İnsan amili həmişə prioritetdir
Vətəndaş məmnuniyyəti
Azərbaycanda dövlət siyasətinin mərkəzində
dayanır
Bir neçə gün öncə Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən olduqca mühüm tapşırıq və tövsiyələrini verdi.
Dövlət başçısının tapşırıqlarından biri yeni başçıların insanlarla təmasları barədə oldu: "Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz".
Prezident nümunəsi
Əsl siyasi lider dövlət və cəmiyyət həyatı üçün istənilən neqativ meyillərə qarşı vaxtında adekvat tədbirlər həyata keçirir, istənilən situasiyada xalqının yanında olur, hər bir vətəndaşın mənayefinə cavab verən çevik qərarlar qəbul edir. Çünki cəmiyyətin tərəqqisi ilə yanaşı, sosial həmrəyliyini təmin edən əsas şərtlərdən biri vətəndaşı düşündürən problemlərin vaxtında həll edilməsi, hər bir insanın dövlət strukturlarına olan müraciətlərinə çevik və ədalətli münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus söhbət sosial dövlətdən, sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı narahat edən məsələlərə daha diqqətlə yanaşılması olduqca vacibdir. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.
Bütün bunlar ilk gündən Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri olub. Azərbaycanı inkişaf yoluna çıxarmaqla bölgənin liderinə və qalib dövlətə çevirən Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətini nəzərdən keçirdikdə, onun bu tələblərə cavab verən alternativsiz siyasi lider olduğu bir daha qabarıq görünür. Dövlət başçısı ötən 19 ildə cəmiyyəti narahat edən problemlərə daim böyük həssaslıqla yanaşmışdır.
İlham Əliyevin fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionlara səfər proqramlarında vətəndaşlarla görüşlərə xüsusi yer ayırıb, onları hər zaman dinləyib. Son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər Prezidentin vətəndaşların məhz qayğılarına və problemlərinə həssas münasibətini nümayiş etdirib. Bu da onu göstərir ki, İlham Əliyev üçün insan amili bütün məqsədlərin fövqündə dayanır. Hələ illər öncə "Bizim siyasətimiz şüar, boş-boş vədlər, reallığı əks etdirməyən bəyanatlar deyildir. Bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın qayğısına diqqət yetirmək, hər bir insanın, hər bir rayonun problemini çalışıb həll etməkdir", - deyən dövlət başçısı bütün fəaliyyəti boyu daim bu prinsiplərə sadiq olduğunu təsdiq edib.
Elə
buna görə də Azərbaycan vətəndaşları
Prezident İlham Əliyevin simasında özlərinin ən
yaxın hamilərini, güvənc yerlərini görür və
bununla da fəxr edirlər.
Ali diqqətin təcəssümü
Azərbaycanda dövlət siyasətinin təməlində ilk növbədə insan amilinin dayandığını çoxsaylı aspektlərdən göstərmək mümkündür. İqtisadi və sosial islahatların məzmunu, gərgin situasiyalarda, ekstremal şəraitlərdə hakimiyyət orqanlarının göstərdiyi çevik reaksiyalar insan amilinin nə qədər prioritet olduğunu nümayiş etdirir.
Məsələn, Ukraynada baş verən hadisələrlə əlaqədar bir neçə ay əvvəl bu ölkədə olan vətəndaşlarımızın Azərbaycana qayıtmaları üçün görülən işlər bir daha göstərdi ki, dövlətimiz üçün insan amili hər zaman prioritetdir. Daim öz vətəndaşlarının yanında olan Azərbaycan dövləti Ukraynada olan vətəndaşlarını da darda qoymadı. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə onların vətənə qayıtmaları üçün müxtəlif tədbirlər həyata keçirildi.
Bundan əvvəl isə 2020-ci ildə koronavirus infeksiyasının geniş yayıldığı zaman xarici ölkələrdə olan vətəndaşlarımızın təxliyəsi həyata keçirilmişdi. Məlum olduğu kimi, həmin vaxt təyyarə reyslərinin ləğv olunması səbəbindən xeyli sayda vətəndaşımız xarici ölkələrdə qalmışdı. Prezident İlham Əliyevin göstərişləri əsasında dövlət həmin vətəndaşların qısa müddətdə öz evlərinə qayıtmalarını təmin etdi. O dövrdə respublikamızda dərhal qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin sayəsində koronavirusun ciddi fəsadlar verməsinin qarşısı alındı. İctimaiyyət ilk gündən Prezident İlham Əliyevin bu problemlə mübarizədə qətiyyətini, atdığı addımlarla insanların yanında olduğunu gördü.
Eyni zamanda Azərbaycan dövləti süni qiymət artımının qarşısını almaq, öz vətəndaşlarını qorumaq üçün lazım olan bütün addımları atır. Məlum olduğu kimi, ərzaq məhsulları üzrə qiymətlərin artımı bütün dünyanı bürümüş bir problemdir. Lakin Azərbaycan dövləti bu prosesdən də vətəndaşları qorumaq, qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq və bununla da əhalinin sosial rifahının təmin edilməsi üçün gərəkən bütün tədbirləri həyata keçirir.
Azərbaycan dövlətinin öz vətəndaşının məmnuniyyəti ilə bağlı tədbirlərinin bir istiqamətini də vətəndaş müraciətlərinə diqqətlə yanaşılması və onlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsidir. Bu baxımdan indiyədək "ASAN xidmət" mərkəzlərinin və digər innovativ mexanizmlərin formalaşdırılması ilə vətəndaşlar onlara göstərilən keyfiyyətli xidmət nümunələrinin şahidi olublar.
Prezident İlham Əliyevin bu ilin mart ayında açılışında iştirak etdiyi Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin yaradılması isə bir daha göstərdi ki, vətəndaşlara keyfiyyətli xidmət sahəsində işlər davamlıdır. Bu mərkəzin yaradılması ilə vətəndaş müraciətlərinə baxılması yeni keyfiyyət mərhələsinə yüksəldi.
Vətəndaşlara diqqətlə yanaşılması, onların problemlərinin vaxtında həll edilməsi ölkəmizin inkişafına, cəmiyyətimizin rifahına xidmət edən əsas məsələlərdən biridir. Elə buna görə də Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edərkən bu məsələnin üzərində xüsusi dayandı. Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi, əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2022.- 28 iyul.- S.1;4.