Prezident İlham Əliyevin göstərişinə
əsasən bölgələrdə vətəndaşların
qəbulu keçirilir
Əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qobustan
rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini
fərdi qaydada qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət ediblər.
Vətəndaşlar qəbul zamanı məşğulluq proqramlarına cəlbedilmə, sosial təminat, əlilliyin qiymətləndirilməsi, mənzillə təminat və s. məsələlərlə əlaqədar müraciət ediblər. Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Nazir Sahil Babayev rayon sakini, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin atası Arif Vəliyevlə də görüşüb. O, şəhid qəhrəmanımızın ailəsinin sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı müraciətlər yerindəcə araşdırılıb və aidiyyəti tədbirlər görülüb. Bir neçə vətəndaşa əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib.
Müraciətlərinə əsasən
ayrı-ayrı şəxslər özünüməşğulluq
proqramı çərçivəsində kiçik
ailə təsərrüfatının yaradılmasına dəstək
verilməsi, peşə hazırlığına cəlb edilmələri,
eləcə də ünvanlı sosial
yardım proqramı ilə əhatə olunmaq
hüquqlarına baxılması, əlilliyin təkrar
qiymətləndirilməsi və s. üçün qeydiyyata
alınıblar.
Azərbaycan.- 2022.- 30 iyul.- S.4.