Qalib xalqı təmsil etmək  böyük məsuliyyətdir

 

İdman sahəsində uğurlarımız ildən-ilə artır. Azərbaycan artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilib. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün ölkəmiz beynəlxalq idman ailəsində layiqli yerini tutub. Bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda idman sahəsi də inkişaf etməyə başladı. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva idmanın inkişafına xüsusi diqqət göstərir.

"Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir". Bu sözləri Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə  deyib. Ölkə rəhbəri bildirmişdir ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər: "Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq".

Yunan-Roma güləşi üzrə Rio Olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev dövlətin bu sahəyə yüksək diqqət və qayğısının olduğunu söyləyir: "Həm hazırlıq, həm də beynəlxalq arenalarda çıxış dövründə həmişə cənab Prezidentin idmana olan dəstəyini hiss etmişik. Bunun nəticəsidir ki, idmançılarımız ölkəmizi layiqincə təmsil ediblər. Çempionlarımızın sayı gündən-günə artır. Əminəm ki, bundan sonra da idmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurların sayı artacaq. Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra biz daha da sürətlə inkişafa doğru gedirik".

Azərbaycan yunan-Roma güləşçisi, dünyaAvropa çempionu Eldəniz Əzizli dövlət başçısının son aylarda iki dəfə onları qəbul etdiyini dedi: "Hər kəsə məlumdur ki, cənab Prezident idmana, o cümlədən güləşçilərə xüsusi qayğı göstərir. Bildiyiniz kimi, son aylarda iki dəfə ölkə rəbbəri bizi qəbul edib.  Bu il biz Avropa çempionu olmuşuq. Görüşdə mənə söz verildi. Qazandığımız medallar haqqında danışdım. Prezidentin bizə olan son dərəcə yüksək diqqəti bizi daha da həvəsləndirir. Fəaliyyətimizə yüksək səviyyədə diqqət var. Bu da bizi sevindirir".

 

 

 

Bölgələrdə gənclərin idmana marağı artır

 

Uşaq, yeniyetmə və gənclər arasında fiziki tərbiyə və idmanın təşviqi  gənclər siyasətinin prioritetlərindəndir. Bu məqsədlə bir sıra idman məkanları istifadəyə verilib. Diqqətçəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə olimpiya kompleksləri, stadionlar tikilib və tikilməkdə davam edir.

Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan gəncləri öz intellektlərinə və vətənpərvərliklərinə görə fərqlənirlər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir azərbaycanlı respublikamızın  daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir.

 

 

 

Tarix yazan gəncliyimiz

 

İdmançılarımız beynəlxalq səviyyəli  yarışlarda ölkəmizi qalib xalq kimi təmsil edirlər. 44 günlük Vətən müharibəsi zamanı ön cəbhədə döyüşən qəhrəmanların əksəriyyəti də məhz gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdırlar. Onlar mərdi-mərdanə ağır döyüşlərdə iştirak etdilər, ölkə Prezidentinin "dəmir yumruğ"u ətrafında sıx birləşdilər, bu sınaqdan üzüağ çıxdılar. Gənclər və İdman Nazirliyindən aldığımız məlumata görə, Vətən müharibəsində iştirak edən idmançılardan 321 nəfəri şəhidlik zirvəsinə ucalıb.

Prezident müharibə zamanı xalqa müraciətlərinin birində Azərbaycan gəncinin düşmənə dərs verdiyini bəyan etmişdi: "Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir".

Müharibədə gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Həqiqətən də, bu illər ərzində vətənpərvərlik ruhunda yetişmiş gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərdilər.

Bu gün hər bir azərbaycanlının qarşısında erməni vandalizminin nəticələrini dünyaya göstərmək vəzifəsi dayanır. Bu, çox məsuliyyətli işdir. Dövlətimiz tərəfindən xaricdə təhsil almağa göndərilən gənclər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayırlar. Xaricdə yaşayan azərbaycanlı gənclər vasitəsilə dünya ictimaiyyətinə ölkəmiz haqqında məlumatların çatdırılması prosesi sürətləndirilib. Mərd, qətiyyətli gəncliyimiz bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətə və Vətənə sədaqət nümunəsi olacaqlar.

 

 Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 29 iyul.- S.6.