Multikulturalizm Yay Məktəbinin üçüncü günü maraqlı müzakirələrlə yadda qalıb

 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən "Multikulturalizm siyasəti qlobalregional sülhün açarı kimi" adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi Şəkidə öz işini uğurla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Yay Məktəbinin üçüncü günü BBMM-in Tədris şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru İrina Kuninanın "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında" və Mərkəzin Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovun "Azərbaycan multikulturalizminin ədəbi-bədii və fəlsəfi-publisistik qaynaqları" mövzularında mühazirələri dinlənilib.

İrina Kunina əvvəlcə Azərbaycan multikulturalizm modeli haqda layihə iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, bu gün Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib.

Azərbaycan multikulturalizm modelinin geniş təbliğində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini xüsusi vurğulayan İ.Kunina sonra iştirakçıları BBMM-in həyata keçirdiyi layihələrlə tanış edib. Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri, Azərbaycan multikulturalizminin xarici ölkə universitetlərində tədrisi, eləcə də xarici tələbələrin yaratdığı "Azərbaycanın gənc dostları" klubunun işi ilə bağlı mühazirə iştirakçılarda xüsusi maraq oyadıb.

 

Mühazirə sual-cavab və müzakirə şəklində davam etdirilib.

 

Rəşad İlyasovun mühazirəsində isə tarixən Azərbaycanın şair, filosof və publisistlərinin yaradıcılığında multikultural dəyərlər barədə söz açılıb. Qeyd edilib ki, Azərbaycan ədəbiyyatı və düşüncə tarixində multikultural situasiya və tolerantlıq əhvali-ruhiyyəsi çoxşaxəli olub. Mühazirəçi qeyd olunan reallığı arqumentlərlə, faktlarla təqdim edib. Vurğulanıb ki, Azərbaycan multikulturalizminin qloballokal gücü mədəni müxtəlifliyi əks etdirən poetikintellektual mətnlərə dayanır. Mühazirə sual-cavab və müzakirə ilə başa çatıb.

Yay Məktəbinin iştirakçıları günün ikinci yarısında Alban-Udi xristian dini icmasının sədri Robert Mobili ilə görüşüblər. Görüşdə iştirakçılara Azərbaycandakı multikultural mühit, müxtəlif dinlərin nümayəndələrinə göstərilən dövlət dəstəyi, onların öz ayinlərini azad və sərbəst şəkildə yerinə yetirmələri üçün yaradılan şərait və sair barədə məlumat verilib.

Sonra iştirakçılar Qəbələ rayonuna səfər edib, "Tufandağ" istirahət kompleksində olublar.

Bununla da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən "Multikulturalizm siyasəti qlobalregional sülhün açarı kimi" adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin üçüncü günü başa çatıb.

 

Azərbaycan.-2022.- 28 iyul.- S.5.