Yüksək diqqət və qayğı nümunəsi

 

 

Vətən uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına hərtərəfli sosial dəstək göstərilir

 

 

"...Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar".

Vətən müharibəsinin qələbə ilə yekunlaşmasından cəmi bir gün sonra Prezident İlham Əliyev ilk olaraq yaralı hərbçilərimizlə görüşmüş, Zəfər sevincini onlarla bölüşmüş və hər zaman onları şəxsi diqqəti altında saxlayacağını söyləmişdi.

Həmin gün, 11 noyabr 2020-ci ildə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı həm də bütün aidiyyəti qurumlara göstəriş vermişdi ki, İkinci Qarabağ müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstərilsin, onlara evlərin verilməsi təmin edilsin.

 

 

12 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib

 

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlət siyasətində  prioritet olub. Birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilirbu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır.

Prezidentin 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyadan olanlara   2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulub.  2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə üç il əvvələ nisbətən 5 dəfə çox   mənzilin verilməsi proqramı icra olunub. Onu da xatırladaq ki, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 və Vətən müharibəsindən sonrakı dövrdə - 2021-ci ildə 3000 şəhid ailəsi və müharibə əlili fərdi ev və mənzillərlə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, postmüharibə dövründə hər biri bütün zəruri infrastrukturla təmin olunumuş 6 yaşayış kompleksi istifadəyə verilibbu kateqoriyadan olan şəxslərə təqdim edilib. Həmin 6 yaşayış kompleksinin dördünün açılışı Prezident İlham Əliyevin iştirakı ilə olub.

Proqram çərçivəsində postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Əlillərin avtomobillə təminatı  istiqamətində də uğurlu aparılır. Belə ki, son 4 ildə 500, postmüharibə dövründə 264, bu il 100, ümumilikdə ötən dövrdə 7450 müharibə əlilinə avtomobil verilib.

Həyata keçirilən səmərəli tədbirlərdən biri də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə "Məşğulluq marafonu"na start verilməsidir.

Şəhid ailəsi üzvləri və qazilərin sağlamlığı da diqqətdən kənarda qalmayıb.  Vətən müharibəsindən dərhal sonra onlara sosial-psixoloji dəstək tədbirlərinə start verilib, şəhid ailələri, qazilər, ümumiyyətlə, müharibədən zərərçəkənlərlə psixoloji aparılıb.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində də işlər davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiyasosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Müharibə əlillərinin yüksək texnologiyalı elektron protezlərlə təminatı işləri də uğurla aparılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 324 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Təqdim edilən "Genium" tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta onlar bununla idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar.

Qazi və şəhid ailələrinə qayğı baxımından Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixdə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında" Fərmanı ilə "YAŞAT" Fondunun təsis edilməsi isə müstəsna əhəmiyyətə malikdir. Fond vasitəsilə qazilərimizə və şəhid ailələrinə mütəmadi dəstək göstərilir.

 

 

Dövlət öz üzərinə düşən vəzifəni icra edir

 

 

Sosial dövlət olan Azərbaycan hər zaman əhalinin həssas qruplarına, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə seçilir. Bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mütəmadi proqramlar icra olunurbu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər dövlət başçısı tərəfindən xüsusi diqqətdə saxlanılır. Prezident İlham Əliyev çıxışlarında hər zaman bu insanların problemlərinin həllinə diqqət yetirilməsinin vacibliyini vurğulayır.

İyulun 25-də Prezident İlham Əliyev Masallı, LerikGöygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul etdiyi zaman da bu məsələyə diqqət çəkdi və bildirdi ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur.

"Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunda şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir", - deyən Prezident bildirdi ki, digər rayonlarda da dövlət xətti ilə bu görüləcək. Yəni dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir: "Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar…

...Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir".

Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı, onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi həmin vətəndaşlarımızın daim diqqətdə saxlanıldığının bariz göstəricisidir.

Şəhidlərimizin ruhunu əziz, qazilərimizin qəhrəmanlığını uca tutan Azərbaycan dövləti hər zaman bu kateqoriyadan olan insanlara qayğı və həssaslıqla yanaşır, onların sosial rifahlarının yüksək olması istiqamətində mühüm işləri reallaşdırır.

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 28 iyul.- S.4.