Qələbəyə hesablanan əzmkar oyun

 

"Neftçi" çətin sınaqdan üzüağ çıxdı

 

İyulun 28-də Azərbaycanın "Neftçi", "Zirə" və "Qəbələ" futbol klubları UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində cavab oyunlarını keçirib.

Bu komandalar arasında yalnız futbolumuzun flaqmanı "Neftçi"nin növbəti tura keçmək ehtimalı yüksək dəyərləndirilirdi. Belə ki, "Zirə" və "Qəbələ" ilk görüşlərində rəqiblərinə 3 top fərqilə uduzmuşpraktiki olaraq üçüncü mərhələyə yüksəlmək şanslarını itirmişdi. Bakılılar isə rəqib meydanında Kiprin "Aris" klubuna 0:2 hesabı ilə məğlub olmuşdu. Bəri başdan deyək ki, Bakıda "Neftçi"  çox çətin sınaqdan üzüağ çıxdı.

"Bakcell Arena"da keçirilən oyunda "Neftçi"nin start heyətində İvan Brkiç, Mamadu Mboc, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa CaberYusuf Laval yer almışdılar.

Kipr təmsilçisinin start heyətində isə meydana Vana, Kaju, Leo Benqtsson, Morqan Braun, Delmiro, Yannik Qomis, Stiv Yaqo, Mixlali Mayambela, Martin Sloqar, Frants BrorssonYulius Syoke çıxmışdılar.

Gözlənildiyi kimi , görüşün ilk dəqiqələrindən hücuma atılmağa çalışan flaqman rəqibin ciddi müqavimətilə rastlaşdı. Fiziki hazırlığı ilə seçilən kiprlilər hücumlarımızın qarşısını asanlıqla kəsir və özləri təhlükəli əks-həmlələr edirdi. Üstəlik, heyətinin az qala yarısını yeniləyən "Neftçi" səfərdəki məğlubiyyətdən sonra böyük təzyiq altında idi. Bu səbəblərdən oyunçular arasında anlaşma lazımi səviyyədə deyilditez-tez top itkiləri olurdu.

Matçın 38-ci dəqiqəsində Qodsvey Donyo fərdi ustalığı hesabına mükəmməl driblinqlə rəqibin müdafiəçilərini çaşbaş salaraq qapıya sərrast zərbə endirdi   hesabı açdı. Demək olar ki, zamanında vurulan bu qol oyunda dönüş nöqtəsi oldu. Belə ki, ikinci hissədə meydan sahibləri daha şən əhvali-ruhiyyədə mübarizə apardı və ilk yarıdakından  fərqli, daha ağıllı və baxımlı futbol nümayiş etdirdi. Bu görüşdə "Neftçi"nin ən yaxşılarından olan Eddi İsrafilovun 57-ci dəqiqədə başla vurduğu ikinci qol bakılıların qurduğu yaxşı kombinasiyanın məntiqi nəticəsi idi. Cəmi 6 dəqiqədən sonra, qonaqlar bu şokdan hələ tam özlərinə gəlməmiş Kenni Sayef təxminən 22 metr məsafədən gözəl zərbə ilə hesabı 3:0 etdi. Bundan sonra flaqman təzyiqi azaltdı və müdafiəyə daha çox diqqət yetirməyə başladı. Oyunun sonlarında qonaqlar azlıqda qaldı. Belə ki, Kipr təmsilçisinin ingiltərəli yarımmüdafiəçisi Morqan Braun 82-ci dəqiqədə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovuldu.

Görüş elə bu hesabla da başa  çatdı. İki oyunun nəticəsinə görə, "Neftçi" klubu UEFA Konfrans Liqasının növbəti mərhələsinə yüksəldi. İlk oyundan sonra "Neftçi"nin rumıniyalı baş məşqçisi Laurensiu Regekampf  mətbuat konfransında bildirmişdi ki, Larnakada göstərilənlər heçonun komandasının səviyyəsi deyil. O vəd vermişdi ki, cavab oyununda  rəqibə daha çox təzyiq ediləcək, komanda daha aqressiv olacaq və "Neftçi" məğlubiyyətin əvəzini artıqlaması ilə çıxacaq. Nəticədə belə də oldu.

Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasının növbəti mərhələsində "Rapid" (Vyana, Avstriya)  klubu ilə üz-üzə gələcək. Beləliklə, "Neftçi"ni daha ciddi rəqiblə yeni sınaq gözləyir. "Rapid" komandasına qarşı ilk oyunun vaxtı müəyyənləşib. Bu komandalar arasındakı ilk qarşılaşma avqustun 4-də Bakıda baş tutacaq."Bakcell Arena"da keçiriləcək  oyuna saat 21:00-da start veriləcək.

 

Tərəflər arasındakı cavab görüşü isə bir həftə sonra avqustun 11-də Vyanada keçiriləcək.

 

 "Zirə" və "Qəbələ"yə gəlincə, onların cütlüyündə, təəssüf ki, hər şey ilk matçlardan sonra həll olunmuşdu. Buna baxmayaraq, hər iki komanda əvvəlcədən təslim olmadan sonadək mübarizə aparmağa çalışıb. "Qəbələ" Macarıstanın  "Fehervar" klubu üzərində minimal hesablı qələbə qazanıb -  2:1. Bu, ölkəmizin klub reytinqinə əlavə xallar gətirsə də, mərhələ adlamaq üçün kifayət etməyib.

"Zirə" səfərdə İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə oynayıb və qapılarını toxunulmaz saxlaya bilib. Bu dəfə Rəşad Sadıxovun yetirmələri daha yaxşı oyun nümayiş etdiriblər. Amma yenə də "Makkabi"nin qapısına yol tapmaq mümkün olmayıb və "Zirə" mübarizəni dayandırmalı olub.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.1; 9.