Ümumbəşəri
sosial bəla - insan alveri
Azərbaycanda bu problemlə mübarizədə çoxlu tədbir həyata keçirilir,
beynəlxalq əməkdaşlığa töhfələr verilir
Dünyanın inkişaf etmiş əksər ölkəsində dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də insan alverinə qarşı mübarizədir. Günümüzün aktual məsələlərindən olan insan alveri ilə mübarizə istiqamətində müxtəlif ölkələrdə daim qabaqlayıcı tədbirlər görülür.
Təbii ki, dünyanın bir parçası olan Azərbaycanda da insan alverinə qarşı ciddi mübarizə aparılır. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyənləşdirilib. Ölkəmizdə insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edən "İnsan alverinə qarşı mübarizə haqqında" qanun mövcuddur.
Prezident İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı" da təsdiq edilib.
Qurbanların sayı artır
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 18 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Onlar oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsini həyata keçirirlər.
Bu alver zamanı qurbana çevrilənlər gizli şəkildə saxlanılır, daşınır və ya satılır. Məlumatlara görə, son 13 ildə insan alveri sahəsində ən yüksək göstərici qeydə alınıb ki, bunun da illik dövriyyəsi 150 milyard dollar təşkil edir. Dünyada insan alveri qurbanları arasında qadınlar əsas yer tutsa da, bu sırada kişilər də yer alır. Beynəlxalq təşkilatların məruzələrinə əsasən, 2021-ci ildə təxminən 25 milyon insan alveri qurbanı aşkar edilib. Hər 10 qurbandan 5-i yetkin qadınlar və üçdəbiri uşaqlar olub.
İnsan alverinin müxtəlif növləri mövcuddur. Pandemiya dövründə insanların iş yerini itirməsi nəticəsində dünyada məcburi əməyə şərait yaradan hallar artsa da, Azərbaycan üçün məcburi əməklə bağlı cinayət halları xarakterik hesab olunmur. Belə ki, 2021-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 məcburi əmək faktı aşkarlanaraq cinayət işləri başlanılıb və bu istiqamətdə aparılmış araşdırmalarla həmin cinayətdən zərərçəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi müəyyən olunub. Statistikaya əsasən, 2005-2021-ci illərdə aşkar edilmiş 1916 insan alveri cinayətindən yalnız 2,7 faizi (51) məcburi əmək cinayəti ilə bağlı olub. Ötən il Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı 267 şəxsin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilərək hüquq pozuntusuna yol verən işəgötürənlər barəsində 1.339.300 manat cərimə tətbiq olunub.
75 valideyn barəsində
inzibati tənbeh tədbirləri görülüb
Dünyada uşaq əməyinin istismarı halları da daim aktual məsələlərdən biridir. Azərbaycanda 2021-ci ildə ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Nəticədə övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Azərbaycanda insan alveri cinayətləri qeydə alınan ümumi cinayətlərin 0,6 faizini təşkil etsə də, bu sahədə daim mübarizə tədbirləri həyata keçirilir. Maarifləndirmə işləri aparılır, ölkə ərazisindən insan alveri məqsədilə tranzit istifadə edilməsinin və uşaq nikahlarının qarşısının alınması, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa, yaxud himayəyə verilmiş uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının monitorinqi aparılır.
Azərbaycan insan
alveri qurbanlarını daim
diqqətdə saxlayır
Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa da üstünlük verir. İnsan alverinin qarşısının alınması ilə bağlı beynəlxalq ixtisaslaşmış qurumlarla görüşlər keçirilir, təcrübələr öyrənilir. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik hesabatlarında Azərbaycan ardıcıl olaraq 3 ildir ki, ikinci sıra nəzarət ölkələr sırasına aid edilir.
Ölkəmizdə insan alveri qurbanlarının aşkarlanması, onların sosial həyatının yaxşılaşdırılmasına, işlə, sığınacaqla təmin olunmasına, reabilitasiya və reinteqrasiyasına önəm verilir. Zərərçəkənlər daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi müstəvidə aparıldığı son 17 ildə islahatlar, zəruri təşkilati və praktiki tədbirlər həyata keçirilib, qanunvericilik bazası yaradılıb, o cümlədən ölkəmiz insan alverinə qarşı mübarizədə müxtəlif beynəlxalq sənədlərə qoşulub. Bu sənədlər sırasında xüsusi yer tutan BMT-nin 2000-ci il tarixli "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokoluna Azərbaycan 2003-cü ildə, 2005-ci il tarixli Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyaya isə 2010-cu ildə qoşulub.
Ötən il 13 insan alverçisi aşkarlanıb
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin statistikasına əsasən Azərbaycanda 2021-ci ildə insan alveri ilə bağlı 289 cinayət faktı qeydə alınıb. Bu say bir daha göstərir ki, bu sahədə cinayət faktları ötən illərə nisbətən artıb.
Cinayət faktlarından 156-sı insan alveri, 3-ü məcburi əmək, 43-ü insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, 56-sı fahişəliyə cəlbetmə, 3-ü yetkinlik yaşına çatmayanı fahişəliyə cəlbetmə, 19-u əxlaqsızlıq yuvaları ilə bağlı olub. Ötən il respublikamızda 94 qadın, 1 kişi, yəni 95 nəfər insan alverinin qurbanı, insan alverçilərinin sayı isə 13 nəfər olub. Qurbanlardan 74-ü cinsi istismar məqsədilə müxtəlif ölkələrə aparılıb, 1 nəfər ölkə daxilində məcburi əməyə məruz qalıb. Onlardan 5 nəfəri 18-25, 59 nəfəri 25-35, 31 nəfəri isə 35-dən yuxarı yaş həddində olub.
Bu sahədə daim maarifləndirməyə, mübarizə tədbirlərinin görülməsinə baxmayaraq, insan hüquq və azadlıqlarını pozan, beynəlxalq təhlükəsizliyə təhdid yaradan insan alveri transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərindən biri olaraq qalmaqdadır. Beynəlxalq əlaqələrin, gediş-gəlişlərin artdığı, internet şəbəkəsinin genişləndiyi belə bir dövrdə onlayn insan alveri də artmaqdadır.
Təbii ki, belə zərərçəkənlər arasında qadınlar üstünlük təşkil edir. Lakin uşaqlarımızın internetdən istifadəsi də onların aldanmasına, müxtəlif terrorçu təşkilatlara qoşulmasına, narkotik alverçisi və aludəçilərinə, orqan mafiyasının qurbanına çevrilməsinə gətirib çıxarır. Sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətləri tətbiq olunsa da, təbii ki, bu, formal xarakter daşıyır. Valideynlər tərəfindən uşaqlara internetdən istifadə zamanı nəzarətin gücləndirilməsinin əsas faktorlardan biri olmasına baxmayaraq, texnologiyanın inkişaf etdiyi və internetin, demək olar ki, bütün sahələri əhatə etdiyi belə bir vaxtda bu nəzarət bir qədər müşkülə çevrilir. Hər bir halda yaşanan neqativ hallar, müəyyən aldatmalar insanların əsasən hüquqlarını bilməməsindən, məlumatsızlıqdan meydana çıxır. Ona görə də bu sahədə daim maarifləndirmə tədbirlərinə ehtiyac duyulur. Həm orta məktəblərdə, həm kütləvi informasiya vasitələrində bu barədə informasiyalara daha çox yer verilməli, xüsusən yetkinlik yaşına çatmayan şəxslərin bu sahədə bilikləri artırılmalıdır.
Pandemiya dövründə onlayn
insan alveri inkişaf edib
Milli Məclisin İnsan hüquqları komitəsinin
sədri Zahid Oruc qəzetimizə bildirib ki, Azərbaycan
dövləti vətəndaşların
sabit və təhlükəsiz şəraitdə
yaşamasını, cinayət
əməllərindən qorunmasını
təmin edən möhkəm hüquqi bazanı və ictimai-siyasi təməlləri
yaratmağa nail olub, bu sahədə beynəlxalq hüquqi sənədlərə qoşulub.
Onun sözlərinə görə,
bu sənədlər sırasında BMT-nin
"İnsan alverinin,
xüsusən qadın
və uşaq alverinin qarşısının
alınması, aradan qaldırılması və
cəzalandırılması haqqında" Protokolu, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə
haqqında Konvensiyası
xüsusi yer tutur.
Zahid Oruc qeyd edir
ki, Azərbaycan "müasir köləlik"
adlanan və bəşəriyyət adına
utanc gətirən bu cinayətkalıq əməllərinin qarşısını
almaq yönündə
ciddi iradəsini ortaya qoyub və
daim mühüm tədbirlər həyata keçirir: "Dünyada pandemiya
zamanı insan alveri nəinki artıb, onun yeni trendi - "onlayn, kiber insan
alveri" sürətlə
inkişaf edib. Nəticədə yaranan çağırışların
özü insan alverinə qarşı yeni qlobal səyləri
ortaya qoymağı tələb edir".
Qlobal tendensiya ölkəmizdən də
yan keçmir
Komitə
sədri vurğulayır
ki, 2015-ci ildən başlayaraq cinayətlərin
hər il
artması müşahidə
edilir. Bu da
hazırkı dövrdə
qlobal tendensiyanın ölkəmizdən də
yan keçmədiyini
deməyə əsas verir. Bununla yanaşı, faiz
nisbəti ölkəmizdə
vəziyyətin müsbətə
doğru dəyişdiyini
göstərir.
Milli Koordinator və Baş İdarənin müvafiq strukturu tərəfindən ölkəmizdəki
vəziyyətin adekvat təhlili, Azərbaycanda da insan alverinə qarşı ümumdövlət
tədbirləri və
dövlətin müvafiq
hüquq-mühafizə siyasətinin
reallıqda olduğu kimi, tam dolğunluğu ilə əksini tapması beynəlxalq hesabatlarda ölkəmizin
8 il əvvəl tutduğu nisbətən yüksək səviyyəni
qorumasına səbəb
olub. Belə ki, ABŞ Dövlət
Departamentinin insan alverinə qarşı mübarizəyə dair ənənəvi illik hesabatlarında Azərbaycan
ardıcıl olaraq 3 ildir ki, 2-ci sıra/səviyyə ölkələr sırasına
aid edilir. Bu 188 ölkə arasında yaxşı göstəricidir.
Bununla yanaşı, hesab edirik ki, dəyərləndirmənin
hər bir müddəasının təfərrüatlarının
öyrənilməsini, milli
qurumun onlara dair rəsmi, açıq mövqeyini irəli sürməsi məqsədəuyğun olar.
Zahid Oruc Vətən müharibəsinin
və torpaqların işğaldan azad edilməsinin dünyada insan alverinə qarşı mübarizəyə
töhfə olduğunu
xüsusi vurğulayır. Burada mühüm
məsələ Birinci
Qarabağ müharibəsində
itkin düşmüş
4000 vətəndaşımızın taleyi ilə bağlıdır. İtkin düşmüş
və əsirlikdə
olan soydaşlarımızla
bağlı insan alveri sahəsində beynəlxalq qurumların tribunalarından məsələni
daha sistemli qaldırmaq üçün
koordinator bu sahədə dövlət
strukturlarının fəaliyyətini
bir arada təşkil edə bilər.
Komitə sədri bildirir ki, bu sahədə
cinayətlərin fövqəladə
çətinliyi, insan
alverini həyata keçirənlərin yerli
siyasi, sosial, iqtisadi və mədəni xüsusiyyətlərdən,
çətin ayırd
edilən yollardan istifadə etməsi hər kəsə məlumdur. Eyni zamanda məcburi
əmək və uşaq əməyi istismarı ilə bağlı fəaliyyət
formatının yenilənməsi,
qeyri-hökumət təşkilatlarının
bu sahəyə arxayınlıqla yanaşmasını
aradan qaldırmaqla fəallığa təkan
verilməsi təxirəsalınmaz
məsələdir.
Zahid Oruc qeyd edir
ki, "Azərbaycanda
insan alveri qurbanlarının müdafiəsi
və reabilitasiyası
haqqında" qanunun
qəbul edilməsi reytinqlərdə irəliləməmizə
əsas verə bilər: "İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin
internet saytında xəbərlərin
müəyyən bir intensivlikdə yenilənməsi
də ola
bilər. Baş İdarənin bu
həyati vacib sahəni nəzərə
almaqla, sosial şəbəkələrdə aktivliyi kommunikasiya quruculuğuna töhfə
verər, yeni cinayət qurbanlarının
qarşısını alar".
Diqqətli olmaq ən vacib nüansdır
Deyilənlər göstərir ki, insan alverinə qarşı nə qədər güclü tədbirlər görülsə
də, qarşısının
alınması istiqamətində
addımlar atılsa da, bu halları
aradan qaldırmaq mümkün deyil. Xüsusən informasiya texnologiyalarının
inkişafını, demək
olar ki, hər yaş qrupundan, hər təbəqədən olan
insanın internet vasitəsilə
dünyaya çıxışının
mümkünlüyünü nəzərə alaraq belə halların artacağı da gözləniləndir.
Bununla belə,
bu sahədə yalnız maarifləndirmə
tədbirlərini gücləndirərək,
insanları aldanmamağa
çağıraraq, uşaqlara
ciddi nəzarət şəklində belə
faktların sayını
müəyyən qədər
azaltmaq olar. İnsanlar
isə hər bir halda verilən
vədlərin arxasında
pis niyyətlərin olduğu ehtimalını unutmamalı, internet üzərindən
tanış olduqları şəxslər
tərəfindən gələn
"gözəl" təkliflərə
aldanmamalıdırlar.
Əsmər
QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 30 iyul.- S.1; 9.