Keçmiş və gələcək
bəşəriyyətin şahidi
Dünyaşöhrətli fotoqraf Reza Deqatinin
70 illik yubileyi qeyd edilib
İyulun
26-da Heydər Əliyev Mərkəzində Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
dünyaşöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə
həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin
şahidi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxı izləyiblər.
Yubiley tədbirində Reza Deqatinin həyat və fəaliyyətindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün gördüyü işlərdən, o cümlədən xaricdə və Azərbaycanda təşkil edilən fotosərgilərindən söhbət açılıb.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Reza Deqatinin 70 illik yubileyinin qeyd edilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Nazir deyib ki, Reza Deqatinin fotoqraf kimi fəaliyyət göstərdiyi 55 il ərzində dünyanın müxtəlif ölkələrində 460-dan çox sərgisi keçirilib. Reza Deqatinin ən böyük əsəri onun həyatıdır. Onun haqqında sənədli və bədii filmlər hazırlanacaq. Reza Deqati dünyanın ən qaynar nöqtələrində olan insandır və gördüyü hadisələri fotoların dili ilə insanlara çatdırır.
Mədəniyyət naziri Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən soyqırımı zamanı Reza Deqatinin xaricdə işini buraxaraq Azərbaycana gəldiyini vurğulayıb. Nazir deyib ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Reza Deqatinin xüsusi xidmətləri var. O, 20 Yanvar hadisələrini, Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini fotolara köçürüb. Onun çəkdiyi fotolarda işğal dövründə Qarabağda ermənilər tərəfindən məhv edilmiş evlər, abidələr və tarixi binalar da əksini tapıb. 44 günlük Vətən müharibəsi zamanı da Reza Deqati Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün fədakarlıq göstərib.
Nazir Anar Kərimovun sözlərinə görə, Reza Deqatinin əsərlərinin üç mesajı var: sülh, humanizm və yaddaş.
“Bildiyiniz kimi, Reza Deqati bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dünən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə” görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib. Bu əlamətdar hadisə ilə bağlı mən Reza Deqatini təbrik edirəm”, - deyə nazir fikrini yekunlaşdırıb.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin müxbiri Elnar Məmmədli, Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari çıxış ediblər.
Qeyd olunub ki, Təbrizdə dünyaya göz açan Reza ilk dəfə atasına məxsus fotokameranı əlinə götürəndə hələ 14 yaşı tamam olmamışdı. 1979-cu ildə İranda baş verən xalq hərəkatını öz fotokamerasının yaddaşına köçürmək istəyib. Həmin vaxtdan o, fotojurnalist kimi tanınmağa başlayıb. 1981-ci ildə Fransada sığınacaq tapıb. Dünyanın mədəniyyət mərkəzlərindən olan Paris, mehriban fransızlar Şərq mühitində böyümüş Reza üçün yeni bir dünya açıb.
Fransada bir müddət BMT-nin humanitar proqram üzrə məsləhətçisi vəzifəsində çalışan Reza 1990-cı ildən həyatını birdəfəlik ən keyfiyyətli şəkillərinə görə dünyada məşhur olan və Amerikada nəşr edilən “National Geoqraphic” jurnalı ilə bağlayıb. Jurnalın sifarişlərini yerinə yetirən Reza müxtəlif ölkələrdə olub. Onun səyahət coğrafiyasının xəritəsi geniş və zəngindir. Bosfordan Çin səddinə, Filippindən Mərkəzi Asiyaya, Livandan Əfqanıstana, Ruandadan Sarayevoya, Yəməndən Bosniyaya, Anqoladan Qafqaza səfər marşrutları, müxtəlif ölkələrlə, müxtəlif insanlarla tanışlıq onun həyat tarixçəsinə yeni-yeni səhifələr yazıb. 115-dən çox ölkədə olan Reza dünyanın tanınmış fotojurnalisti kimi çoxdan şöhrət qazanıb.
Çıxışlarda Reza Deqatinin yorulmadan Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı, fədakarlığı vurğulanıb.
Tədbirdə fransız sənət kuratoru və yazıçısı Pierre BonGiovanninin videomüraciəti yayımlanıb.
Sonda çıxış edən Reza Deqati “Dostluq” ordeni ilə təltif olunmasına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. O, yubiley tədbirini həyatının unudulmaz günü kimi dəyərləndirib və mərasimin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbir bədii proqramla davam edib.
Azərbaycan.-2022.- 27 iyul.- S.6.