Şəhid ailələri və Vətən müharibəsi əlillərinin iştirakı ilə hüquqi-maarifləndirici görüş

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı hüquqi maarifləndirmə yönündə görüş keçirib. Tədbir şəhid ailələri və Vətən müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq təşkil edilib.

"Dayaq" Təşkilatından AZƏRTAC-a bildiriblər ki, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, təşkilatın hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, idarə heyəti və fəal üzvləri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri - tanınmış vəkillər Vüsal Səfərov, Murad Mirzəzadə və "Arbitrium" Vəkil Bürosunun əməkdaşları Namiq Bağırov, Nəsimi Cəfərov, Kamilə Raxtari, şəhid ailələri, qazilər hüquqi dinləmədə fəal şəkildə iştirak ediblər.

Görüşdə çıxış edən qurum rəsmiləri dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan söz açıblar.

Natiqlər təəssüf hissi ilə bildiriblər ki, son dövrlər şəhid ailələri və qazi adından sui-istifadə hallarına rast gəlinir. Bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslər tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə laqeydliklə yanaşıldığı müşahidə edilməkdədir. Bu isə ölkəmizdə belə həssas kateqoriyadan olan vətəndaşlarımızın özlərinə qəsdetmə kimi halların baş verməsinə gətirib çıxarır.

Çıxışçılar onu da xüsusi vurğulayıblar ki, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısının alınması üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək istiqamətində hüquqi dinləmələrin keçirilməsi məqsədəuyğundur.

Hər iki qurumun birgə əməkdaşlığı çərçivəsində belə hüquqi görüşün keçirilməsində əsas məqsəd Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhfə verməkdir.

 

Azərbaycan.-2022.- 28 iyul.- S.5.