Qoşulmama Hərəkatının Gənclər
Şəbəkəsi dünya gəncliyini
bir araya gətirir
BMT-dən sonra dünyanın ən böyük
təşkilatı olan Qoşulmama
Hərəkatına Azərbaycanın rəhbərlik etdiyi dövr bu qurumun fəaliyyətində
inkişaf mərhələsinin əsasını
qoydu.
Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və bu təşəbbüslərin icrası istiqamətində atılan addımlar təşkilatın institusional inkişafına, beynəlxalq nüfuzunun daha da güclənməsinə, proseslərə təsir imkanlarının genişlənməsinə, ölkələrə və ümumilikdə bəşəriyyətə faydalarının artmasına xidmət göstərir. 25 iyul 2022-ci ildə Bakıda 60-dan çox ölkənin təmsilçilərinin iştirakı ilə Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi də bunun göstəricisidir.
60 ildə bir ilk
Azərbaycan Prezidentinin bu təşkilatın fəaliyyəti ilə bağlı ən mühüm təşəbbüsləri sırasında qurumun Parlament Şəbəkəsinin və Gənclər Şəbəkəsinin formalaşdırılması xüsusu yer tutur. Bu ilin 30 iyununda Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edildi və onun Bakı konfransı keçirildi. Qurumun Gənclər Şəbəkəsinin toplantısı isə 2021-ci ilin oktyabrında, hərəkata üzv dövlətlərin gənclər təşkilatlarını təmsil edən 100-dən çox gəncin iştirakı ilə olmuşdu.
Gənclər Şəbəkəsinin əsasının möhkəmləndirilməsi və düzgün istiqamətləndirilməsi üçün təsis toplantısının gündəliyinə bir çox vacib məsələ daxil edilmişdi. 2 gün davam edən təsis toplantısı zamanı iştirakçı gənclər Şəbəkənin gələcək idarəçiliyi və həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparmış, müvafiq qərarlar qəbul etmişdilər. Gənclər Şəbəkəsinə rəhbərliyi Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi başa çatana qədər Azərbaycan nümayəndəsi edəcək.
Bu tədbirin daha bir tarixi əhəmiyyəti ondan ibarət idi ki, Gənclər Şəbəkəsinin təsis olunması Qoşulmama Hərəkatının fəaliyyətinin 60-cı ildönümünə təsadüf edirdi. Gənclər Şəbəkəsinin məhz Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrə təsadüf etməsi üzv dövlətlər tərəfindən ölkəmizin bu mötəbər quruma ən böyük tarixi töhfələrindən biri hesab olunur. Beləliklə, 60 ildən bəri mövcud olan təşkilata 2019-cu ildən başlanmış rəhbərliyi dövründə Azərbaycan qurumun güclənməsi ilə bağlı mahiyyətcə az qala əsrə bərabər işlərə imza atmışdı.
Azərbaycanın təşəbbüsləri
Qoşulmama Hərəkatının institusional inkişafına xidmət edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın Gənclər Şəbəkəsinin yaradılmasına xüsusi əhəmiyyətini Parlament Şəbəkəsinin Bakı konfrasındakı çıxışı zamanı xüsüsi vurğulamışdır: "Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək".
Bəşəriyyətin gələcəyinə xidmət
missiyası
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi Gənclər Şəbəkəsinin yaradılması da tarixi zərurətə, gələcəyə aydın baxışa əsaslanır. Belə ki, təşkilatın hələ 2019-cu ildə Bakıda keçirilmiş Zirvə Görüşündə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları gənclərin davamlı tərəqqisinə nail olmaq istiqamətində qarşılaşdıqları çətinliklər və onların öhdəsindən gələ bilmək üçün birgə və adekvat səylər barədə fikir mübadiləsi aparmağa imkan yaratmaq məqsədilə Hərəkatın Gənclər Şəbəkəsinin yaradılmasına dəstək ifadə etmişlər. Bu da təsadüfi deyildi. Hazırda dünya əhalisi tərkibində gənc nəslin payı bəşər tarixinin heç bir dövründə olmadığı qədər böyükdür. Qoşulmama Hərəkatında 120 ölkə təmsil olunur və dünya gənclərinin təxminən 90 faizə yaxını bu təşkilata üzv dövlətlərin vətəndaşlarıdır. Ölkələrinin Qoşulmama Hərəkatında təmsil olunması bu gənclərə bir-biri ilə sıx əlaqə qurmaq, mütərəqqi ideyalar ətrafında bir araya gəlmək, yenilikçi həll yolları tapmaqla sosial inkişafın aparıcı qüvvəsinə çevrilmək, öz cəmiyyətlərinin inkişafına töhfə vermək imkanı yaradır.
Bu gənclərin problemləri də kifayət qədər böyükdür. Keyfiyyətli təhsil, səhiyyə, layiqli iş imkanı onların böyük əksəriyyəti üçün əlçatan deyil. Müxtəlif sosial problemlər üzündən onların bir qismi çox tez-tez yaşayış yerlərini dəyişmək məcburiyyətində qalır. Bundan başqa irqi, dini, cinsi, sosial-mədəni və digər motivli ayrı-seçkilik halları ilə üzləşir, öz potensialarını reallaşdırmaq üçün lazımi şərait tapa bilmirlər. Bu isə gənclərin imkanlarından səmərəli şəkildə istifadə etməyə imkan vermir. Gənclərin problemlərə həll tapmaq üçün sağlam düşüncə işığında bir araya gəlmələri çox vacibdir. Bu, bəşəriyyətin inkişafı baxımından son dərəcə önəmlidir. Yada salaq ki, "2030-cu ilədək Dayanıqlı İnkişaf gündəliyinin" əsas elementlərindən biri də məhz gənclərin inkişafı və həyatın bütün sferalarında fəal şəkildə iştirakıdır. Bu baxımdan, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması tarixi əhəmiyyətə malik addımdır.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Gənclər Şəbəkəsinin yaradılması və onların müxtəlif formatlarda bir araya gəlməsində məqsəd bu təbəqənin əsaslı şəkildə təşkilatlanması, aydın, nəticəyönümlü baxışla formalaşması, Qoşulmama Hərəkatı gənclərinin öz inkişaflarına dair çağırışlara daha təsirli cavab verə bilməsi, onların birgə ismarıclarının beynəlxalq ictimaiyyətə daha sistemli və təsirli şəkildə çatdırılmasıdır.
Gənclər üçün
yeni imkanlar
Gənclər Şəbəkəsi BMT-nin müvafiq agentlikləri və gənclərlə iş sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlıq imkanlarını genişləndirir. Yeni tərəfdaşlıqların əsasını qoyur. Müxtəlif beynəlxalq forumlarda Qoşulmama Hərəkatı gəncliyinin maraqlarının təmsil olunmasına şərait yaradır. Məlumatlılıq səviyyəsini artırır. Sülh və təhlükəsizliyə qarşı qlobal təhdidlər fonunda gəncləri bəşəriyyətin gələcəyi naminə öz güclərini birləşdirməyə təşviq edir. Bütün bunlar Qoşulmama Hərəkatının da ali missiyasıdır.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə mühüm önəm verdiyi əsas prioritetlərdən biri məhz müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir. 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürərkən çoxtərəfliliyə və Bandunq prinsiplərinə sadiqliyini bəyan etmişdir. 2019-cu ildən bəri keçən tarixi dövr, Azərbaycanın bu təşkilata qazandırdığı nailiyyətlər və bu nailiyyətlərin obyektiv qiyməti kimi ölkəmizin daha bir il müddətdə də Hərəkata sədrlik etməsinə bütün üzv dövlətlərin yekdilliklə səs verməsi bu prinsiplərə sadiqliyimizin sübutudur. Gənclər Şəbəkəsinin formalaşdırılması da təşkilatın çoxtərəflilik məqsədinə xidmət edir. Bu, həm də cəmiyyətin aparıcı qüvvəsini təşkil edən gəncliyin gücünə inam, öz potensiallarını reallaşdıra bilmək üçün onlara yaradılmış imkandır.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan Prezidenti bu şəbəkədə təmsil olunan gənclərin gücünə inanır, onların müasir çağırışlara uyğun birlikdə hərəkət edərək mövcud problemlərə həllər tapacaqlarına ümid edir.
Bu inamı doğrultmaq, mövcud imkanlardan faydalanmaq, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin qlobal miqyasda ən təsirli təşkilatlardan birinə çevrilməsinə nail olmaqdan ötrü Şəbəkənin konsepsiyası da hazırlanıb. Gənclərin Bakı Sammitində isə Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq beynəlxalq simulyasiya konfransı da keçirilib. Sammitin son günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər təşkil olundu. Bu da dünya gəncliyinin Azərbaycanı yaxından tanıması, tariximizi, mədəniyyətimizi, gələcəyə baxışlarımızı öyrənməsi, Vətən müharibəsindəki parlaq Zəfərimizdən sonra regionda yaranmış yeni tarixi reallıqların düzgün dəyərləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Əminik ki, Qoşulmama Hərəkatının gəncləri üzərlərinə götürdükləri missiyanı uğurla yerinə yetirəcək, onlara olan inamı doğruldacaq, bütün dünyada sülhə, dayanıqlı inkişafa, işıqlı ideyaların həyat qazanmasına töhfə verəcəklər.
İradə ƏLİYEVA
Azərbaycan.- 2022.- 30 iyul.- S.1; 3.