İnvestisiya fəaliyyəti
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, investorların hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verir.
1-ci fəsil
Ümumi
müddəalar
Maddə 1. Bu Qanunda istifadə olunan anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.1.1. investisiya fəaliyyəti - investorların Azərbaycan
Respublikasının ərazisində investisiya qoyuluşu ilə
bağlı olan hərəkətlərinin məcmusu;
1.1.2. investisiya - gəlir əldə etmək məqsədilə
sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri,
qiymətli kağızlar, digər əmlak, o cümlədən
əmlak hüquqları və pul dəyəri olan digər
hüquqlar;
1.1.3. investor - Azərbaycan Respublikasının ərazisində
investisiya fəaliyyətini həyata keçirən yerli və
xarici investor;
1.1.4. yerli investor - investisiya fəaliyyətini həyata
keçirən Azərbaycan Respublikasının vətəndaşı
və Azərbaycan Respublikasının hüquqi şəxsi;
1.1.5. xarici investor - investisiya fəaliyyətini həyata
keçirən əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər və
onların filial və nümayəndəlikləri, beynəlxalq
təşkilatlar, habelə xarici dövlət;
1.1.6. investisiya layihəsi - investisiya fəaliyyətinin
həyata keçirilməsi üçün investisiya
qoyuluşunu və onun icrasını şərtləndirən
tədbirlərin məcmusu.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə müəyyən
edilmiş mənaları ifadə edir.
Maddə 2. İnvestisiya fəaliyyəti sahəsində
qanunvericilik
İnvestisiya fəaliyyəti sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu Qanundan və digər
normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun yerli və xarici investorlar tərəfindən
Azərbaycan Respublikasının ərazisində həyata
keçirilən investisiya fəaliyyətinə şamil
edilir.
3.2. Bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla,
investisiya qoyulması investorun müstəsna hüququdur və
qanunla qorunur.
3.3.
Ələt azad iqtisadi zonasında investisiya fəaliyyəti
"Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
3.4.
Dövlət qurumları tərəfindən həyata
keçirilən investisiya fəaliyyəti bu Qanunun tələbləri
nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq
etdiyi qaydaya uyğun olaraq tənzimlənir.
Maddə 4. İnvestisiya fəaliyyəti sahəsində dövlət
tənzimlənməsinin əsas prinsipləri
4.1.
İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi
aşağıdakı prinsiplər əsasında həyata
keçirilir:
4.1.1. mülkiyyətin toxunulmazlığı;
4.1.2. qanunçuluq;
4.1.3. insan və vətəndaş hüquq və
azadlıqlarının qorunması və təmin edilməsi;
4.1.4. konfidensial məlumatların qorunması.
Maddə 5. İnvestisiya fəaliyyəti sahəsində dövlət
siyasətinin məqsədi və əsas istiqamətləri
5.1.
İnvestisiya fəaliyyəti sahəsində dövlət
siyasətinin əsas məqsədi yerli və xarici
investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin
edilməsindən, rəqabətqabiliyyətli istehsal və
xidmət sahələrinin inkişaf etdirilməsindən,
iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq
olunmasından ibarətdir.
5.2.
İnvestisiya fəaliyyəti sahəsində dövlət
siyasətinin əsas istiqamətləri
aşağıdakılardır:
5.2.1. əlverişli investisiya mühitinin
formalaşdırılması, o cümlədən azad rəqabət
mühitinin gücləndirilməsi;
5.2.2. investorların hüquqlarının və
qanuni mənafelərinin, habelə investisiyaların
qorunması;
5.2.3. investorlara investisiya fəaliyyətinin həyata
keçirilməsi zamanı bərabər imkanların
yaradılması;
5.2.4. investisiya fəaliyyətinin həyata
keçirilməsi şərtlərinin sabitliyinin təmin
edilməsi;
5.2.5. dövlət əmlakının özəlləşdirilməsi,
restrukturizasiyası və sağlamlaşdırılması;
5.2.6. iqtisadiyyatın prioritet sahələrində
investisiya layihələrinin dəstəklənməsi;
5.2.7. investisiya fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı investorlara göstərilən
xidmətlərin rəqəmsallaşdırılması və
"bir pəncərə" prinsipi əsasında göstərilməsi.
Maddə 6. İnvestisiya fəaliyyətinin təşviqi
6.1.
Dövlət investisiya fəaliyyətinin təşviqi məqsədilə
aşağıdakı tədbirləri həyata keçirir:
6.1.1. vergi və digər dövlət ödənişləri
üzrə güzəştlərin müəyyən edilməsi;
6.1.2. güzəştli şərtlərlə
kreditlərin verilməsi;
6.1.3. xüsusi iqtisadi zonaların, sənaye
parklarının və digər rejimli zonaların
yaradılması;
6.1.4.
dövlət-özəl tərəfdaşlığı
mexanizminin genişləndirilməsi;
6.1.5.
yerli və xarici investorlara Azərbaycan Respublikasının
investisiya potensialı, habelə investisiya fəaliyyətini tənzimləyən
Azərbaycan Respublikasının normativ hüquqi aktları,
investisiya layihələri və potensial tərəfdaşlar
barədə onlayn platformalar vasitəsilə məsləhət
və məlumatların verilməsi, bu sahədə müvafiq
tədbirlərin təşkili;
6.1.6. investisiya fəaliyyətinin təşviqi məqsədini
daşıyan digər tədbirlər.
Maddə 7. İnvestisiya fəaliyyəti sahəsində prioritetlər
7.1.
İnvestisiya fəaliyyəti sahəsində
aşağıdakı investisiya layihələri üzrə
bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan
investisiya təşviqi tədbirlərinə
üstünlük verilir:
7.1.1. iqtisadiyyatın texnoloji tutumunu artıran,
innovasiyaların tətbiqinə və inkişafına yönələn
investisiya layihələri;
7.1.2. ekoloji təmiz texnologiyaların tətbiqinə
əsaslanan, ətraf mühitin
sağlamlaşdırılmasını, təbii sərvətlərdən
səmərəli istifadəni nəzərdə tutan
investisiya layihələri;
7.1.3. əhalinin sağlam həyat tərzinin
inkişafını dəstəkləyən investisiya layihələri;
7.1.4. sosial infrastrukturun və iqtisadiyyatın müxtəlif
sahələrinin inkişafına yönələn investisiya
layihələri;
7.1.5. müasir tələblərə uyğun bilik və
bacarıqların formalaşmasını şərtləndirən
investisiya layihələri;
7.1.6. regionların inkişafını dəstəkləyən
investisiya layihələri.
Maddə 8. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi
formaları
8.1.
İnvestisiya fəaliyyəti aşağıdakı formalarda
həyata keçirilə bilər:
8.1.1. hüquqi şəxslərin yaradılması və
yenidən təşkili;
8.1.2. hüquqi şəxslərdə iştirak
paylarının (səhmlərin) əldə edilməsi;
8.1.3. xarici hüquqi şəxsin Azərbaycan
Respublikasında filial və nümayəndəliyinin təşkili;
8.1.4. fərdi sahibkarlıq;
8.1.5. investisiya fəaliyyətinin həyata
keçirilməsinə dair müqavilənin bağlanması;
8.1.6. əmlakın, o cümlədən əmlak
hüquqlarının və pul dəyəri olan digər
hüquqların əldə edilməsi;
8.1.7. bu Qanunun 2-ci maddəsində nəzərdə
tutulmuş normativ hüquqi aktlarda qadağan olunmayan digər
formalar.
Maddə 9. İnvestisiya fəaliyyətinin xüsusiyyətləri
İnvestisiya fəaliyyəti sahəsində bu Qanunun
2-ci maddəsində nəzərdə tutulan qanunvericiliyin tələbləri
nəzərə alınmaqla, bütün sahibkarlıq fəaliyyəti
obyektlərinə investisiya qoyuluşuna yol verilir.
2-ci fəsil
İnvestorların
hüquqları və vəzifələri
Maddə 10. İnvestorların hüquqları
10.1.
İnvestorlar aşağıdakı hüquqlara malikdirlər:
10.1.1. investisiya fəaliyyətinin həyata
keçirilməsi formasını, investisiyanın həcmini,
sahibkarlıq fəaliyyəti sahəsini və formasını
sərbəst müəyyənləşdirmək;
10.1.2. investisiya fəaliyyətinin qanunla qadağan
edilməyən maliyyələşmə mənbələrini
sərbəst müəyyənləşdirmək;
10.1.3. bu Qanunun tələbləri və investisiya fəaliyyətinin
həyata keçirilməsinə dair müqavilənin şərtləri
nəzərə alınmaqla, istənilən vaxt investisiya fəaliyyətini
dayandırmaq və ya ona xitam vermək;
10.1.4. investisiya fəaliyyətindən əldə
etdiyi gəlirlərə, istehsal etdiyi mallara,
gördüyü işlərə və göstərdiyi xidmətlərə,
əmlaka, o cümlədən əmlak hüquqlarına və
pul dəyəri olan digər hüquqlara malik olmaq;
10.1.5. investisiya fəaliyyətindən əldə
etdiyi gəlirləri yenidən investisiya etmək;
10.1.6.
xarici investorlara münasibətdə bu Qanunun 14-cü maddəsinə
uyğun olaraq, investisiya fəaliyyətindən əldə
edilən gəlirlərin və digər vəsaitlərin
vergiləri və digər dövlət ödənişlərini
ödədikdən sonra "Valyuta tənzimi haqqında"
Azərbaycan Respublikası Qanununun tələblərinə və
investisiya fəaliyyətinin həyata keçirilməsinə
dair müqaviləyə uyğun olaraq sərbəst dönərli
valyutada və ya digər formada xarici ölkəyə
köçürmək;
10.1.7. dövlət əmlakının özəlləşdirilməsində
iştirak etmək;
10.1.8. dövlət orqanlarından (qurumlarından),
yerli özünüidarəetmə orqanlarından investisiya fəaliyyətinin
həyata keçirilməsi üçün zəruri olan və
açıqlanması qanunla qadağan edilməyən məlumatlar
əldə etmək;
10.1.9. bu Qanunda və investisiya fəaliyyətinin həyata
keçirilməsinə dair müqavilədə nəzərdə
tutulan digər hüquqları həyata keçirmək.
Maddə 11. İnvestorların vəzifələri
11.1.
İnvestorların vəzifələri
aşağıdakılardır:
11.1.1. lisenziya və ya icazə alınması tələb
olunan fəaliyyət növlərini "Lisenziyalar və icazələr
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirmək;
11.1.2. qanunla müəyyən edilmiş vergiləri və
digər dövlət ödənişlərini əməliyyatların
həyata keçirildiyi vaxt qüvvədə olan qanunlara
uyğun olaraq ödəmək;
11.1.3. əhalinin
həyat və sağlamlığının, ətraf
mühitin, tarixi və mədəniyyət abidələrinin
qorunması, şəhərsalma və tikinti sahələrində,
əmək qanunvericiliyinin tələblərinə, texniki təhlükəsizlik,
malların (işlərin, xidmətlərin) təhlükəsizliyi,
yanğın və radiasiya təhlükəsizliyi, habelə
dövlət təhlükəsizliyi sahəsində məcburi
tələblərə əməl etmək;
11.1.4. haqsız rəqabətə yol verməmək,
habelə digər şəxslərin qanunla qorunan hüquq və
mənafelərinə ziyan vurmamaq;
11.1.5. bu Qanunda və investisiya fəaliyyətinin həyata
keçirilməsinə dair müqavilədə nəzərdə
tutulan digər vəzifələrə əməl etmək.
11.2.
İnvestorların üzərinə Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulmayan vəzifələrin
qoyulması qadağandır.
3-cü fəsil
İnvestisiya
fəaliyyətinə dövlət tərəfindən verilən
təminatlar
Maddə 12. İnvestorlara və onların investisiyalarına tətbiq
olunan rejim
12.1.
Dövlət tərəfindən investorların bu Qanunla nəzərdə
tutulmuş hüquq və azadlıqlarının qorunmasına
təminat verilir, investorlara və onların investisiyalarına
qarşı əsassız və ayrı-seçkilik yaradan
münasibət, hədə-qorxu, təqib və
zorakılıq qadağan edilir.
12.2. Bu
Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar vəziyyətlərdə
xarici investorlara və onların investisiyalarına yerli
investorlara və onların investisiyalarına tətbiq edilən
rejimdən az əlverişli olmayan rejim
(milli rejim) tətbiq edilir.
12.3. Bu
Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar vəziyyətlərdə
bir xarici investora və onun investisiyasına digər xarici
investorlara və onların investisiyalarına tətbiq edilən
rejimdən az əlverişli olmayan rejim (ən
əlverişli rejim) tətbiq edilir.
12.4. Bu
Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə
tutulan rejimlərin tətbiqi ayrı-seçkiliyə yol verilməməsi
və qərəzli tətbiq edilməməsi şərtilə
insanların həyat və sağlamlığının, ətraf
mühitin, ictimai asayişin, o
cümlədən mühüm təhlükə yarandığı
hallarda dövlətin təhlükəsizliyinin və iqtisadi
maraqlarının qorunması sahəsində Azərbaycan
Respublikasının qanunlarının tətbiqinə xələl
gətirmir.
Maddə 13. Milliləşdirmə və investisiyanın dövlət
tərəfindən alınmasına qarşı təminat
13.1.
İnvestisiyanın dövlət ehtiyacları
üçün alınması, habelə Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 209-cu maddəsi
ilə nəzərdə tutulan rekvizisiya istisna olmaqla, Azərbaycan
Respublikasının ərazisində investisiyanın və
investisiya qoyuluşunun investorun razılığı olmadan
alınmasına və milliləşdirilməsinə yol
verilmir.
13.2.
İnvestisiyanın milliləşdirilməsi və dövlət
tərəfindən alınması zamanı
ayrı-seçkiliyə yol verilmir.
13.3.
Milliləşdirmə və investisiyanın dövlət tərəfindən
alınması əvəzində investorlara "Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq bu Qanunun 13.4-cü maddəsi nəzərə
alınmaqla kompensasiya ödənilir.
13.4. Bu Qanunun 13.3-cü maddəsinə uyğun olaraq
ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi
və ya dövlət tərəfindən alınmasından və
ya bunların ictimaiyyətə məlum olmasından (hansı
daha tez baş verərsə) sonra bilavasitə əvvəlki
vaxtda investisiyanın ədalətli bazar dəyərinə
uyğun müəyyən olunur və gecikdirilmədən
xarici investisiya üçün sərbəst dönərli
valyutada, yerli investisiya üçün isə investisiyanın
qoyulduğu valyutada ödənilir.
Maddə 14. İnvestisiya gəlirlərinin köçürülməsinə
dair təminatlar
14.1. Bu
Qanunun 14.3-cü maddəsində nəzərdə tutulan hallar
istisna olmaqla, investisiya gəlirlərinin "Valyuta tənzimi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq sərbəst dönərli valyutada Azərbaycan
Respublikasından xaricə təxirə salınmadan və sərbəst
köçürülməsinə təminat verilir.
14.2. Bu
Qanunun 14.1-ci maddəsinə uyğun olaraq xaricə sərbəst
şəkildə köçürülən məbləğlərə
aşağıdakılar daxildir:
14.2.1. mənfəət, dividendlər, faizlər,
royaltilər və digər gəlirlər;
14.2.2. investisiyanın tam və ya qismən
satışından və ya digər şəkildə özgəninkiləşdirilməsindən,
yaxud investisiya fəaliyyətinə tam və ya qismən xitam
verilməsindən irəli gələn qazanc;
14.2.3. kompensasiya və zərərin ödənilməsi
üzrə məbləğlər;
14.2.4. əməkçi miqrantların investisiya ilə
əlaqədar əldə etdikləri qazanc;
14.2.5. bu Qanunla qadağan olunmayan digər ödəmələr.
14.3.
Köçürmələr müflisləşmə və
iflas sahəsində kreditorların hüquqlarının
müdafiəsi, cinayət və ya inzibati məsuliyyətdən
irəli gələn, habelə cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə,
vergi və digər dövlət ödənişlərinin
ödənilməsi, məhkəmə qərarlarının
icrası sahəsində normativ hüquqi aktların tələblərinə
uyğun olaraq ayrı-seçkiliyə və qərəzliliyə
yol verilmədən təxirə salına və ya məhdudlaşdırıla
bilər.
Maddə 15. Mübahisələrin həlli
15.1.
Dövlət orqanları (qurumları) və yerli
özünüidarəetmə orqanları ilə investorlar
arasında investisiya fəaliyyəti ilə əlaqədar
mübahisələr danışıqlar yolu ilə, inzibati
qaydada, tərəflərin qarşılıqlı
razılaşması əsasında məhkəmədən kənar
digər yollarla və ya "Mediasiya haqqında" Azərbaycan
Respublikasının Qanunu nəzərə alınmaqla, Azərbaycan
Respublikasının məhkəmələri vasitəsilə
həll edilə bilər.
15.2. Tərəflər
arasında hər hansı digər razılıq
olmadığı halda, habelə Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
nəzərdə tutulan hüquqi müdafiə vasitələri
bitdikdən sonra Azərbaycan Respublikası və xarici investor
arasında investisiya fəaliyyəti ilə əlaqədar
mübahisəni xarici investor beynəlxalq arbitraja təqdim edə
bilər.
15.3. Azərbaycan Respublikası və xarici dövlətlər
arasında imzalanmış investisiyaların təşviqi və
qarşılıqlı qorunması haqqında ikitərəfli
beynəlxalq sazişlərdə mübahisələrin həlli
ilə bağlı bu maddədə göstərilənlərdən
fərqli qaydalar nəzərdə tutulmuşdursa, beynəlxalq
sazişin müəyyən etdiyi qaydalar tətbiq edilir.
15.4.
İnvestisiya fəaliyyəti ilə əlaqədar mübahisələr
üzrə beynəlxalq arbitrajın qərarları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə
uyğun olaraq tanınır və icra edilir.
Maddə 16. İnvestorlara dəymiş zərərin əvəzinin
ödənilməsi
16.1.
Dövlət orqanlarının (qurumlarının) və yerli
özünüidarəetmə orqanlarının, onların vəzifəli
şəxslərinin qanunsuz qərarları (inzibati aktları)
və hərəkətləri (hərəkətsizliyi) nəticəsində
investorlara dəyən zərərin əvəzi, o cümlədən
əldən çıxmış fayda Azərbaycan
Respublikası və ya müvafiq yerli özünüidarəetmə
orqanı tərəfindən ödənilir.
16.2.
İnvestora dəyən zərərin əvəzinin ödənilməsi
ilə bağlı mübahisələr bu Qanunun 15.1-ci və
15.2-ci maddələrinə uyğun olaraq həll edilir.
Maddə 17. İnvestisiya fəaliyyətinin dayandırılması
və ya ona xitam verilməsi şərtləri
17.1.
İnvestisiya fəaliyyəti investorun öz qərarı ilə
və ya Azərbaycan Respublikasının qanunlarına, habelə
investisiya fəaliyyətinin həyata keçirilməsinə
dair müqavilənin şərtlərinə uyğun olaraq
dayandırılır.
17.2.
İnvestisiya fəaliyyətinə investorun özünün və
ya məhkəmənin qərarı ilə, habelə investisiya
fəaliyyətinin həyata keçirilməsinə dair
müqavilənin şərtlərinə uyğun olaraq xitam
verilir.
17.3.
İnvestisiya fəaliyyətinin dayandırılması və
ya ona xitam verilməsi ilə bağlı mübahisələr
bu Qanunun 15.1-ci və 15.2-ci maddələrinə uyğun olaraq
həll edilir.
4-cü fəsil
Yekun müddəalar
Maddə 18. Bu Qanunun qüvvəyə minməsi
18.1. Bu Qanun qüvvəyə mindiyi gündən "Xarici investisiyanın qorunması haqqında" (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 4, maddə 81, ¹ 7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 226; 2001, ¹ 6, maddə 360, ¹ 11, maddə 683, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddələr 1, 3; 2005, ¹ 8, maddə 684; 2007, ¹ 5, maddə 401, ¹ 10, maddə 938, ¹ 11, maddə 1053; 2010, ¹ 4, maddə 276; 2019, ¹ 1, maddə 26) və "İnvestisiya fəaliyyəti haqqında" (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 17-18, maddə 275; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 360, ¹ 11, maddə 683, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 241, ¹ 12, maddə 709; 2003, ¹ 1, maddə 1; 2004, ¹ 4, maddə 202; 2007, ¹ 10, maddə 938; 2019, ¹ 1, maddə 27, ¹ 6, maddə 993) Azərbaycan Respublikasının qanunları ləğv edilir.
18.2. "Xarici investisiyanın qorunması haqqında" və "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının qüvvədə olduğu zaman investorlara münasibətdə həmin qanunlar əsasında təmin edilən daha əlverişli şərtlər 10 (on) il müddətinə qüvvəsini saxlayır.
Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu
Qanunun tələblərinin pozulmasına görə şəxslər
Azərbaycan Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyırlar.
İlham
Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 iyun
2022-ci il
Azərbaycan.-2022.-
28 iyul.- S.2.