Ermənistan sosial-iqtisadi fəlakətə yuvarlanır

 

Məğlub ölkənin silahlı qüvvələrində isə qeyri-döyüş şəraitində yaşanan itkilərin sayı durmadan artır

 

 

Postmüharibə dövründə Ermənistan silahlı qüvvələrində yaranan xaotik vəziyyətin miqyası gündən-günə genişlənməkdədir.

Yaranmış durumun kifayət qədər ağır və təhlükəli olması Ermənistanın özündə də açıq etiraf edilir. Bu günlərdə müxalifətin təşkil etdiyi mitinqlərdə qeyd olunur ki, orduda da qeyri-döyüş şəraitində yaşanan itkilərin sayı sürətlə çoxalmaqdadır.

Bütün bunlar Ermənistan ordusunda nizamnamədən kənar hərəkətlərin və digər qanunsuzluqların məntiqi nəticəsidir. Hesab edilir ki, Müdafiə Nazirliyinin başında duran şəxslər daha çox şəxsi mənfəətlərini güddüklərindən Ermənistan ordusunun məhvolma prosesi onlar üçün hansısa bir əhəmiyyət daşımır.

Qeyd olunanlara real nümunə kimi son günlər ərzində qeyri-döyüş şəraitində yaşanan itkilər sadalanır. Bildirilir ki, İrəvan sakini Mger Minasyan qeyri-döyüş şəraitində dünyasını dəyişsə də, bunun səbəbləri haqqında Müdafiə Nazirliyi heç bir məlumat vermək istəmir. Bütün bunlar əsgər həyatına olan etinasız münasibətin təzahürü kimi qiymətləndirilir. Vurğulanır ki, hər hansı döyüş olmadan yaşanan əsgər itkilərinin çoxalmasının əsas məsuliyyəti zabit heyətinin üzərinə düşür. Çünki belə itkilərin çoxu məhz zabitçavuş heyətinin əsgərlərə işgəncə verməsi sayəsində meydana gəlir.

Buna konkret misal kimi, Mehridə hərbi hissədə baş verən hadisə göstərilir. Olay nəticəsində 18 yaşlı əsgər Qagik Avetisyanın sağ gözü kor olub. Əsgərin atası Henrix Avetisyan oğlunun gözünə hərbi hissənin yeməkxanasında dəmir zəncirlə zərbə vurulduğunu bildirib: "Yenicə postdan qayıdan əsgəri yeməkxanaya növbətçiliyə göndəriblər. Gizir onu hansısa işə göndərib, oğlum yerinə yetirməyə tələsməyib. Buna görə o da arxadan oğlumu zəncirlə vurub gözünü partladıb, əlilə çevirib". Əsgərin atası deyir ki, hadisədən bir neçə gün keçsə də, nə hərbi hissədən, nə də Müdafiə Nazirliyindən maraqlanan olub: "Heç hərbi polisdən də gələn olmayıb. Bilirsiniz, oğlum hərbi hissədə yarım saat görünməsəydi, hərbi polis aləmi alt-üst etmişdi. İndi birioğlumla maraqlanmır".

Bütün bunlar bir daha faktiki olaraq Ermənistan ordusundakı özbaşınalıqların, əsgərlərin fiziki işgəncələrə məruz qalmasının, incidilməsinin dözülməz həddə çatdığını göstərir. Elə bunun nəticəsidir ki, bir qrup valideyn İrəvanda Müdafiə Nazirliyinin qarşısında piket keçirib, əsgərləri döyüb öldürənlərin həbs olunmasını tələb ediblər.

Yaranmış bu vəziyyət gənclərin hərbi xidmətdən yayınmalarına səbəb olur. Gənclər ordudan yayınmağın yeni çəmini tapıblar. Belə ki, indi Ermənistan gəncləri cinsi azlıqlara mənsub olmaları barədə hərbi komissarlıqlara arayış təqdim edərək hərbi xidmətdən yayınır, sonra isə ölkəni tərk edirlər.  Bu onu  göstərir ki, Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır. Bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur. Eyni zamanda orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənməkdə davam edir.

Bütün bunların fonunda ölkədə sosial-iqtisadi vəziyyət getdikcə daha da dərinləşməkdədir. Ermənistan rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhran əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi, ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, adamlarına açıq-aşkar təzyiqlər göstərilməsionlardan haqq tələb olunması vəziyyəti daha da kəskinləşdirir. İstər xarici, istərsə də yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun durmadan azalmasına təsir etməkdədir. Digər tərəfdən, xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə qoymaqda çəkinirlər.

Dövlət rəsmilərinin vədlərinə inanaraq onların toruna düşən erməni - mənşəli xarici adamları da Ermənistanda qarşılaşdıqları korrupsiya hallarından, hərc-mərclikdən cana doyaraq bu ölkəni tərk etməyi qərara alıblar. Xarici investorların Ermənistanı tərk etmələrindən narahat olan yerli erməni adamları da ölkələrinə investisiya yatırmaqdan uzaqlaşmağa başlayıblar. Onlar yaxşı başa düşürlər ki, iqtisadiyyatı uçuruma yuvarlanmaqda olan Ermənistana investisiya yatırmaq mənasızdır və bu, adamlarının gec-tez müflis olmalarına gətirib çıxara bilər.

Xarici və yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşunun kəskin azalması iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqda olan Ermənistanı daha ağır vəziyyətə salacaqdır.

 

 Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 28 iyul.- S.6.