqəddəs məkan saydıqları muzeylərdən biriÜmummilli Lider Heydər Əliyev Mərkəzində yerləşir. Muzey Ulu Öndərin keçdiyi zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycan xalqının rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada Ulu Öndərin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Muzeydə  Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yoluna, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

Heydər Əliyev Mərkəzində oxu zalı, elektron kitabxana, xarici dil kursları, "IDEA" İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hərtərəfli təchizatı olan iclaskonfrans zalları var.

Bu gün səfərdən geri dönən hər bir gəncəli şəhərin girişinə - Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksinə yaxınlaşarkən daxili bir qürur, mənəvi rahatlıq duyur. Zaman etibarı ilə qısa bir vaxtda tikilib başa çatan bu möhtəşəm abidə yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşa edilmişdir. Yeni yaradılan bu abidə şəhərin 5 qapısından biri olan "Məqbərə qapısı"nın bərpa olunan variantıdır. Burada sağ cinahda İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Ümummilli Lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunmuşdur. Kompleksin sol cinahında Ulu Öndər Heydər Əliyevin, sağ cinahda isə Prezident İlham Əliyevin Gəncə ilə bağlı fikirləri həkk olunmuşdur. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılmışdır.

Darvazalar 1063-cü ildə gəncəli usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanmışdır. Burada həmin qapıların 1139-cu ildə zəlzələ nəticəsində Gəncə dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılması və Kutaisinin Helat Monastırında saxlanması haqqında məlumatla da tanış olmaq mümkündür.

Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılmışdır. Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulmuşdur. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılmışdır.

Qalanın üçüncü mərtəbəsində Gəncə əhalisinin məişəti, mədəniyyəti, həyatı haqqında məlumat verən etnoqrafik muzey yaradılmışdır. Tarix boyu sənətkarlıq mərkəzi olmuş Gəncədə 30-dan çox sənət sahəsinin yüksək səviyyədə inkişaf etməsindən xəbər verən nümunələr öz nəfisliyi ilə göz oxşayır.

Qalanın dördüncü mərtəbəsində Gəncənin qədim və zəngin süfrə mədəniyyətini, qonaqpərvərlik ənənələrini yaşatmaq məqsədilə milli kulinariya mətbəxi yaradılmışdır. Muzeydə Gəncə şəhərində mövcud olmuş Azərbaycanda ilk dövlət əhəmiyyətli qədim tikililərin rəsm və fotoları nümayiş etdirilir.

Görkəmi tamamilə dəyişdirilən, gündüzlər gözəlliyi, axşamlar isə işıq selinə bürünməsi ilə göz qamaşdıran Nizami Gəncəvi məqbərəsinin yaxınlığında təkrarolunmaz görkəmi ilə diqqəti cəlb edən bir muzeyvar. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Nizami Gəncəvi muzeyi  Prezident  İlham Əliyevin Gəncəyə on ikinci səfəri zamanı açılmışdır.

Burada Ulu Öndər Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü vardır. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları sərgilənir. Dahi şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitabmonoqrafiyalar nümayiş etdirilir. Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan "Xəmsə" və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İskəndəriyyə Kitabxanası, Fransanın Strasburq Kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir "Xəmsə" əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır. Muzeydə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən ölkəmizə gətirilmiş orijinal "Xəmsə" əlyazmaları və Qurani-Kərimin ən qədim nümunəsi diqqəti cəlb edir. Nizami Gəncəvinin irsinin öyrənilməsində muzeyin əhəmiyyəti olduqca böyükdür.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bir müddət Gəncədə fəaliyyət göstərmişdir. Həmin dövrdə müstəqilliyini elan etmiş Xalq Cümhuriyyətinin yerləşdiyi binada zəngin materiallarla təmin edilmiş cümhuriyyət muzeyi yaradılmışdır. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşdiyi binada Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq  Gəncə dövrü haqqında zəngin materiallar nümayiş etdirilir. Burada Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyskinin otağı yerləşir. Otaqda o zamandan qalan əşyalar və sənədlər ilk vaxtlar olduğu kimi qorunub saxlanılır.

Bundan başqa, muzeyin zallarında Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və başqa cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar və qərarlar nümayiş etdirilir. Həmçinin Qafqaz İslam Ordusunun xilaskar missiyasına və onun komandanı Nuru Paşaya həsr olunan sənədlər də var. Azərbaycanın ilk dövlət xəritəsi və İstiqlal Bəyannaməsi də bu muzeydə qorunub saxlanılır.

Şəhərin mərkəzində klassik memarlıq üslubunda tikilmiş və görkəmi ilə diqqəti cəlb edən bir bina da var. Binanın qarşısındakı bağ və Məhsəti Gəncəvinin möhtəşəm heykəli ümumi ansamblı tamamlayır.

Gəncənin digər muzeyləri də sakinlərin və turistlərin maraq dairəsinə daxildir. Mir Cəlal Paşayevin ev-muzeyi, Nizami Gəncəvinin və İkinci Dünya müharibəsində ilk Sovet İttifaqı Qəhrəmanı olmuş İsrafil Məmmədovun xatirə-ev muzeyləri, Müasir İncəsənət Muzeyi, görkəmli şair Mirzə Şəfi Vazehin ev-muzeyi, eləcə də Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir edilən tarix-diyarşünaslıq muzeyi buraya gələn turistlərin Gəncənin tarixi, onun görkəmli övladları, müasir incəsənəti haqqında dolğun məlumatlar əldə etmələri üçün zəngin eksponatlara malikdir.

 

 Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 27 iyul.- S.7.