"Onunla keçən hər gün uzun bir ömrə bərabər idi"

 

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, "Yaşma" taborunun qərargah rəisinin müavini, kəşfiyyatçı, şəhid kapitan Elçin Mübariz oğlu İsmayılov 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. Ailənin ilk övladı olan Elçin 2006-cı ildə orta məktəbi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini əla qiymətlərlə bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlərin təkmilləşdirmə kursuna dinləyici kimi göndərilən Elçin İsmayılov  oranı da yüksək  nəticə ilə başa vurub.

Elçin 2011-ci ilin iyul ayından Ağcabədi rayonunda "N" sayli hərbi hissənin V motoatıcı taborunda taqım komandiri kimi xidmətə başlayıb. Bir müddət qulluq etdikdən sonra komandanlığa raport yazaraq könüllü olaraq XTQ-yə keçmək niyyətində olduğunu bildirib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə qulluq etmək üçün kursa cəlb edilmiş 300 nəfər hərbi qulluqçunun içindən seçim mərhələsinə çıxan 19 nəfərdən biri olub.  Elçin İsmayılov dəfələrlə Türkiyədə hərbi təlimlərdə iştirak edib, sertifikatlar, fəxri fərmanlar və medallarla mükafatlandırılıb.

2012-ci ilin iyul ayının 8-dən XTQ-də xidmətini davam etdirən Elçin İsmayılov "N" saylı hərbi hissədə qrup komandirinin müavini, 2014-cü ilin mart ayında isə elə həmin hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmətini davam etdirib.

Qəhrəman hərbçimiz 2015-ci ilin fevral ayında QazaxAğstafa istiqamətindəki döyüşlərin fəal iştirakçısı olub. 2016-cı ildə Elçin Aprel döyüşlərində Talış kəndi istiqamətində gedən savaşda iştirak edib.

2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində "Special Operations Training" kursunu başa vuraraq sertifikat alıb. 2018-ci ilin iyul ayında Türkiyə Respublikasında "Anadolu Tatbikatı" təlimində iştirak edən Elçin  2019-cu ilin iyul ayında pakistanlı təlimatçılar tərəfindən Giləzi Tədris Mərkəzində keçirilən "Dağlarda döyüş" xüsusi kursunu da uğurla yekunlaşdırıb.

Döyüş yoluna Murovdağ zirvəsinin fəthindən başlayan qərargah rəisinin müavini kapitan Elçin İsmayılov  Cəbrayıl rayonunun işğaldan azad edilməsində xüsusi fəallıq göstərib. Oktyabrın 4-də ilk dəfə Cəbrayılda Azərbaycan bayrağı əfsanəvi qəhrəman kapitan Elçin Mübariz oğlu İsmayılov tərəfindən ucaldılıb.

E.İsmayılovun göstərdiyi rəşadət yüksək qiymətləndirilərək ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə",  "Cəbrayılın azad olunmasına görə" medalları və "Rəşadət" ordeni ilə təltif olunub.

Şəhid kapitanın ömür-gün yoldaşı Sevinc İsmayılova Elçinlə keçən günləri barədə deyir:

- Elçin elə  insan idi ki, onunla bir gün bir yerdə olmaq bütöv bir  ömrü xoşbəxt yaşamaq demək idi. Cəsur idi, qayğıkeş idi.  Sözü bütöv idi. Elçin bu dünyanın adamı deyildi. O, hər şeydən yüksəkdə durmağı bacarırdı. Elçindən ancaq öyrənmək olardı. Onu ilk dəfə görəndə elə zənn etdim ki, ömrü boyu ona tərəf yol gəlirəmmiş... İlk tanışlıqdan ona inandım, etibar etdim... Zaman da göstərdi ki, düz seçim etmişəm. 2012-ci il oktyabrın 7-də  Ucarda toyumuz oldu. Zabitlə ailə qurmayan şərəfli bir zabitin ömür-gün yoldaşı olmağın nə olduğunu bilə bilməz. Ötkəm, bütöv bir kişinin xanımı olmaq xoşbəxtliyini yaşatdı mənə və övladlarımıza. Kəşfiyyatçı idi. Elə olurdu ki, gedib aylarla evə gəlmirdi. Bilirdim ki, Vətən üçün, millət üçün ev-eşiyindən uzaq düşüb. Çalışıram ki, balalarımızı Elçinin adına layiq böyüdüm. Elə də edəcəyəm. Vətən üçün böyüdəcəyəm... Elçin evdə olanda evimizin daşı da, divarı da gülürdü. Hər şey dil açıb danışırdı. Məndən soruşsanız ki, dünyanın ən böyük bayramı, ən gözəl günü hansıdır, çox qısa cavab verərərdim ki,  Elçinli günlərimiz.

Sonuncu dəfə kəşfiyyatdan gələndən sonra 10 gün evdə qaldı. Döyüşə gedəndə dedi ki, Sevinc, hər şeyə hazır ol. Müharibədir, bunun gedişi var, dönüşü yoxdur. Əgər mənə bir şey olsa, uşaqlarımızı mərd böyüt. Onlara de ki, atanız bu həyatda sizi utandıracaq heç bir görməyib. Canını Vətəninə, bayrağına qurban verib ki, siz  qürurla, xoşbəxt yaşaya biləsiniz.

Şəhid kapitan Elçin İsmayılovun döyüş yoldaşı ilə də söhbət etdik. O, Elçin İsmayılovla birgə keçdikləri döyüş yolundan iftixarla danışdı:

- Elçin elə bir yoldaş idi ki, nəinki döyüşmək, onunla birgə ölmək də bizə xoş olardı. Elçin  mənəviyyat adamı idi. Apardığımız müharibənin haqq olduğuna inanırdıq. Birlikdə ilk döyüşümüz Murovda oldu. Çox ağır döyüş keçdi. Hətta ilk döyüş zamanı mühasirəyə düşdük. Elçinin fövqəladə bacarığı sayəsində mühasirəni yarıb çıxdıq.

Murovdağ silsiləsində çox böyük strateji əhimiyyətli zirvəni götürüb, 3-4 gün orada qaldıq, mövqelərimizi möhkəmləndirə bildik. Sonra tapşırıq gəldi ki, Cəbrayıla gedin. Cəbrayılın azad olunmasında da qəhrəmanımızın müstəsna xidmətləri oldu. Oktyabrın 4-də Cəbrayılda Azərbaycan bayrağını ilk dəfə kapitan Elçin İsmayılov qaldırdı.

Biz kənd Horadizin ərazisinə yaxşı bələd idik. Həm də cəmi bir neçə gün öncə bu əraziləri düşməndən təmizləyib, ordu qüvvələrinə təhvil vermişdik və Cəbrayıla kurs götürmüşdük. Hətta biz kənd Horadizdə döyüşərkən qəhrəman komandirimiz Elçin İsmayılov əlbəyaxa döyüş zamanı düşmənin Komanda İdarəetmə Məntəqəsinə girərək, düşmən polkovnikinin sinəsinə çöküb, "Sənə general Polad Həşimovdan salam gətirmişəm" - deyərək onun başını bədənindən ayırmışdı. Biz yenidən həmin əraziyə qayıtmışdıq. Təbii ki, düşmən kəşfiyyatı da işləyirdi. Onlarda da bizim, Elçinin qrupunun orada olması haqqında məlumat var idi. Elçin İsmayılov vəziyyəti öyrənib dərhal tanklara döyüş tapşırığı verdi. Tankın önünə keçərək birbaşa hərəkət istiqamətlərini  və necə edəcəklərini özü müəyyənləşdirdi... Təpənin üstündə görünən ilk 3 düşmən tankı dərhal yerindəcə məhv edildi. Düşmən artıq təlaş içində idi. Elçin çox gözəl işləyirdi... O, döyüşün ustası idi. Verdiyi koordinatlarla "Spayk"larımız düşməni göz açmağa qoymurdu. Elçin bu arada tankın qarşısına keçdi ki, onun gözlüyündən ekipaja növbəti hədəfi vurmaq üçün komanda versin, tanka yol göstərsin. Elə bu anda qəfildən yıxıldığını gördük. Elə zənn etdik ki, tankın atəş zərbəsinin küləyi onu yıxdı. Amma bilirdik ki, Elçini zərbə yıxa bilməz. Onun zərbə mövqeyinə çıxması, çoxdan fürsət gözləyən düşmənə imkan vermişdi ki, cəsur komandirimizi vursun. Düşmən "KORD" snayperi ilə (çapı 12 mm) Elçini düz sinəsindən nişan almışdı.

Elçinin ömür-gün yoldaşı Sevinc İsmayılova:

- Oktyabrın 7-si idi. Saat 4 olardı. Toyumuzun 8 ili tamam olan gün idi. Hazırlıq görmüşdümElə bil birdən Elçinin ətri burnuma gəldi. Dedim bir zəng vurum  halını, əhvalını soruşum. Zəng etdim, zəngimə səsini tanımadığım, yad bir adam cavab verdi. Tez telefonu söndürdüm. Ani olaraq ürəyimdə qəribə hisslər baş qaldırdı. Bunun demək olduğunu anlamağa çalışırdım. Elçin kəşfiyyatçı idi. Dünyasında telefonunu kiməsə verməyəcəyini bilirdim. Əsir düşə biləcəyini ağlıma gətirmədim. Elçini dörd bölüb öldürərdilər,  qədər nəfəsi üstündədirsə, onu əsir almaq mümkün olmazdı. Özünü öldürərdi, amma erməniyə əsir düşməzdi. Təkrar nömrəni yığdım, bu dəfə nömrəsinə zəng çatmadı. Anladım ki, Elçinə bir şey olub. Elə toyumuzun ildönümü günü, xöşbəxtliyimizin, birliyimizin 8-ci ilinin tamam olduğu gün Elçin ruhunu göylərə təslim etdi… Bu an bacım zəng edib, Elçinin yaralandığını dedi. Amma mən anladım ki,  Elçinlə bir cənnətdə görüşə biləcəm...

Şəhidin böyük oğlu Öməri sakit dinləmək olmur:

-Mən atamla fəxr edirəm. Atam bizim xoşbəxt gələcəyimiz üçün öz canından keçib. Biz Yaşmada, kiçik hərbçi mənzilində yaşayırdıq. Atam hərbi formada evimizə gələr, bizi ürəyinin üstə saxlayardı. Yatanda da heç əynindən formasını çıxarmazdı. İşdən  çağırsaydılar,  tez gedə bilsin deyəİndi atam yoxdur.  Kaş sağ olaydı, yenə evimizdə yatdığını görə biləydim. Boynuna sarılıb ona sənin kimi atam olduğu üçün çox xoşbəxtəm deyə biləydim. Atamın başıma sığal çəkən əlini görmək istəyirəm...

Vətən onun yetişdirdiyi igid oğulları, qəhrəman övladları ilə Vətən olur. Elçinlər tökdükəri qanları ilə torpağımızı Vətən, bayrağımızı uca, üzümüzü , başımızı dik etdilər.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 29 iyul.- S.6.