Şəkinin tarixi məkanları ilə tanışlıq yay məktəbi iştirakçılarının ürəyincə olub

 

XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları iyulun 26-da, günün ikinci yarısında Şəkinin tarixi məkanları ilə tanış olub, görməli yerlərini gəziblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yay məktəbi iştirakçıları əvvəlcə Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki Xan Sarayını ziyarət ediblər. Tələbələrin diqqətinə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bildirilib ki, Şərq memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarix-memarlıq abidəsi olan bu saray xalqımıza xas olan yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin canlı nümunəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Yay məktəbinin iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Tələbələr sonra “Yuxarı BaşMilli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrlə tanış olublar.

Qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaraymehmanxana-kompleksi ilə tanışlıq zamanı məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn turistlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Bildirilib ki, hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.

Şəkinin tarixi məkanları ilə tanışlıq yay məktəbi iştirakçılarının böyük marağına səbəb olub.

 

 

Azərbaycan.-2022.- 27 iyul.- S.6.