Prezidentin Fərmanı Azərbaycan elminin inkişafına təminat
verir
Dördüncü sənaye inqilabının,
süni intellektə əsaslanan informasiya cəmiyyətinin hökm sürdüyü müasir
dövrümüzdə yüksək
elm və texnologiyalar həm bütövlükdə
bəşəriyyətin, həm
də ayrı-ayrı
xalq və dövlətlərin dayanıqlı
inkişafının əsas
hərəkətverici qüvvələri
sırasında ön
yerlərdən birini tutur.
Cəmiyyət həyatının heç
bir sahəsi elmi biliklərin, onlardan qaynaqlanan texnika və texnologiyaların iştirakı
olmadan tərəqqi edə bilməz, bir sıra sektorlar
isə heç mövcud olmaz. O da faktdır ki, doğma Qarabağ torpaqlarının Müzəffər
Ali Baş Komandanın
rəhbərliyi ilə
düşmən tapdağından
azad olunmasında əsgər və zabitlərimizin şücaəti
ilə yanaşı, hərb elminin və texnologiyalarının
ən müasir nailiyyətlərinin mənimsənilməsi,
eləcə də tətbiqi mühüm rol oynamışdır.
Azərbaycan Cənubi Qafqazda və bütövlükdə
ətraf regionlarda özünün dinamik inkişafı, cəmiyyət
həyatının və
iqtisadiyyatın müxtəlif
sahələrində qabaqcıl
mövqeyi ilə seçilir. Bu inkişafın
təhsildə və müxtəlif elm sahələrində
də gözlənilməsi
təbiidir.
Məhz bu baxımdan xarakterikdir ki, son dövrlərdə Azərbaycan
elminin mövcud durumu və gələcək inkişaf
yolları cəmiyyət
arasında geniş müzakirə mövzusu olmaqda davam edir. Əlamətdar haldır ki, bu müzakirələrə
elmlə hər hansı əlaqəsi olub-olmamasından asılı
olmayaraq ölkə ictimaiyyətinin bütün
təbəqələri qoşulmuşdur.
Yəni elmimizin və ölkədə uzun illərin gərgin əməyi sayəsində
formalaşmış elmi
potensialın taleyi hər kəsi maraqlandırmaqdadır.
Onu da xatırladaq ki, Azərbaycanda hakimiyyətdə olduğu
hər iki dövrdə Ulu Öndər özünə
qarşı olan ümumxalq sevgisindən və boyük nüfuzundan istifadə edərək cəmiyyətin
elm və təhsilə,
elmi potensiala münasibətinə məqsədyönlü
şəkildə müsbət
təsir göstərmiş,
Azərbaycanda elmin inkişaf strategiyasının
əsas müddəalarını
və bu müddəaları həyata
keçirmək üçün
lazımi vəzifələri
qəti surətdə
müəyyənləşdirmişdi. Müstəqillik illərində Ulu
Öndərin və onun layiqli davamçısı
Prezident İlham Əliyevin prinsipial mövqeyi, diqqət və qayğısı sayəsində Azərbaycan
elmində bir sıra uğur və nailiyyətlər qazanılmışdır. Lakin bəzi hallarda əldə edilən uğurlar dünyanın müasir çağırışlarına
və dövrün fasiləsiz dəyişən
tələblərinə kifayət
qədər sanballı
cavab verməmişdir.
AMEA-da son illərdə
aparılan struktur, elmi-təşkilati və kadr islahatları isə gözlənilən
nəticələri verməmişdir.
Elmi idarəetmənin
getdikcə daha da deqradasiyaya uğramağa doğru getdiyi belə bir zamanda Ulu
Öndərin akademiyanı
qorumaqla bağlı mövqeyinə sadiq qalmaqla bərabər, Azərbaycan Respublikasında
elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı təcili addımlar atılmasına, müasir
dövrün çağırışlarına
cavab verilməsi, elm-təhsil-iqtisadiyyat zəncirinin real fəaliyyətinin
təmin olunması baxımından ciddi tədbirlər görülməsinə
ehtiyac yaranmışdı.
Məhz
Azərbaycan xalqının
və dövlətinin
taleyüklü problemlərinin
həllində göstərdiyi
qətiyyətli və
ədalətli, eyni zamanda düşünülmüş
və uzaqgörən
qərarları ilə
seçilən Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev ciddi elmi əsaslı
araşdırmaların nəticəsi
olaraq, hər zamankı kimi, məsələlərə yetərli
və vaxtında müdaxilə etmiş,
elm və təhsilin qarşılıqlı əlaqəsinin
möhkəmləndirilməsi və bu sahələrdə
idarəetmənin təkmilləşdirilməsinə
imkan verən, bu istiqamətdəki fəaliyyətlərin gücləndirilməsinə
münbit şərait
yaradan fərman imzalamışdır.
Fikrimcə, bu fərmana münasibət göstərilməsi
zamanı cənab Prezidentin 2003-cü ildə
Azərbaycan Respublikasına
rəhbərlik etməyə
başladıqdan sonra
vətəndaş cəmiyyətinin,
müstəqilliyin və
dövlətçiliyin, milli
təhlükəsizliyin, elm, yüksək texnologiyalar, təhsil və mədəniyyətin inkişafı
ilə bağlı qəbul etdiyi hər bir qərarının,
verdiyi hər bir göstərişinin böyük uğurla nəticələndiyini əsla
yaddan çıxarmaq
olmaz.
Bu gün Azərbaycan
elmi yeni, daha dərin islahatlar və keçid dövrünə
qədəm qoyur. Cənab Prezidentin
diqqət və qayğısına, analoqu
olmayan dövlət dəstəyinə elm və
təhsil sektorunun, elmi ictimaiyyətin də layiqli şəkildə cavab verməsi, Azərbaycan cəmiyyətinin və dövlətçiliyinin yüksəlişi
və inkişafı,
təhlükəsizliyinin təmin
olunması planlarının
gerçəkləşdirilməsində
elmin və elm adamlarının ön sıralarda olmaları dövrün tələbidir.
Qarşıya qoyulan bütün
vəzifələrin öhdəsindən
ən qısa zamanda uğurla gəlmək üçün
elmimiz real potensiala malikdir.
Biz alimlər tam səmimi şəkildə inanırıq
ki, İkinci Qarabağ müharibəsindəki
Şanlı Zəfərin
böyük memarının
qeyd edilən fərmanı da, bütün digər qərarları kimi, uğur qazanacaq, Azərbaycan elminin intensiv inkişafına
real zəmin yaradacaqdır.
İradə
HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik
Azərbaycan.- 2022.- 30 iyul.- S.6.