Türkiyə dünyanın taxıl böhranına son qoyur

 

Rusiya və Ukraynanın razılığa gəlməsi qardaş ölkənin israrlı səyləri sayəsində mümkün oldu

 

 

Türkiyənin vasitəçiliyi sayəsində Moskva və Kiyev Ukrayna limanlarından taxıl ixracı ilə bağlı razılığa gəlib. "Yeni Şafak" nəşri Ankaranın danışıqlar prosesindəki rolunun vacibliyini qeyd edirbildirir ki, Türkiyənin "tarazlıq" siyasəti öz bəhrəsini verib.

Dünyanın qarğıdalı və buğdaya olan tələbatının təxminən 30 faizini, günəbaxan yağına isə yarıdan çoxunu ödəyən Rusiya ilə Ukraynanın arasındakı münaqişə səbəbindən qlobal ərzaq təchizatı ciddi şəkildə pozulub. Bütün bəşəriyyət üçün vacib olan bu problemin aradan qaldırılması naminə Türkiyə və BMT-nin göstərdiyi birgə səylər nəticəsində MoskvaKiyev iyulun 22-də İstanbulda "Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü" adlı sənəd imzalayıblar.

Qeyd edək ki, Rusiya və Ukrayna birbaşa olaraq qarşılıqlı yox, vasitəçilərlə ayrıca müqavilələr imzalayıblar. Yəni İstanbulda iki fərqli müqavilə bağlanıb - Rusiya, Türkiyə və BMT, Ukrayna, Türkiyə və BMT. Bununla yanaşı, BMT ilə Moskva arasında Rusiya mənşəli taxıl və gübrələrin yaxın dövrdə ixracının asanlaşdırılmasına dair sənəd də imzalanıb.

 

 İstanbulda koordinasiya mərkəzi qurulacaq

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə İstanbulda imzalanan sazişlə Rusiya Ukraynadan taxıl və digər ərzaq məhsullarının Qara dənizdə yaradılacaq təhlükəsiz dəhlizlər vasitəsilə dünya bazarına daşınmasına faktiki olaraq icazə verib.

İlk mərhələdə qonşu zonalarda yerləşdirilmiş minalara görə Qara dənizdəki Ukrayna limanlarını tərk edə bilməyən və alternativ marşrutu olmayan 80-ə yaxın gəminin bələdçi katerlərin köməyi ilə beynəlxalq sulara çıxarılacağı güman edilir.  Bu prosedurlar zamanı tərəflər atəşkəs prinsiplərinə hörmətlə yanaşmağı və təhvil verəcək gəmilərin təhlükəsizliyini təhdid etməməyi öhdələrinə götürüblər.

İlk mərhələdə 120 gün müddətinə nəzərdə tutulan, lakin gələcəkdə uzadılması mümkün olan sazişlər çərçivəsində üç mühüm nəticə əldə olunub. Birincisi, Ukraynanın Qara dənizdəki limanları taxıl ixracı üçün yenidən açılacaq. İkincisi, Qara dəniz limanlarından çıxan və gələn gəmilərin silah daşımaması üçün dərhal Ukrayna ərazi sularından kənarda təhlükəsizlik zonası yaradılacaq. Üçüncüsü, təhlükəsiz daşımaların təmin edilməsi və tərəflərin müqavilənin şərtlərinə əməl olunmasına nəzarətin təmin edilməsi üçün İstanbulda koordinasiya mərkəzi yaradılacaq.

 

 

Dünya aclığın astanasında idi

 

Dünyanın səbirsizliklə gözlədiyi bu razılaşma ərzaq təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. İlk növbədə onun sayəsində Ukraynanın anbarlarındakı 25 milyon tondan çox taxıl çürüməkdən və xarab olmaqdan xilas edilib. Ölkə boyu tarlalarda yığılması gözlənilən yeni məhsulları nəzərə alsaq, əminliklə demək olar ki, bu hadisə bəşər tarixində heç vaxt görünməmiş böyük itkilərin qarşısını aldı.

İkincisi, bu müqavilə bütün dünyanın ehtiyac duyduğu taxılın bazarlara təhlükəsiz şəkildə çatdırılmasına yol açır. Bunun sayəsində dünya mümkün qıtlıqdan xilas olur və taxıl bazarlarında tədarük qıtlığına müvəqqəti çarə tapılır.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının cari ilin mart ayında açıqladığı məlumatlara görə, hərbi qarşıdurma başlayandan bəri ərzaq tədarükündəki fasilələr səbəbindən qlobal ərzaq qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə 34 faiz bahalaşıb. Bu səbəbdən dünyanın bir çox ölkəsi qida sektorunda inflyasiyanın qarşısını ala bilmir. Bu baxımdan, Rusiya və Ukraynanın vasitəçilər vasitəsilə əldə etdiyi razılaşma sayəsində qlobal ərzaq inflyasiyası bir müddət də olsa cilovlanır.

Nəhayət, iqtisadiyyatı ağır zərbə alanböhrana girən Ukraynanın nöqteyi-nəzərindən bu razılaşma müəyyən miqdarda pulların ölkəyə daxil olmasına yol açır. 2021-ci ilin məlumatlarına görə, Ukraynanın 68 milyard dollarlıq ümumi ixracının 41 faizini (yəni 28 milyard dollar) kənd təsərrüfatı məhsulları təşkil edir. Odur ki, ixracın azalması və inflyasiyanın yüksəlməsi fonunda bu hadisə Ukrayna iqtisadiyyatı və fermerləri üçün həyat xəttinə çevriləcək.

 

 

Rəcəb Tayyib Ərdoğan özünə etimad qazanıb

 

 

Türkiyə və BMT Rusiya və Ukraynanın bu məsələdə razılığa gəlməsi üçün iki aya yaxındır ki, birgə səylər göstərir. Sonda tərəflərin razılığa gəlməsi bu səylərin öz bəhrəsini verdiyinin konkret göstəricisidir. Ankaranın vasitəçilik rolunu üzərinə götürməsi isə xüsusi əhəmiyyət kəsb edir.

Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri iki ölkə arasında siyasi tarazlığı  milli maraqları oxunda quran Türkiyə, beynəlxalq sistemin bütün təzyiqlərinə baxmayaraq, hər iki tərəflə münasibətləri qoruyub saxlaya bildi və onların etimadını qazandı. Maraqlıdır ki, taxıl böhranının aradan qaldırılmasında həm Moskva, həm də Kiyev vasitəçi kimi ilk gündən israrla heç bir başqa ölkəni deyil, məhz Türkiyəni göstərib.     

Müqavilə çərçivəsində İstanbulda taxıl tədarükünün təhlükəsizliyini təmin etmək üçün koordinasiya mərkəzinin yaradılması da Rusiya və Ukraynanın Türkiyəyə etimadından xəbər verir. Burada onu da vurğulamaq lazımdır ki, sazişin bağlanmasına səbəb olan prosesdə Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı və ukraynalı həmkarları ilə diplomatik masa arxasında qurduğu etimad münasibətləri mühüm rol oynayıb. Bu baxımdan, BMT-nin baş katibi Antonio Quterreşin bu günlərdə səsləndirdiyi fikri də nəzərdən qaçırmaq olmaz: "Razılaşma Ərdoğanın israrlı səyləri sayəsində əldə edilib".

Hər bir halda bu hadisə Türkiyənin məlum münaqişənin başlanğıcından bəri həyata keçirdiyi tarazlıq siyasətinin nə qədər uğurlu olduğunu, habelə Ankaranın beynəlxalq məsələlərin həllində nə dərəcədə təsirli qüvvəyə çevrildiyini açıq şəkildə göstərir.

 

 Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 27 iyul.- S.6.