Kapital qoyuluşunda qeyri-dövlət sektorunun payı yüksəkdir

 

Ölkəmizdə  iqtisadi inkişaf sürətlənir, məhsul istehsalı və ixracı artır, dövlətin gəlirləri çoxalır ki, bu da sabit maliyyə mühitinin yaranmasına müsbət təsir göstərir. Cari ilin yanvar-may aylarında xarici ticarətdə 11 milyard 77 milyon dollar müsbət saldonun yaranması isə ölkəyə daha çox valyutanın daxil olduğunu göstərir.

Gəlirlərin əsas mənbəyi neft-qaz ixracı olsa da, qeyri neft-qaz ixracında da yüksək artım dinamikası müşahidə olunur. Məlumdur ki, bu sahədə əsas rolu sənaye zonaları oynayır. Təkcə Sumqayıt Kimya Sənayesi Parkında 6 ay ərzində ümumilikdə 5,86 milyard manatlıqdan artıq məhsul istehsal olunub ki, bunun da 2,15 milyard manatlıqdan çox hissəsi ixrac edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,5 faiz artıb. Həmin dövrdə ümumi istehsalın 94,2 faizi sənaye məhsullarının istehsalının payına düşüb.

Ölkənin iqtisadi inkişafında müşahidə olunan müsbət dinamikada sərmayə qoyuluşu mühüm rol oynayır. Dövlət Statistika Komitəsinin verdiyi məlumatda qeyd edilir ki, cari ilin yanvar-iyun aylarında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 299,6 milyon manatya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 20,7 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 18,5 faiz artıb. Ümumi sərmayənin 3 milyard 781,3 milyon manatı məhsul istehsalı, 2 milyard 131,2 milyon manatı xidmət obyektlərinin, 387,1 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Ölkədə sahibkarlığın inkişafı kapital qoyuluşunda da özünü göstərir. Belə ki, hesabat dövründə ümumi sərmayənin 54,7 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Yatırılan kapitalın 72,5 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Sərmayə qoyuluşunda daxili mənbələr üstünlük təşkil edib.

Hesabat dövründə əsas kapitala yönəldilən vəsaitdə müəssisə və təşkilatların payı 3 milyard 350,8 milyon, büdcə vəsaitləri 1 milyard 964,8 milyon, əhalinin şəxsi vəsaitləri 476,1 milyon, sair vəsaitlər 317,5 milyon, bank kreditləri isə 190,4 milyon manat olub.    

Əsas kapitala yönəldilən ümumi vəsaitin 44,8 faizi sənaye, 26,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,6 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatlarının inkişafına sərf edilib.

Cari ilin yanvar-iyun aylarında neft-qaz sektoruna 2 milyard 250,1 milyon manat vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilən vəsaitin 9,1 faizindən qeyri neft-qaz sənayesi sahəsində istifadə olunub.

Ölkəmizdəki münbit investisiya mühiti xarici sərmayədarlar üçün də cəlbedicidir. Dünyadakı mürəkkəb siyasiistisadi proseslərə baxmayaraq, Azərbaycana xarici sərmayənin qoyuluşu davam edir. Təkcə hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 606,3 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 94,6 faizi Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, HindistanFransa  sərmayədarlarına məxsus olub.

Cari ilin yanvar-iyun aylarında Bakıda Tədris və Xidmət Kompleksi, "Xanım Fatimeyi Zəhra" məscidinin yeni binası, "Qobu" yarımstansiyası və "Qobu" Elektrik Stansiyası, Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutunun yeni binası, 7 saylı "ASAN xidmət", "Bilim Bakı" mərkəzləri, Sabunçunun Kürdəxanı qəsəbəsində 304 nömrəli tam orta məktəb, şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksi, 110/35/10 kilovoltluq elektrik yarımstansiyası, Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi, Gəncədə Gəncə Dövlət Dram Teatrının yeni binası, həmçinin "ASAN xidmət" mərkəzi, Gəncə Lokomotiv Deposu, Ağcabədidə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi şəhərciyi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Kəlbəcərdə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyası və s. mühüm əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilib.

 

 Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 29 iyul.- S.3.