"QARABAĞ"ın İsveçrə zəfəri

 

Ağdam klubu avrokuboklarda daha bir parlaq səhifə açdı

 

 

 

UEFA Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab qarşılaşması

 

"Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) - 2:2

 

Qollar: Maksim Medvedev, 4-avtoqol (1:0),

 

Kadi Borqes, 50 (1:1), Santini, 90+5 (2:1), Ovusu Kvabena, 98 (2:2)

 

Hakimlər: Allard Lindhout (Niderland)

 

İsveçrə. "Letsiqrund" stadionu.

 

İlk oyun - 2:3

 

"Qarabağ" klubu, onun baş məşqçisi Qurban Qurbanov, sözün əsl mənasında, Azərbaycan futbolunda, onun Avropada sözünü deməsində böyük uğurlara imza atmaqdadır. Klubun UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmasında İsveçrədə "Sürix" komandası ilə 2:2 hesabı ilə oynayaraq iki oyunun nəticəsinə əsasən adını üçüncü mərhələyə yazdırması təqdirəlayiq hadisədir.

Azərbaycan futbol tarixində ardıcıl 9 mövsümdür avrokuboklarda qrup mərhələsini təmin edən (ən azı Konfrans Liqasında qrupda iştirak edəcək) Ağdam klubu bu nailiyyətə  gərgin zəhmət, əzmlə çalışmaq nəticəsində nail olub.

Sürixdə qarşılaşmaya maraq həddindən artıq böyük idi. Oyun da gərgin mübarizə şəraitində keçdi.  Qarşılaşmanın ilk 10 dəqiqəsində Ağdam klubu meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək "Sürix"in oyun qurmasına maneçilik törətmək istəyirdi. Ümumiyyətlə, Ağdam klubunda məşqçilər korpusu ilk oyunda buraxdığı səhvləri təhlil edib nəticə çıxarmışdı. Komandamız çox diqqətli ağıllı oynadı. Topu "Sürix"ə verib mövqe seçimini düzgün etdi, intizamı pozmadı. Lakin gözlənilmədən start həyəcanını üzərindən atmayan kapitan Maksim Medvedev qapıçı ilə anlaşılmazlıq nəticəsində topu öz qapısına vurdu. Bu qol "Qarabağ"a "soyuq duş" kimi təsir etdi. Digər tərəfdən, baş məşqçi Qurban Qurbanov oyun planını dəyişməli oldu. Komandasının topa daha çox sahib olaraq ikinci üçüncü zonada pressinq tətbiq edərək "Sürix"in topu daha sürətli oyuna daxil etməsinə problem yaşatdı. Qarşılaşmanın müəyyən hissələrində bu planın baş tutduğunu qeyd etmək lazımdır.

İsveçrədə 4-3-3 oyun formatı ilə meydançaya çıxan Ağdam klubu ilk oyuna nəzərən müdafiənin arxasına atılan toplarda standart vəziyyətlərdə çox diqqətli oldu.  Daha çox qısa ötürmələrə üstünlük verərək meydançanın mərkəzində "Sürix"li futbolçuları yormağı bacardı. Bununla da qarşılaşmanın əsas vaxtının son 10 dəqiqəsinə kimi  matç tempini aşağı düşürdü oyuna nəzarəti tam ələ almaq imkanı yarandı. Bunun öhdəsindən gəlmək üçün həm toplu, həm topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli idi. "Qarabağ"da Marko Yankoviç boş zonaları çox yaxşı bağladı. Birinci üçüncü zona arasında əlaqəni, balansı yaxşı qorudu.

Ötən matça nisbətən start heyətində tək dəyişiklik Ozobiçin yerinə meydançada Ramil Şeydayevin oynaması idi. Ramil həm hücumda, həm də geri dönüşlərdə boş zonalara vaxtında düşməklə mühüm işlər gördü. İkili mübarizələrdə rəqibə çətin anlar yaşatdı. Şeydayev qol duyumu baxımından Ozobiçdən geri qalsa da, müdafiə olunmada möhtəşəm çıxış etdi.

Görüşün başa çatmasına dəqiqələr qalmış buraxılan qolyekunda matçın əlavə vaxta getməsi "Qarabağ"lı futbolçularda psixoloji düşkünlük yaratmadı. Bu, çox önəmli məqamlardan biri idi. Eyni zamanda Qurban Qurbanov əvvəldən bildirdiyi kimi, geri çəkilərək komandasını müdafiədə oturmağa məcbur etmədi, açıq futbol taktikasına sadiq qaldı. Meydançanın rəqibə aid hissəsində qalaraq rəqibin müdafiədən rahat ötürmə etməsinə problem yaşatdı. Bir sözlə, Qurban Qurbanov ilk oyundan sonra "Sürix"i düzgün təhlil etməklə rəqibə qarşı üstünlük qurmağı bacardı. Abdulla ZubirinOvusunun tez-tez cinahları dəyişməsi "Sürix"in müdafiə xəttində balansın pozulmasına səbəb oldu. Bu boşluqlardan da  istifadə edərək Ovusu görüşdə bərabərlik qoluna imza atdı-2:2.

Xatırladaq ki, qarşılaşmadan əvvəl təhlil apararkən qeyd etmişdik ki, müdafiənin cinahlarında daha sayıq görünən İsveçrə çempionu mərkəzdə heçuğurlu deyil. Çünki matçın müəyyən hissələrində bəzən sağya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmada ciddi problem yaşayırdılar. Vurduğumuz qollar da məhz belə epizodlardan sonra yarandı. Yekunda  "Qarabağ" səbirli, həyəcana yol vermədən "Sürix"i məğlub edib Azərbaycan adına daha bir zəfərə imza atdı.

Onu da qeyd edək ki, niderlandlı baş hakimin xüsusilə ikinci hissə və əlavə vaxtda meydan sahiblərinə simpatiya bəslədiyi açıq-aydın sezilirdi. O, ağdamlılara sarı vərəqə payladığı vaxtda "Sürix"li futbolçunun Yankoviçin sifətinə zərbə endirən  qırmızı vərəqəlik hərəkətini görməməzliyə vurdu.

Vurğulayaq ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibimiz Macarıstan çempionu "Ferentsvaroş"dur. İlk qarşılaşma avqustun 3-də Bakıda, cavab matçı isə bir həftə sonra Budapeştdə oynanılacaq.

Uğurlar, "Qarabağ!"

 

 Elçin CƏFƏROV,