Şərəfli peşəyə xələl gətirənlər

 

Yeni inkişaf dövrünü yaşayan Azərbaycan mətbuatında "reket jurnalist"lərə qarşı mübarizə daha da gücləndirilməlidir

 

 Şərəfli tarixi keçmişi olanbu gün yeni inkişaf dövrünü yaşayan Azərbaycan mətbuatının keçdiyi dövr olduqca zəngin bir inkişaf yoludur.

Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas xəttini təşkil edir. Ölkədə söz, mətbuat, özünüifadə azadlığının təmin edilməsi üçün bütün şərait yaradılıb və hazırda çoxsaylı çap, internet mediasının sərbəst fəaliyyət göstərməsi bunun əyani təzahürüdür.

Ölkəmizdə hər hansı bir media qurumunun, həmçinin xəbər portallarının yaradılması üçün heç bir məhdudiyyət tətbiq edilmir. Bundan əlavə, ölkədə internetdən, sosial şəbəkələrdən geniş istifadə etmək üçün bütün imkanlar yaradılıb. İnsanlar sosial şəbəkələrdə öz fikir və rəylərini sərbəst, rahat şəkildə ifadə edə bilirlər.

Amma təəssüf hissi ilə qeyd etməliyik ki, yaranmış bu imkanlardan sui-istifadə edənlər də mövcuddur. Bəziləri söz, mətbuat azadlığından öz məqsədləri üçün istifadə edib şər-böhtandan da çəkinmirlər. Yəni "reket jurnalistikası" ilə məşğul olanlar şantaja əl atmaqla yanaşı, həm də düşmənə sərf edən uydurma, yalan xəbərlər də yayırlar. Bu proseslər əsasən sosial mediada baş verir. Düzdür, həmin şəxslərə qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülsə də, belə hallar davam edir, bəzən isə bir qədər də intensivləşir.

Bu məsələ ilə bağlı mətbuata açıqlama verən baş prokuror Kamran Əliyev bildirib ki, bəzi jurnalistlər və sosial media istifadəçiləri işin detallarını, incəliklərini bilmədən qəti fikirlər irəli sürürlər. Sanki sosial media istifadəçiləri, bəzi mətbuat orqanlarında çalışan əməkdaşlar özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Onlar mürəkkəb məsələlərə bəzən asanlıqla rəy verirlər.

Ümumiyyətlə, reketçilik fəaliyyəti hədə-qorxu ilə tələb etmək faktını təsdiqləyən hərəkətdir. Bu, jurnalistika ilə heç bir əlaqəsi olmayan, sırf cinayətkar fəaliyyətdir.

Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlikobyektivlik arasında seçimetmə üsuludur. Əsl jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmır və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür. Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezinformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Nədən ki bu "jurnalistlər" müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər.

Həmin şəxslər şər-böhtan atmaqdan, şantaj etməkdən belə çəkinmir, bu vasitə ilə pul qazanmağa can atırlar. Bəzi "media nümayəndələri", "siyasi bloqçular" və sosial media istifadəçiləri isə məsuliyyətsizlik edir, bilərəkdən və ya bilməyərəkdən düşmənə sərf edən hərəkətlərə yol verirlər. Son dövrdə dövlətin atributu olan, 44 günlük Vətən müharibəsində gücünü-qüdrətini dünyaya nümayiş etdirən müzəffər ordumzun haqqında yayılan yalan xəbərlər də bunun bariz təcəssümüdür. Bu da ilk növbədə qanunazidd fəaliyyətdir.

Əlbəttə ki, bu yola əl atanlar qazanc məqsədilə hətta antiazərbaycançı şəbəkəylə də " birliyi" qura bilərlər. Belə olan halda isə Azərbaycanı sevməyən xarici dairələr tərəfindən həmin kanallar vasitəsi ilə ölkəmizə qarşı müxtəlif kampaniyaların aparılması qaçılmaz olar. Bu durumla həmin şəxslər təxribatçı məlumatlarla gündəmin dəyişdirilməsinə cəhdlər edə, aranı qarışdırmağa çalışarlar.

Hüquq-mühafizə orqanlarının belə şəxslərə qarşı ardıcıl ciddi tədbirlər görməsinə baxmayaraq, bəziləri çirkin əməllərindən əl çəkmirlər.  Baş prokuror Kamran Əliyev qeyd edir ki, "reket jurnalistikası" ilə məşğul olan şəxslər məsuliyyətə cəlb olunurlar. Onların barəsində qanunamüvafiq tədbirlər görülür və onların cinayətkar fəaliyyətinin qarşısı alınacaqdır.

Adını jurnalist qoyub bu sahəyə yalnız şantaj yolu ilə pul qazanmağa gələnlərin belə əməlləri ifşa olunmalıdır. Şantaja, böhtan və təhqirə məruz qalan şəxslər də  susmamalı, öz haqlarını qorumaq üçün məhkəmələrə üz tutmalıdırlar. Peşəkar jurnalistika bu cür "jurnalistlər"in ifşa olunmasında hər zaman maraqlı və aktiv olmalıdır. Belə mübarizə aparılarsa, bu şərəfli peşəyə ləkə gətirənlərin sayı getdikcə azalar... Amma mübarizə aparmaq təkcə dövlət və qələm əhlinin deyil, vətəndaş cəmiyyətinin və ayrı-ayrı vətəndaşların da vəzifəsidir. Yalnız bu cür mübarizə effektiv ola bilər.

Baş prokuror Kamran Əliyev hesab edir ki, bu istiqamətdə media orqanları ilə birlikdə tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir. Yəqin ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq. "Reket jurnalistika"ya qarşı mübarizə getdikcə daha da gücləndirilməlidir.

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.1; 6.