Naxçıvanda
şəhid və qazi
övladlarının iştirakı ilə növbəti “Zəfər
düşərgəsi” təşkil olunub
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları, həmçinin xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti “Zəfər düşərgəsi” təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində iki gün davam edən düşərgənin birinci günündə uşaqların mərkəz ilə tanışlığı olub, çay süfrəsi ətrafında görüş keçirilib.
Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov bildirib ki, müharibədən zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikamızda sistemli və ardıcıl xarakter daşıyır.
Qeyd edilib ki, Vətən müharibəsindən sonra bu tədbirlərin əhatə dairəsi daha da genişləndirilib, tədbirlərdə şəhid və qazi ailələri üzvlərinin iştirakı ənənəvi xarakter alıb. Artıq ikinci dəfədir təşkil edilən “Zəfər düşərgəsi” layihəsi də Vətən müharibəsində əldə edilmiş tarixi Qələbəyə ithaf olunub.
Naxçıvan Muxtar
Respublikasının Həmkarlar İttifaqları
Şurasının sədr müavini Xatirə
İbrahimli vurğulayıb ki, belə layihələr həm də gənclərə
vətənpərvərlik ruhunun
aşılanması və onların bu
istiqamətdə formalaşdırılması
baxımından mühüm əhəmiyyət
kəsb edir.
Düşərgənin ilk gününün davamında Naxçıvan şəhərindən dəvət edilmiş mütəxəssis tərəfindən uşaqlarla psixoloji seans aparılıb, günün ikinci yarısında isə onların vaxtının əyləncəli təşkili məqsədilə müxtəlif oyunlar təşkil olunub. Həmin gün düşərgədə təşkil edilən “İstedadını göstər” adlı yaradıcılıq müsabiqəsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Zəfər düşərgəsi”nin
ikinci günü səhər
idmanı ilə başlayıb və daha sonra Nağıl terapiyası ilə davam etdirilib. Əyləncəli
terapiya növlərindən biri olan bu
reabilitasiya prosesində uşaqlar
milli nağıllarımızın
personajlarını öz
düşüncələri əsasında təsvir edib, mövzu ətrafında
fikirlərini ifadə ediblər. Günün
ikinci yarısında düşərgə
iştirakçıları Naxçıvan şəhərinə
yola salınıb.
Azərbaycan.- 2022.- 30 iyul.- S.5.