Yay məktəbinin iştirakçıları Azərbaycan multikulturalizmi barədə məlumatlandırılıb

 

İyulun 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayevlə görüşdə tədbirin moderatoru BBMM-in İcraçı direktoru Rəvan Həsənov “Multikulturalizm siyasəti qlobalregional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçılarını salamlayaraq, layihənin uğurla davam etdiyini vurğulayıb.

Sonra çıxış edən akademik Kamal Abdullayev qonaqlara Azərbaycan multikulturalizminin örnək modelindən, ölkəmizdəki multikultural ənənələrdən və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətdən danışıb. O, Mərkəzin yaranma səbəbləri və ötən 8 ildəki fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı Yay və Qış məktəbləri gerçəkləşdirir. Artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları hər dəfə bu tədbirlərdən öz ölkələrinə zəngin təəssüratlarla qayıdırlar. O, əmin olduğunu vurğulayıb ki, XII Yay Məktəbinin iştirakçıları da Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar.

Sonda görüş iştirakçıları Yay Məktəbi çərçivəsində əldə etdikləri bilik və məlumatları, şahidi olduqları hadisələri və yaşadıqları duyğuları bölüşdülər.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Yay və Qış məktəbləri hazırda dünyanın 24 nüfuzlu ali təhsil ocağında, eləcə də ölkəmizdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunur. Layihənin məqsədi həmin gənclərin nəzəri biliklərini multikulturaltolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahidi olmalarına şərait yaratmaqdır.

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.4.