Xam pambığın satınalma
qiyməti fermerləri qane etmir
Belə getsə,
bu strateji sahəyə
maraq azala bilər
Pambıq bitkisini körpə uşağa oxşadırlar. Deyirlər, körpə uşağa necə diqqət, nəvaziş göstərir, bəsləyirsənsə, pambığa da gərək elə qayğıkeşliklə yanaşasan, əks halda ümidin doğrulmayacaq. Nə isə əlavə etməyə ehtiyac yoxdur, yerinə düşən bənzətmədir.
Pambıq əkib-becərən fermerlər, torpaq mülkiyyətçiləri şumu apardıqdan, çiyidi torpağa səpəndən pambığı yığıb qurtaranadək hər gün sahələrdə olurlar. Toxum cücərib torpaqdan baş qaldırdıqdan sonra bitkinin inkişafına mane olan alaq otları mütləq vaxtında təmizlənməlidir. Bu da kətmənləmə qaydasında görülür. İlkin vaxtlarda, yəni aprel və may aylarında havalar nisbətən sərin keçərsə, bəzi sahələrdə təkrar əkin aparmaq, bir çox sahələrdə tripis-mənənə xəstəliyi yayılarsa, dərmanlama işi həyata keçirmək lazım gəlir. Amma tələsməyin, qarşıda daha vacib işlər var. Cərgələr arasında kultivasiyanı lazım olan vaxtda etməsən, bitkilərin dibi yaxşı yumşaldılmadığından onlar inkişafdan qalacaq. Suvarma isə daha mühüm şərtdir. Belə bir deyim də var: "Pambığın ayağı suda, başı günəşdə olmalıdır". Bu mənada onun suyunu gecikdirsən, bitki gücdən düşərək üstündəki bar orqanlarını - gül-darağı buraxacaqdır. Eləcə də yemləmə gübrəsi vaxtında, lazım olduğu qədərində və qaydasında verilməlidir. Kollar üstündə əmələ gələn bar orqanlarını, qozaları sovka adlı həşəratın yeyərək məhv etməsi təhlükəsi də hər an gözlənilir. Bu zaman kollar sovkaya qarşı dərmanlanmalıdır. Bu və digər tədbirlər kompleks becərməyə daxil olan aqrotexniki şərtlərdir. Kompleks becərmə isə bitkinin inkişaf fazalarına uyğun tətbiq edilməlidir. Vegetasiya dövründə kompleks becərmənin 4-5, bəzən 6 dəfə aparılması lazım gəlir. Nəhayət, pambıq yetişəndən sonra kolların dərmanlanaraq yarpağının tökülməsi və məhsulun yığılması, habelə təhvil verilməsi prosesinin başa çatması ilə fermer, mülkiyyətçi mövsümi işini tamamlayır.
Sadalanan bu işlərin hər biri ağır, gərgin zəhmət tələb edir. Hər hansı aqrotexniki tədbir vaxtında görülmədikdə əkinçi hövsələdən çıxır, əsəbiləşir. Xüsusən su qıtlığı pambıqçının ən yaralı yeridir. Üstəgəl, bütün bu işlərin qızmar günəş altında, 35-40, bəzən 42 dərəcə istidə görüldüyünü düşündükdə pambığın -"ağ qızıl" adlı məhsulun hansı zəhmətlər bahasına başa gəldiyini təsəvvür etmək çətin deyil.
Heç şübhəsiz ki, belə zəhmətin əvəzində pambıq əkinçisini qazancı maraqlandırmalıdır. Təxminən 5-6 il öncə pambıq əkənlər yaxşı qazanc əldə edirdilər. Bu da onunla bağlı idi ki, şirkətlərin fermerlər üçün gördüyü işlərin qiyməti indikinə nisbətən aşağı idi. Məsələn, 2020-ci illə 2022-ci illərin qiymət fərqini Neftçala rayonu üzrə nəzərdən keçirək: 1 hektar üçün 1-ci şumun qaldırılması 2020-ci ildə 33 manatdan 2022-ci ildə 40, müvafiq qaydada mala çəkmək 16 manatdan 18, çiyid səpini 12 manatdan 15, kultivasiya 14 manatdan 16 manata qaldırılmışdır. Digər işlərin görülməsində də artım var. Pambığın maşınla yığılmasındakı fərqin bu il 1-ci növ üçün 650 manat əvəzinə 750, 2-ci növ üzrə 630 manat əvəzinə 730, 3-cü növə görə 590 manat əvəzinə 690, 4-cü növ üçün 550 manat əvəzinə 650 manat olacağı gözlənilir. Təbii ki, bu artımlar təkcə Neftçala rayonu üzrə deyil. Pambıqçılıqla məşğul olan digər rayonlarda da vəziyyət aşağı-yuxarı eynidir.
Bəs xam
pambığın satınalma qiymətində necə,
artım varmı? Demək olmaz ki, yoxdur,
var. Pambıq istehsalı
ilə məşğul
olan şirkətlər
tərəfindən son illər
qiymət iki dəfə hər kiloqrama görə 5 qəpik artırılaraq
75 qəpiyə çatdırılmışdır. Amma artan
xərclər nəticəsində
pambığın maya
dəyərinin yüksəlməsi
ilə müqayisədə
bu, çox azdır və o üzdən torpaq mülkiyyətçilərini, fermerləri razı salmır.
Oqtay Səmədov, Salyan rayonunun Kürqaraqaşlı
kənd sakini, fermer:
- Ağlım kəsəndən
pambıq sahəsində
olmuşam. Hələ orta məktəbdə
oxuyarkən yay aylarında kəndimizdəki
kolxozun pambıq tarlalarında müxtəlif
işlər görərdik.
Orta məktəbi bitirib Salyan Kənd Təsərrüfatı Texnikumunun
Mexanizasiya şöbəsinə
daxil oldum. Oranı bitirdikdən sonra kolxozda mütəxəssis
kimi əmək fəaliyyətinə başladım.
Müxtəlif sahələrdə çalışdım. Sovet hökuməti
dağılandan sonra bir müddət işsiz qaldım. Nəhayət, 1996-cı ildən torpaq islahatında aldığım pay torpağını
becərməyə başladım.
Vaxt keçdikcə əlavə
torpaqlar da alıb təsərrüfatımı
genişləndirdim, taxıl,
yonca, bostan-tərəvəz
əkib-becərdim. Amma pambıqçılığı
heç vaxt yaddan çıxarmadım.
Çünki pambıq sərfəli
olmaqla bərabər, həm də digər bitkilər üçün yaxşı
sələfdir, torpağı
safa çıxarır.
İki il
bundan əvvələdək
pambığın qiyməti
bizim üçün
qaneedici idi. Lakin son bir-iki ildir ki,
pambığın maya
dəyəri artıb.
Düzdür, pambığın
satınalma qiymətini
iki dəfə 5 qəpik-5
qəpik artırıblar,
ancaq bu azdır. Pambığın kiloqramının qiyməti ən azı 1 manat olmalıdır.
Zabit Dadaşov, Neftçala rayonunun Qaralı kənd sakini, torpaq mülkiyyətçisi:
- Pambıqçılıq çətin
işdir. Gərək diqqətin həmişə
üstündə olsun.
Bütün aqrotexniki tədbirləri
vaxtında və keyfiyyətlə görməsən,
yüksək məhsul
götürmək mümkün
deyil. Son iki ildə su
ilə bağlı yaranan problemlər işimizə xeyli ziyan vurub. Pambığı da gərək
vaxtında suvarasan, yoxsa kolların üstündəki bar məhv
olub gedir. Builki işləri indiyə kimi birtəhər yola vermişik. Ancaq son 15-20 gündə Kür çayında suyun azalması işlərimizə
yenidən əngəl
törədib. Kürdə su
azalanda, Xəzərin
şor suyu Kürə daxil olur. Şor su ilə isə pambığı suvarmaq mümkün deyil, çünki bitkilər yanır, torpaq şorlaşır.
Belə olan halda hətta
qoyduğun xərci götürmək mümkün
olmur. Pambığın becərmə işlərinin
bahalaşması da işlərimizi çətinləşdirib.
Bu cür davam etsə, gələn il pambıq
əkənlərin sayı
azala bilər.
Lətif
Cəfərov, Biləsuvar
rayonunun Təzəkənd
kənd sakini, fermer:
- Yaşım 85-i adlayıb.
70 ilə yaxındır
pambıqçılıqla məşğulam. Sovet
quruluşu dağılandan
sonra - 1990-cı illərdə
çox adam
pambıqdan üz döndərəndə mən
onu əkib-becərdim.
Buna görə də mənə hətta "pambıq Məcnunu" deyirlər.
Pambığı boş yerdən
sevmirəm. Qazanc
gətirən bitkidir,
camaat üçün
iş yeridir. Həm də dövlətə lazımdır, nahaq yerə ona strateji
məhsul demirlər.
Gəl ki, çox zəhmət tələb edir. Gərək uşaq kimi
qayğısına qalasan.
İndiki zamanda hamını
gəlir maraqlandırır.
Keçən ilə qədər
müqavilə bağladığım
"MKT" MMC-də görülən
işlərin qiyməti
bizə sərf edirdi. Lakin bu il qiymətlər hər sahədə birdən-birə
artıb. Baxaq görək mövsümün
sonunda necə olacaq.
Hazırda ölkəmizdə pambıq istehsalı və emalı ilə, əsasən, "MKT-İK" MMC, "P-Aqro" MMC və "Azərpambıq" MMC məşğul olur. Bir neçə xarici və yerli sahibkar da bu sahə üzrə yeni şirkətlər yaradırlar. Bu, yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması baxımından təqdirəlayiqdir. Lakin şirkətlər arasında rəqabət, demək olar ki, hiss olunmur. Onların hər birində istehsal və alış qiymətləri, demək olar ki, eynidir. Bu yerdə qeyd edək ki, xam pambıqdan alınan mahlıcın və digər məhsulların qiymətləri dünya bazarında son illər əhəmiyyətli dərəcədə bahalaşmışdır. Bahalaşmayan pambığı yetişdirən əkinçinin əməyinə verilən qiymətdir. Bu səbəbdən adlarını çəkdiyimiz şirkətlər, Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqədar qurumlar öz qərarlarını verməlidirlər. Axı pambıq yığımının başlanmasına çox vaxt qalmayıb.
Seyran
CAVADOV
Azərbaycan.-
2022.- 30 iyul.- S.8.