Prezidentin rəhbər
işçilərdən tələbi sadə, amma qətidir
Qanunlara
əməl etmək, ədalətli olmaq, xalqın
qayğısına qalmaq
Azərbaycan
Prezidenti İlham Əliyev bu günlərdə 3 rayona yeni icra
başçılarını vəzifə təyinatı ilə
bağlı qəbul edərkən dövlətin kadr siyasətinin
əsas istiqamətlərini bircə cümlə ilə belə
çatdırdı: "İlk növbədə rayonlarda vəziyyət
geniş təhlil olunmalıdır, mövcud nöqsanlar
aşkar edilməli və aradan
qaldırılmalıdır".
Ümumiyyətlə, son illər Prezident tərəfindən yeni təyinatlarla bağlı keçirilən bütün qəbullar, bir qayda olaraq, ciddi təhlillər, nöqsanların araşdırılması, kadr siyasətində yeni sinergetik yanaşmanın tətbiqi ilə səciyyələnir. Uğurlar qısaca sadalanır, əsas diqqət isə nöqsanların araşdırılıb həll olunmasına və perspektivlərin təyin edilməsinə yönəldilir.
Bütün ölkə boyu regional inkişaf dövlət proqramlarının icrası nəticəsində böyük quruculuq işləri görülmüş, o cümlədən infrastruktur layihələri icra edilmiş və bununla problemlərin böyük hissəsi həllini tapmışdır. Elektrik enerjisi və təbii qazla təchizat, yol infrastrukturu, suvarma və içməli su layihələri icra edilmiş, hər rayonda müasir xəstəxana və yeni məktəblər inşa olunmuşdur. Dövlət başçısının tələbi yerli rəhbər kadrların yeni çağırışlara cavab vermək qabiliyyətinə malik olmalarıdır. Bu baxımdan Prezident sözügedən qəbulda bəzi kadrlara sərt tənqidi münasibət sərgiləyərək bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini xatırlatması, heç kimin qanundan sığortalanmadığını diqqətə çatdırması təsadüfi deyil: "Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır".
Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə, həyata keçirilən genişmiqyaslı layihələr insanların şüurlarında dönüş yaratmış, xüsusən rəhbər işçiləri daha məsuliyyətli və xalqa daha yaxın olmağa sövq etmişdir. Prezidentə görə, dövlət məmurunun fəaliyyətinin ana xəttini məhz bu keyfiyyətlər təşkil etməlidir: "Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz".
Dövlət başçısı həmçinin yeni təyinat alan icra başçılarının timsalında rəhbər işçiləri fəaliyyətlərində sosial ədalət prinsiplərinə əməl etməyə çağırmışdır. Və bu zaman ilk növbədə şəhid ailələrinə xüsusi diqqət göstərilməsinin vacibliyini vurğulamışdır. "Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir", - deyən Azərbaycan Prezidenti dövlətin göstərdiyi bu diqqət və qayğıkeşliyi yerli icra orqanlarının davam etdirmələrinin zəruruliyini qeyd etmişdir: "Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar".
Həqiqətən, biz qələbəyə
görə şəhidlərimizə, müharibə əlillərinə
və iştirakçılarına borcluyuq.
Azərbaycan Ordusu və
xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Vətən savaşında görünməmiş iradə nümayiş etdirmişdir:
"...biz öz iradəmizi
ortaya qoyduq, heç nəyə baxmadan,
heç kimdən çəkinmədən,
"öldü var, döndü yoxdur" deyərək
torpaqlarımızı azad etdik. Bu, dövlət
siyasətidir və dövlətin gücüdür,
vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da
heç kəs unutmamalıdır ki, azad edilmiş
torpaqlarımıza bayrağımızı sancan
bizim qəhrəman əsgər və
zabitlərimiz olub".
Əgər dövlət başçısı Azərbaycan xalqına və əsgərinə belə yüksək dəyər verirsə, bu o deməkdir ki, hər bir dövlət məmurunun, hər birimizin müqəddəs borcu Prezidentin təyin etdiyi bu meyarları qorumaqdır. Başqa sözlə desək, Azərbaycan əsgərinin qürurunu, mənliyini göylərə bayraq kimi qaldırmaq bütün vəzifə sahiblərinin və hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. "Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax eyni hərəkətlər etməlidir", - deyən Azərbaycan Prezidenti həmçinin qanunun əleyhinə gedən məmurlara qarşı barışmaz mövqe tutduğunu bir daha xatırlatmış, onları məmur nüfuzunu daha şərəflə qorumağa dəvət etmişdir: "Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik".
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2022.- 29 iyul.- S.3.