Şəhid mayorun xatirəsi anılıb

 

Abşeronda "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallarına layiq görülən şəhid mayor Rəhim Hüseynovun  anım günü keçirilib.

Rayon rəhbərliyi, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri İkinci Fəxri xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Ordusunun qəhrəmanlığını özündə əks etdirən sənədli film nümayiş olunub. Çıxış edənlər ölkəmizin gündən-günə güclənməsindən və inkişafından söz açaraq bildiriblər ki, bu gün şəhid ailələri, qazilər dövlətin hərtərəfli qayğıkeşliyi ilə əhatə olunublar.

Sonra şəhid mayor Rəhim Hüseynovun 5 yaşlı oğlu Fikrət zala toplaşanlara əsgər salamı verərək atası ilə fəxr etdiyini bildirib. Şəhid Elşad Həsənovun atası Paşa Həsənov, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətdən danışıblar.

Sonda Xırdalan şəhər 11 illik musiqi məktəbinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər vətənə, qələbəyə aid şeirlər səsləndiriblər.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2022.- 30 iyul.- S.5.